Yeni Dövlət Proqramının İLKLƏRİ

Bu gənclər xaricdə təhsil alacaqlar. Söhbət “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilində xaricdə təhsil almaq hüququ qazanan ilklərimizdən gedir.  Təqaüd qazanan tələbələrimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində  bakalavriat və magistratura səviyyələrində təhsil almaq imkanı qazanıblar. Onlara bu şansı dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş adıçəkilən Dövlət Proqramı yaradır. Dövlət Proqramını  ölkə Prezidentinin gənclərə göstərdiyi  xüsusi diqqətinin növbəti  təzahürü kimi qiymətləndirən həmsöhbətimiz olan tələbələr təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.

 

“Azərbaycanın ilk onlayn universitetinin qurucularından olmaq istəyirəm”

 

Nicat Osmanlı:

 

- “Queen Mary University of  London”  ali təhsil müəssisəsində Maliyyə və mühasibatlıq  ixtisası üzrə magistraturada təhsilimi davam etdirəcəyəm. Xaricdə təhsillə bağlı artıq müəyyən təcrübəm var. Belə ki, mən bakalavriatura təhsilimi Hökumətlərarası Təqaüd Proqramları  (HTP) çərçivəsində Macarıstanın Budapeşt şəhərində almışam. 

 

Adımı qəbul olunanlar siyahısında görəndə təbii ki, sevindim. Mənim üçün Dövlət Proqramına qəbul olmaq  böyük məsuliyyətdir. Bütün gözləntiləri doğrultmaq və təhsilimə ayrılan investisiyanı düzgün şəkildə qaytarmaq üçün  bacarıqlı və peşəkar mütəxəssis kimi Vətənimə dönmək istəyirəm.

 

Avropa mədəniyyəti və düşüncə tərzi ilə artıq tanışam. Düşünürəm ki, İngiltərə yeni dünyaya daha yaxındır  və mənim  kritik və biznesyönümlü düşüncə tərzinə yiyələnməyimə böyük təsir göstərəcək.

 

Dövlət Proqramı mənə London kimi bahalı şəhərdə yaşamağıma, təhsil xərclərini düşünmədən dünya səviyyəli təhsil almağıma və ölkəyə geri qayıtdıqda iş dünyasında daha reputasiyalı kadr olmağıma şərait yaradacaq.

 

Yaxın gələcək üçün hədəflərim praktiki və akademik biliklərimi təkmilləşdirməkdir. Uzun dövrdə isə Azərbaycanın ilk onlayn universitetinin qurucularından olmaq istəyirəm.

 

“Olimpiadalarda əldə etdiyim uğurlar Sinqapurda təhsil almağımı  əlçatan etdi”

 

 

Məhsəti Piriyeva:

 

- Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri  Fizika, riyaziyyat və informatika təmayüllü liseyi  xüsusi nailiyyətlərlə başa vuraraq    qızıl nişanla təltif olunmuşam.  Məktəbdə oxuduğum illərdə respublika və beynəlxalq olimpiadalarda  qızıl, gümüş və bürünc medallar qazanmışam. Məhz bu bilik yarışlarında uğur qazandıqdan sonra qərara gəldim ki, ali təhsilimi  xaricdə alım. Sağ olsun  dövlətimiz ki, mənə bu arzumu reallaşdırmağa imkan yaratdı. Bakalavriat səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olundum. Seçimim Sinqapur  Nanyanq Texnologiyalar Universitetində Kimya mühəndisliyi ixtisası oldu. Dövlət Proqramı təqaüdçüsü olacağıma əmin idim. Belə ki, qaydalar açıqlandıqda bakalavriat səviyyəsi üzrə  ayrılan yerlərdə beynəlxalq olimpiadada  medal qazanmış  şagirdlərə üstünlük veriləcəyi qeyd olunmuşdu. Və bu üstünlük mənə qəbul şansımın daha çox olduğunu göstərirdi. Xaricdə ali təhsil almaq arzuma çatdığım üçün sevinirəm. Bilirsiniz ki, xarici ölkələrdəki nüfuzlu  universitetlərin bir çoxunda illik təhsil haqqı yüksək olur və bu təqaüdü qazanmağım  mənə Sinqapurda təhsil almağımı  əlçatan etdi.

 

Bu Proqramın  mənim kimi bir çox  gəncin xarici ölkələrin yüksək təhsili ilə seçilən ali məktəblərində keyfiyyətli təhsil almaq arzusunun gerçəkləşməsində  əvəzsiz rolu var.

 

 

“Proqram gənclərin üzünə xəyal etdikləri universitetlərin qapılarını açır”

 

 

Toğrul Əlibəyov:

 

- Belçikanın  “KU Leuven” Universitetinin bakalavriat səviyyəsi üzrə Mühəndislik texnologiyaları ixtisasında  təhsil alacağam. Xaricdə təhsil almaq istəyimin arxasında seçdiyim  mühəndislik texnologiyaları ixtisasını dünya standartlarına uyğun tədris edən universitetdə öyrənməkdir. Xaricdə təhsil peşəkar mühəndis olmağımla yanaşı, yeni dostlar  qazanmağıma, əlaqələrimin genişlənməsinə də fürsət yaradacaq.

 

Dövlət Proqramı mənə maddi problemləri  fikirləşmədən dərslərimə fokuslanmağa imkan verəcək. Eyni zamanda mənim üzərimə gələcəkdə Azərbaycana qayıdıb öyrəndiyim bilikləri, qazanacağım bacarıqları  tətbiq etmək kimi mühüm bir vəzifə qoyur. Ən əsası, bu proqram  gənclərin üzünə  xəyal etdikləri universitetlərin  qapılarını  açır. Xaricdə təhsil almaq gənclərin böyük əksəriyyətinin arzusudur, amma reallıq budur ki, ailələrin  heç də hamısının maddi durumları bu arzunu reallaşdırmağa imkan vermir. Bu baxımdan, Dövlət Proqramı həmin gənclər üçün böyük şansdır.

 

 

 

“İctimai səhiyyə ilə bağlı xaricdə təhsil almaq əsas hədəfim idi”

 

Əsmər Kərimli: 

 

- London Kral Kollecinə  İctimai səhiyyə ixtisası üzrə magistraturaya qəbul olunmuşam. Bu sahədə çalışdığım illər ərzində işimlə əlaqədar ünsiyyətdə olduğum müxtəlif  beynəlxalq  ekspertlərlə etdiyim  fikir mübadilələri, təmsil etdikləri ölkələrindəki  səhiyyə sahəsində tətbiq olunan islahatlar, son illərin ən aktual ictimai səhiyyə problemi olan  COVID-19 pandemiyası  ictimai səhiyyə ilə bağlı xaricdə təhsil almağı  əsas hədəfimə çevirdi.

 

Etiraf edim ki, ictimai səhiyyə sahəsində olan iş təcrübəmə  və akademik göstəricilərimə dayanaraq,  elə ilk gündən təqaüdü qazanacağıma çox ümidli idim. Adımı  təqaüdü qazananlar siyahısında görəndə hədsiz sevinc hissi yaşadım və birinci olaraq bu xoş xəbəri  mənə böyük dəstək olan ailəm və dostlarımla paylaşdım.

 

Xaricdə təhsil almaq mənə nə verəcək?  Son illər COVID-19 pandemiyası bir daha sübut etdi ki, ictimai səhiyyə təşəbbüslərini uğurla idarə etmək böyük bilik və təcrübə  tələb edir. Xaricdə ictimai səhiyyə sahəsində təhsil almaq mənə nəzəri biliklərlərlə yanaşı, praktik olaraq digər ölkələrdə ictimai səhiyyə idarəsinin necə işlədiyini görmək imkanı yaradacaq. Dövlət Proqramı çərçivəsində ictimai səhiyyə sahəsində alacağım magistratura təhsilinin  bu istiqamətdə daha da  təkmilləşərək mütəxəssis olmağımda böyük rol oynayacağından əminəm.

 

Əsas hədəfim ictimai səhiyyə mütəxəssisi olaraq əhaliyə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi istiqamətində işimi davam etdirmək və bu sahədə ölkəmizdə  tədqiqatlar aparmaqdır.

 

Dövlət Proqramı bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradır.

 

“Bir çox akademik təşkilatlara rəhbərlik edən Edinburqu təhsil yoluma əlavə etdim”

 

Nicat  İsaxanlı:

 

- Böyük Britaniyanın  Edinburq Universitetində Maliyyə ixtisası üzrə magistraturada  təhsil alacağam.  Bir çox yoldaşlarım  xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsillərini artıq  başa vuraraq  geri qayıdıblar və aldıqları təhsil sayəsində karyeralarında yüksəliblər. Bakı Mühəndislik Universitetində bakalavriat  təhsili almış bir gənc olaraq xaricdə alacağım  təhsilimin  də özünəməxsus tərəflərini onunla birləşdirərək gələcək iş həyatıma tətbiq etmək istəyirəm.

 

Təqaüdünü qazandığım Edinburq Universiteti “QS Dünya Universitetlərinın Reytinq” sıralamasında  15, “Times Higher Education” reytinqində isə 29-cu yerdədir. Şübhəsiz ki, digər reytinqli universitetlərə də müraciət etdiyimdə akademik nəticələrimə güvənirdim. Onların arasında isə seçim etmək çətin idi, sonda bir çox akademik təşkilatlara rəhbərlik edən  Edinburqu  təhsil yoluma əlavə etdim. Mənim üçün ən önəmli məsələ, təhsil alacağım universitetdə öz ixtisasım üzrə yeni  bilgilər əldə etmək,  müəyyən təcrübə toplamaqdır. Böyük Britaniyadakı təhsilim zamanı öyrənəcəyim  nəzəri və praktiki bilikləri ölkəmə qayıtdıqdan sonra tətbiq etməyi planlaşdırıram. Ümid edirəm ki, bu biliklərimlə Azərbaycanın müxtəlif sahələrində yeniliklər edə, digər gənclərə də dəstək ola bilərəm.  Gələcək hədəflərimi özüm üçün artıq müəyyənləşdirmişəm.

 

Elm və təhsil naziri Emin Əmrullayevin  biz gənclərlə görüşü çox xoş oldu. Nazir sualı olan hər bir gənci dinlədi, bizlərə tövsiyələrini, xaricdə təhsillə bağlı öz şəxsi təcrübəsindən çıxış edərək faydalı məsləhətlər verdi.

 

Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağımıza belə imkan və şərait yaradıldığına görə ölkə rəhbərliyinə təşəkkür edirəm.

 

Samirə KƏRİMOVA

 



02.09.2022 | 10:26