Elm və təhsil bir-birini tamamlayacaq

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ölkənin elm və təhsil nümayəndələri tərəfindən rəğbətlə qarşılanmaqdadır. Sənəd istər yeni dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində hərtərəfli inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

 

Fərmana əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılması, həmçinin elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə, təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi, istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin  Nazirliyə həvalə edilməsi və digər vacib müddəalar elm və təhsilin inteqrasiyasına, son nəticədə isə  hər iki sahənin inkişafına hədəflənib. 

 

Fərmanla bağlı  fikirlərini bölüşən  ADA Universitetinin Beynəlxalq və ictimai münasibətlər fakültəsinin dekanı, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru  Anar Vəliyev  bu dəyişikliklərin,  atılan islahatyönümlü addımların ilk növbədə Azərbaycanda elm və təhsilin bir-birini tamamlayacağını düşünür: “Dünyanın bir çox ölkələrində, istər Almaniya olsun, istər Amerikada elm və təhsil eyni sahədirlər. Bunun səbəbi odur ki, elm institutları çalışırlar ki, təhsil versinlər. Biz isə sovet dövründən qalan sistemdə elmi sırf kənara qoymuşduq. Elm və təhsil eyni səviyyədə inkişaf etmirdi. Məhz bu Fərman elmi təhsilə qaytarır və ümid edirik ki, elmin təhsillə olan harmoniyası bütövlükdə təhsilin inkişafına və keyfiyyətinin artırılmasında mühüm rol oynayacaqdır”.

 

Anar müəllimin sözlərinə görə, sənəddə adları qeyd olunan elmi müəssisələrin Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ölkəmizdə fəaliyyət göstərən universitetlərin elmi potensialının artmasına imkan və şərait yaradacaq.  Universitetlər elmi müəssisələr ilə  əlaqəli şəkildə fəaliyyət göstərərək tələbələr yetişdirəcəklər. Belə bir əməkdaşlıq həmçinin tələbələrin inkişafına və onların gələcək elmi işçi kimi  formalaşmasına çox kömək edəcək: “Eyni zamanda deyə bilərəm ki, şəxsən özüm fikirlərimi, məqalələrimdəki ideyaların 90 faizini tələbələrimdən alıram. Bu, o deməkdir ki, elmi işçi  həmişə tələbələrlə işləməli, daim ünsiyyətdə olmalıdır.

 

Fərman universitet tələbələrinin, dissertant və doktorantların bir sıra elmi müəssisələrin zəngin laboratoriyalarından istifadəsinin əlçatanlığını təmin etməklə bərabər,  həmçinin elmi potensialdan düzgün və səmərəli şəkildə  istifadəyə imkan verəcək. Düşünürəm ki,  Fərman həmçinin tələbələrin elmə marağının artırılmasında, onlarda elmi  tədqiqatçılıq bacarıqlarının formalaşmasında mühüm  əhəmiyyətə malikdir. Elm sahəsində çalışanların tələbələrə daha da yaxınlaşması, onlarla quracaqları səmərəli əməkdaşlıq  bütövlükdə Azərbaycanın elm və təhsilinə öz töhfəsini verəcəkdir”.

 

Samirə KƏRİMOVA  



02.09.2022 | 11:21