Qazaxıstanlı rektor:”ADNSU-nun təcrübəsindən yararlanmaq istəyirik və geniş platformada əməkdaşlıqda maraqlıyıq”

Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.

 

İki ali təhsil müəssisəsinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstanın  ölkəmizdəki səfirinin müşaviri Sayan Kulzhanov, Atırau Neft və Qaz Universitetinin əməkdaşı, Sənaye komitəsinin üzvü Fuad Hacıyev, həmçinin ADNSU-nun prorektorları – dosentlər Qasım Məmmədov, Rafiq Camalov və beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova iştirak ediblər.

 

Görüş zamanı hər iki universitetin imkanlarından və təhsildə qazandığı yeniliklərdən, perspektiv layihələrdən bəhs olunub. Rektor, professor M.Babanlı qonaqlara ADNSU-da hazırda təhsil sahəsində əldə olunan nailiyyətlər, görüləcək işlər, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan uğurlar və universitetin beynəlxalq əlaqələri  haqqında məlumat verib.

 

Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova təmsil etdiyi ali təhsil müəssisəsi haqqında, oradakı tədris prosesi, gerçəkləşdirilən layihələr barədə danışıb. G.Şakulikova qeyd edib ki, neft-qaz sahəsində ADNSU və onun yetişdirdiyi kadrlar dünyada tanınır:”Biz bu təhsil müəssisənin təcrübəsindən yararlanmaq istəyirik və geniş platformada əməkdaşlıqda maraqlıyıq”.

 

Söhbət zamanı həmçinin, mübadilə proqramlarının tətbiqi, iki universitet arasında ortaq layihələrin icra olunması, gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 



03.08.2022 | 10:29