BDU ilə Bilecik Şeyx Edabalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Bilecik Şeyx Edabalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Bilecik Şeyx Edabalı Universitetinin rektoru Şükrü Beydemir imzalayıb.

 

Rektor E.Babayev qonağa Azərbaycanın ən böyük və ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti haqqında məlumat verib. Qeyd edib ki, 24 mindən artıq tələbəyə və 1500-dən çox professor-müəllim heyətinə malik ali məktəbdə 16 fakültə, Qazax filialı, bir kollec, bir lisey, iki elmi-tədqiqat institutu fəaliyyət göstərir. Son illər həyata keçirilən islahatlar nəticəsində BDU-nun Hirş indeksi 52-yə çatıb. Hazırda “Web of Science” bazasına ölkə üzrə daxil edilən məqalələrin 25, ali məktəblər arasında isə 40 faizi BDU-nun alimlərinə məxsusdur. Rektor qonağa BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyəti, burada həyata keçirilən layihə və tədqiqatlar barədə də məlumat verib.

 

E.Babayev BDU ilə Türkiyənin ali məktəbləri arasında əlaqələrin genişləndiyini, son günlər qardaş ölkənin bir neçə universiteti ilə əməkdaşlıq müqavilələrinin imzalandığını və müxtəlif istiqamətlərdə ortaq layihələr həyata keçiriləcəyini bildirib. O, Bilecik Şeyx Edabalı Universiteti ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.

 

Bilecik Şeyx Edabalı Universitetinin rektoru Şükrü Beydemir də iki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın məhsuldar və faydalı olacağını bildirib. O, təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyini qeyd edib.

 

Memorandum BDU ilə Bilecik Şeyx Edabalı Universitetinin akademik struktur bölmələrində (fakültǝ, institut, kollec, lisey və s.) aparılan təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə birgə fəaliyyəti, konfrans, sərgi, seminar, simpoziumların, qısamüddətli kurs, təlim və qarşılıqlı maraq doğuran sahələrdə digər tədbirlərin təşkili və keçirilməsini, əqli mülkiyyət hüquqları qorunmaqla elmi açıq informasiya və nəşrlərin mübadiləsini, elmi jurnallarda birgə nəşrləri, akademik proqramların, tədris planlarının və sillabusların təkmilləşdirilməsi üzrə fəaliyyəti, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsini, magistratura və doktorantura dərəcələri üzrə birgə rəhbərlik istiqamətində əməkdaşlığı nəzərdə tutur.

 

 



30.08.2022 | 17:36