Səfir: Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq

Yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.

 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ölkəmizdə Beynəlxalq Maarif məktəblərinin fəaliyyətə başlaması münasibətilə təşkil olunan tədbirdəki çıxışında bu barədə məlumat verib.

 

Bunu Azərbaycanın insan kapitalına yatırdığı investisiya kimi dəyərləndirdiklərini qeyd edən səfir bildirib: “Məktəblərin açılışı yaxın günlərdə baş tutacaq. Dörd tədris binasından ibarət təhsil müəssisəsində 300-350 şagirdin təhsil alması nəzərdə tutulub. Artıq şagirdlərin qeydiyyatı prosesinə başlanılıb. Məktəbdə müasir infrastruktur yaradılıb”.

 

Diplomat qeyd edib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən, məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində əsas fənlərlə yanaşı, dərsdənkənar məşğələlər də təşkil olunacaq.

 

“Təhsil müəssisəsində Azərbaycan, Türkiyə və xarici və ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab edilir. Türk dilində bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil almaq imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur", - deyə C.Bağçı əlavə edib.

 

Azərtac

 

 



29.08.2022 | 15:40