BDU və Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ imzalayıblar.  

 

İmzalanma mərasimində rektor E.Babayev milli, mənəvi, tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bildirib. Vurğulayıb ki, iki ölkə arasında münasibətlər dünyaya nümunə olmaqla bərabər, bütün səviyyələrdə ən yüksələn xətlə inkişaf edir. E.Babayev BDU-nun fəaliyyətində Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə əlaqələrə xüsusi önəm verildiyini, Yozqat Bozok Universiteti ilə imzalanan müqavilənin bu əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini qeyd edib.  

 

Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ isə Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə əməkdaşlıq müqaviləsinin imzalanmasının xüsusi önəm daşıdığını nəzərə çatdırıb. Bildirib ki, iki universitetin həyata keçirəcəyi ortaq layihələr Azərbaycan və Türkiyə arasında elm, təhsil sahəsində bağları daha da möhkəmləndirəcək.  

 

Müqaviləyə əsasən, BDU və Yozqat Bozok Universiteti təlim-tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlər keçirəcək, ortaq akademik proqramlar, tədris planları və sillabuslar hazırlayacaq. İki universitet arasında birgə elmi tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ təhsilalanların, akademik heyət və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.  

 

 



03.08.2022 | 15:14