ATU alimlərinin elmi tədqiqatı Avropa Antropoloqlar Assosiasiyasının 22-ci Konqresində təqdim olunub

Litvanın Vilnüs Universitetində Avropa Antropoloqlar Assosiasiyasının 22-ci Konqresi keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları - Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova və Radiologiya kafedrasının dosenti Rasim Bayramov birgə elmi işlə iştirak ediblər.

 

Universitetdən bildirilib ki, adlarıçəkilən alimlərin “Facial soft tissue thicknesses in Azerbaijan adults: variability and specificity” (“Azərbaycanda böyüklərdə üz yumşaq toxumasının qalınlığı: dəyişkənlik və spesifiklik”) adlı tədqiqatı bir çox elmi işlər arasından çıxış üçün seçilib.

 

Azərbaycan əhalisinin üzünün yumşaq toxumasının qalınlığının tədqiqi bir il ərzində ATU-nun Tədris Cərrahiyyə Klinikasının bazasında aparılıb. Görülən işlər nəticəsində üz-çənə, plastik cərrahlar, eləcə də ortodontlar tərəfindən müalicənin planlaşdırılması, habelə məhkəmə-tibb ekspertləri və hüquq-mühafizə orqanları tərəfindən şəxslərin müəyyən edilməsi üçün zəruri olan müvafiq məlumat bankı yaradılıb. Bu məlumat bankı Azərbaycanda bir ilkdir və yumşaq toxumaların qalınlığını üç yaş qrupu üzrə 24 antropometrik bənd üzrə əks etdirir. Tədqiqat paranazal sinusların iltihabi xəstəlikləri olan pasiyentlərin KT müayinəsi əsasında aparılıb. Universitetin adıçəkilən kafedralarının rezidentləri Nərmin Məhərrəmli və Kheder Akatieha da işə cəlb olunub.

 

Qeyd edək ki, Avropa Antropoloqlar Assosiasiyası 1976-cı ildə yaradılıb. Assosiasiyanın hibrid formatda keçirilən konfransında Avropa, eləcə də Amerika, Afrika və Avstraliyadan alimlər iştirak ediblər.

 



06.09.2022 | 12:26