ADNSU-nun əməkdaşları “2-ci ENAI Academic Integrity” layihəsində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının müəllim və doktorantları- Nəbi İskəndərov, Elmin Bağışov Türkiyə Respublikasının Çanaqqala şəhərinin Çanakkale Onsekiz Mart Universitetində həyata keçirilən “2-ci ENAI Academic Integrity” layihəsində iştirak ediblər.

 

Xüsusilə akademik dürüstlüklə maraqlanan tədqiqatçıları hədəf alan layihə Türkiyənin Çanakkale Onsekiz Mart Universiteti Akademik Dürüstlük Mərkəzi, xarici ölkələrə məxsus bir neçə təhsil mərkəzinin yaxından iştirakı və Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyinin sponsorluğu ilə, COMU Akademik Dürüstlük Mərkəzinin təsisçi direktoru Dr. Salim Razinin rəhbərliyi ilə təşkil olunub.

 

Layihəyə Türkiyə, İordaniya, Böyük Britaniya, Banqladeş və s. kimi dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılıb.

 

Layihə hər gün iki sessiya olmaqla, yerli vaxtla səhər saat 10:00-dan 13:00-dək, gündüzlər isə saat 14:00-dan 17:00-dək davam edib. Sessiyalar həm nəzəri anlayışları, həm də praktiki bacarıqları əhatə etməyə yönəlib. Sessiyalar zamanı interaktiv və birgə müzakirələri özündə əks etdirən akademik dürüstlüklə bağlı 10 mövzuya toxunulub. Hər sessiya sənayedən olan mütəxəssislər tərəfindən idarə edilib. Sessiyalar  zamanı Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin və digər xarici universitetlərin təcrübəli mütəxəssisləri bilik və bacarıqlarını iştirakçılarla bölüşüb. Layihə çərçivəsində ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının əməkdaşları və doktorantları N.İskəndərov, E.Bağışovun təqdimatında “Improving metrological support of temperature measurement” seminarı həyata keçirilib və professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib.

 

Layihə ərzində akademik hissədən başqa, iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. Tədbirin ilk günündə Dardanos Kampusunda qarşılama tədbiri həyata keçirilib, Çanaqqala şəhidləri abidəsi ziyarət edilib, növbəti günlərdə isə COMU Konservatoriyası üzvlərinin mini konserti və dərvişlərin səma mərasimi olub.

 

Bu barədə ADNSU-dan bildirilib.

 

 



05.09.2022 | 10:20