BMU-nun professor-müəllim heyəti İNHA Universitetinin Süni İntellekt Mərkəzində olub

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti Cənubi Koreyanın İNHA Universitetinin Süni İntellekt Mərkəzi (Aİ) və onun Data Mərkəzi ilə tanış olub. Sözügedən mərkəzlərlə tanışlıq BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində İNHA Universitetində təşkil olunan təlimlərin üçüncü həftəsində baş tutub.

 

Təlim iştirakçılarına mərkəzlərdə məlumatlar bazasının yaradılması, emalı, saxlanılması, həmçinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ətraflı informasiyalar çatdırılıb. Bununla yanaşı, BMU müəllimləri mərkəzlərin Koreyanın müxtəlif sənaye sirkətləri ilə gördüyü işlər və layihələr haqda məlumatlandırılıblar.

 

Süni İntellekt Mərkəzi və Aİ-nin Data Mərkəzinin fəaliyyəti, infrastrukturu, idarəedilməsi və iş prinsipləri ilə tanışlıqdan sonra təlimlər “Verilənlər bazası”, “Rəqəmsal inteqral sxem dizaynı”, “Tamamlayıcı metal-oksid-yarımkeçirici (CMOS) və dizaynı” mövzuları üzrə davam etdirilib.

 

BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində baş tutan təlimlərdə universitetin İnformasiya texnologiyaları ixtisasının 7 nəfərdən ibarət professor-müəllim heyəti iştirak edir. 6 həftəlik təlimlərin sonuncu günü avqustun 19-u müəyyənləşdirilib. Məqsəd bu müddət ərzində qarşılıqlı təcrübə mübadiləsi yolu ilə professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, həmçinin onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə nail olmaqdır.

 

 



08.08.2022 | 16:39