Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb

2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə elektron tələbə qəbulu prosesinə dünən yekun vurulub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, 1 avqust tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 22016 nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48% çox olduğunu göstərir.

 

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

 

Müsabiqənin nəticələrinin 20 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

 

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 30 avqust – 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

 

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb.

 

 



13.08.2022 | 13:11