I və IV ixtisas qrupları üzrə imtahanların nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

DİM-dən bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 25340 abituriyentdən (I qrup üzrə 21278 nəfər, IV qrup üzrə 4062 nəfər) 468 nəfəri (I qrup üzrə 414 nəfər, IV qrup üzrə 54 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib. İmtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

 

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

 

İmtahanlarda 400 bal toplayan şagirdlərin oxuduqları məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

 



03.08.2022 | 17:09