Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir

2022-2023-cü tədris ilində Dual Təhsil Proqramının əhatə dairəsinin genişləndirilərək, müxtəlif istiqamətlər üzrə 9 regionda, 15 peşə təhsil müəssisəsində, ümumilikdə 46 qrupda tətbiqi nəzərdə tutulur. Proqrama turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 25 ixtisas üzrə 50-dən çox qabaqcıl işəgötürən müəssisə cəlb olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Dual Təhsil Proqramının tətbiqinin genişləndirilməsində əsas məqsəd müxtəlif sahələrdən olan peşəkarlarla birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

 

Dual Təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır.

 

Proqram müddətində tələbələr ilk 1 ay ərzində peşə təhsil müəssisəsində nəzəri biliklər əldə edirlər. II aydan etibarən isə həftədə 3 gün olmaqla, peşə təhsil müəssisəsində nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər. Tədris ilinin aprel ayından başlayaraq, praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdirilir. Mövsümlüyü nəzərə alaraq, kənd təsərrüfatı istiqamətinin bəzi ixtisaslarında tədris fərqli intensivlikdə tətbiq edilə bilər.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi Dual Təhsil Proqramının tətbiqi zamanı müxtəlif istiqamətlər üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra edilən“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Dövlət Turizm Agentliyi, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bürosu, həmçinin Almaniyanın "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V." təşkilatı ilə əməkdaşlıq edir.

 

 

 



09.08.2022 | 15:28