AMEA-nın prezidenti Kuba səfiri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

 

Akademik Akif Əlizadə qonağa Akademiyanın yaranma tarixi və AMEA-nın prioritet elmi istiqamətlərdə fəaliyyətindən danışıb. Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrəndən doktoranların həmin mərkəzlərdə təcrübə keçdiyi səfirin diqqətinə çatdırılıb.

           

Səfir Alfredo Nieves Portuondo səmimi qəbula görə minnətdarlığını bildirib. Diplomat  ölkəsinin tarixi, coğrafi mövqeyi, elm və təhsil sahəsindəki uğurları və mədəniyyəti barədə geniş məlumat verib. Ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb.

           

Səfir ölkəsinin səhiyyə sahəsində uğurları ilə dünyada məşhur olduğunu bildirib. Qeyd edib ki, Kubanın müvafiq elmi instituları ilə tibb və biotexnologiya sahəsində əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

           

Vaxtilə neft-qaz sahəsində Azərbaycanın geniş təcrübəsindən faydalanmaq məqsədilə kubalı tələbələrin Azərbaycana təhsil almaq üçün gəldiyini deyən diplomat, hazırda onların öz ölkəsində bu sahəyə peşəkar kadr kimi böyük töhfələr verdiyini də söyləyib.

 

Görüşdə tərəflər arasında müxtəlif elmi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

 

AMEA prezidenti Kuba ilə elmi əlaqələrin artırılmasına, eləcə də biotexnologiya sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Səfir isə öz növbəsində diplomatik fəaliyyəti dövründə AMEA ilə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Tərəflər, həmçinin, hər iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyini vuğulayıblar.

 

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.



10.09.2018 | 17:34