Peşə təhsilində yeni hədəflər

Bu həftə peşə təhsili sahəsində hərəkətlilik artıb. Belə ki, avqustun ilk günündən peşə təhsili müəssisələrinə elektron tələbə qəbuluna start verilib, 22 rayonda direktor, 28 rayonda isə direktor müavinlərinin, həmçinin 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyaları üçün peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu imtahanları keçirilib.

 

Geniş müzakirə olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasında növbəti addımlar atılıb.

 

Əmək bazarının tələblərinə cavab verən peşə təhsili

 

2030-cu ilədək Azərbaycanda “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nin bərqərar olacağını vəd edən yeni sənəddə peşə təhsilində də növbəti dönəm üçün əhəmiyyətli tədbirlər planlaşdırılıb, bütövlükdə təhsilin, o cümlədən peşə təhsilinin məqsədi müəyyənləşdirilib. “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”də təhsil məsələləri sıralanıb. “Milli Prioritet 3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkani” başlığı altında verilən təsvirdə “XXI əsrin tələblərinə uyğun təhsil” əsas hədəf olaraq müəyyənləşdirilib. Geriyə qalır məqsədə doğru hərəkət. Yeni Strategiyada bir hərəkət planı da var. Məsələn, peşə təhsili pilləsində əsas fəaliyyət istiqaməti olaraq əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması nəzərdə tutulub.

 

Peşə təhsillilərin sayı artacaq…

 

Hər il peşə təhsili müəssisələrinə üz tutanların sayı artır.  4 gündür peşə təhsili müəssisələrinə qəbul başlayıb və artıq 7134 nəfər qeydiyyatdan keçərək müxtəlif peşə ixtisasları arasında seçim edib. Prosesin avqustun 12-dək davam edəcəyini nəzərə alsaq, rəqəmlərin dəfələrlə artacağını təsəvvür etmək çətin deyil.

 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na görə, peşə təhsili müəssisələrinə qəbul olunanların sayının 17140 tələbəyə çatdırılacağı hədəflənib. Bu da sənədin əhatə etdiyi dövr ərzində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayının 11000 nəfər, yəni 50 faiz artması deməkdir. Yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayının da artacağı gözləniləndir.

 

Artıq bir neçə ildir başlayan artım dinamikası bu il də davam edir.Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov məlumat verib. Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə qəbul planında 10 faiz artım nəzərdə tutulub. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə qəbul planında artım ötən illə müqayisədə 12 faiz təşkil edib. Ödənişli ixtisaslar üzrə də qəbul planı artırılıb.

 

C.Kərəmov 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacağını deyib. Bu il peşə təhsili üzrə 5 yeni ixtisas əlavə edilib. Bunlardan 2-si yüksək-texniki, 3-ü isə texniki peşə ixtisasıdır. Ceyhun Kərəmovun sözlərinə görə, hər il 15 yeni ixtisasın peşə təhsilinə qəbula salınması nəzərdə tutulur: “İxtisasartırma və təlimlərlə əmək bazarının tələbatının ödənilməsi əsas prioritetdir”.

 

Strategiyaya görə, peşə təhsilinin əhatəsinin genişləndirilməsi və məzmununun yaxşılaşdırılmasına dair təkliflərin həyata keçirilməsi nəticəsində peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisi artacaq. Bu dinamika yüksək texniki peşə təhsili alanların sayında da özünü göstərəcək. Məsələn, ötən tədris ilində yüksək texniki peşə təhsili verən ixtisaslar üzrə 860 tələbə qəbulu aparılmışdısa, bu il həmin ixtisaslar üzrə 880 plan yeri ayrılıb. Yeni tədris ili üçün 21 ixtisas üzrə qəbul həyata keçiriləcək. Yüksək texniki peşə təhsili üzrə qəbul 10 şəhər və rayonda həyata keçirilir. Bakı, Sumqayıt, Şəki, Qəbələ, İsmayıllı, Gəncə, Bərdə, Cəlilabad və Lənkərandakı peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili verilir.

 

Müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzləri yaradılacaq

 

Göründüyü kimi, yüksək texniki peşə təhsili müasir təminatlı və yeni məzmun əsasında yaradılan peşə təhsili müəssisələrində təşkil edilir. Yüksək texniki peşə təhsili almaq istəyənlərin sayının artması, öz növbəsində müasir peşə təhsili müəssisələrinə yenilərinin əlavə olunmasını zəruri edir.

 

İndiyədək peşə təhsili alanların 45 faizi Bakıdakı peşə təhsili müəssisələrinin hesabına olub. Ancaq bundan sonrakı mərhələdə peşə təhsillilərin sayı bütün ölkə coğrafiyasını əhatə edən təhsil müəssisələri sayəsində artacaq. Belə ki, müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzləri ayrı-ayrı rayonlarda yaradılacaq. Növbəti illərdə 8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması planlaşdırılıb. Bu hədəfə doğru fəaliyyət isə artıq çoxdan başlayıb. Bakıda, Qəbələdə, Bərdədə, Cəlilabadda müasir təminatlı və yeni məzmun əsasında peşə təhsili müəssisələri açılıb. Sumqayıtda sənaye və İT yönündə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində iş aparılır. Füzuli şəhərində yeni müasir tipli peşə təhsil mərkəzinin bünövrəsi qoyulub. C.Kərəmovun sözlərinə görə, növbəti il Lənkəranda yeni peşə təhsili müəssisəsinin açılması planlaşdırılır. Bir çox digər rayonlarda da peşə təhsili müəssisələrinin fəaliyyəti üçün zəmin hazırlanır.

 

Müasir təhsil müəssisələri, sadəcə infrastrukturuna görə yox, həm də yeni məzmunlu təhsil proqramları ilə fərqlənəcək. Yeni strategiya peşə təhsili üzrə əmək bazarının tələblərinə cavab verən və nəticə əsaslı təhsil proqramlarının (kurikulumların) hazırlanması, bu prosesə işəgötürənlərin və sahibkarların cəlb edilməsi, hər il 15 nəticəəsaslı təhsil proqramının tətbiqini nəzərdə tutur.

 

Yeni Strategiyanın əhatə etdiyi dövrün sonuna 15000 nəfərin qısamüddətli ixtisasartırma təhsil proqramlarına cəlbi planlaşdırılıb.

 

Uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşməsi sisteminə keçirilməsi, dövrün sonuna yeni maliyyələşmənin əhatə etdiyi təhsilalanların sayının 12000 nəfərə çatdırılması nəzərdə tutulub.

 

Ruhiyyə DAŞSALAHLI

 



05.08.2022 | 12:29