Yüksək nəticə göstərən məzun

I ixtisas qrupu üzrə yüksək nəticə göstərən şagirdlərdən biri də Nihat Əlizadədir. O, fizika fənnindən 27 test tapşırığını doğru cavablandırıb və ümumilikdə 596 bal toplayaraq böyük uğura imza atıb. Nihat I qrup görmə məhdudiyyətlidir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat Məktəbində təhsil alıb. Nihat öz hədəfinə doğru yol alarkən göstərdiyi səyi, əzmi haqqında “Azərbaycan müəllimi”nə danışdı:

 

İlk olaraq onu qeyd edim ki, 9-cu sinifdə oxuyanda qəti qərarımı verdim ki, I qrupa hazırlaşacağam. Bunu riyaziyyat və fizika fənninə olan sevgim ilə əlaqələndirirəm. Çox çalışırdım, hər şeyi vaxtında edirdim, qeydlər aparırdım, nəzəri biliklərimi artırırdım. Qəbul imtahanına 2 il qalmış hazırlığa getməyə başladım. Bununla da öyrəndiklərimi daha da təkmilləşdirdim. Mənə ən çox motivasiya verən biliklərim, özüməinamım idi. Buna görə də, yüksək nəticə əldə etdim. Seçim olaraq BDU-nun “Riyaziyyat” ixtisasını seçməyi düşünürəm. Gələcəklə bağlı planlarım çoxdur. Əsas məqsədim beynəlxalq arenada tanınmaqdır. Əldə etdiyim biliklərimi gələcəyə ötürmək, riyaziyyat elmində  yeniliklər yaratmaq, ən əsası isə beynəlxalq səviyyədə riyaziyyatçı olmaqdır.

 

Eyni zamanda, o bildirir ki, hər bir uğurun başında məqsəd dayanır. Məqsədim güclü olduğu üçün planlarımı həyata keçirəcəyimə böyük inamım var. Öz yaşıdlarına da ilk olaraq bunu arzulayır.

 

5 nömrəli Respublika İnternat Məktəbinin direktoru İradə Vəzirova qeyd edir ki, Nihat həmişə nizam-intizamı, məqsədyönlülüyü ilə fərqlənib. İstəyinə doğru addımlayan, çalışqan şagird olub. İstər dərs saatlarında, istərsə də dərsdən sonra müəllimləri ilə ünsiyyətdə olub, ona qaranlıq qalan mövzuları, həlli gərəkən məsələləri müzakirə edib, həll yolunu axtarıb. O, həmçinin bildirib ki, imtahandan sonra belə riyaziyyatdan cavablandıra bilmədiyi sualları məktəbə gələrək Həmidə müəlliminə göstərib, düzgün həlli yollarını öyrənib. Amma bunu hər bir şagird eləmir. Nihat elmdə dəqiqliyi sevəndir. Mənim ondan gözləntilərim yüksəkdir. Ən əsası isə inanıram ki, riyaziyyat elminə yeniliklər gətirəcək, dünyada tanınacaqdır. Nihatın uğuru bunu bir daha sübut edir ki, elm sərhəd tanımır. Heç bir fiziki məhdudiyyət təhsil almağa, maariflənməyə əngəl deyil.

 

Nihat da daxil olmaqla, müvəffəqiyyət əldə edən hər bir məzunu təbrik edir, gələcək təhsillərində uğurlar arzulayırıq.

 

Tünzalə QULİYEVA

 



05.08.2022 | 10:22