BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Buxara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

 

Universitetdən bildirilib ki, müqaviləni BDU-nun rektoru Elçin Babayev və Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov imzalayıb.

 

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev Azərbaycanın ən böyük və ilk ali təhsil müəssisəsi olan BDU haqqında məlumat verib. Qeyd edib ki, 24 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərdən çox professor-müəllim heyətinin çalışdığı BDU-da son illər həyata keçirilən islahatlar nəticəsində tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyəti yüksəlib. Hazırda BDU-nun Hirş indeksi 52-yə çatıb. “Web of Science” bazasına ölkə üzrə daxil edilən məqalələrin 25, ali məktəblər arasında isə 40 faizi BDU alimlərinin payına düşür. Universitet beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində müqavilələr imzalayır.

 

E.Babayev BDU ilə Özbəkistan ali məktəbləri arasında əlaqələrin vacibliyini vurğulayıb, elm və təhsil sahəsində son illərdə əldə olunan uğurlardan bəhs edib. Müxtəlif istiqamətlərdə ortaq layihələrin həyata keçiriləcəyini bildirərək, Buxara Dövlət Universiteti ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.

Buxara Dövlət Universitetinin  rektoru Obidjon Xamidov iki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayıb. O, təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

Müqaviləyə əsasən, BDU və Buxara Dövlət Universitetində təlim-tərbiyə, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, sərgi, seminar, simpozium, qarşılıqlı maraq doğuran sahələrdə qısamüddətli kurslar təşkil ediləcək, elmi açıq informasiya və nəşrlərin mübadiləsi, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçiriləcək.

 

Müqavilədə, həmçinin akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi, ortaq tədqiqat layihələri üzrə əməkdaşlıq, birgə tədris fəaliyyətinin, təlim proqramlarının və mədəni proqramların təşkili, magistratura və doktorantura dərəcələri üzrə birgə rəhbərlik istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

 

 



07.09.2022 | 16:17