BANM Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşüb. Qonaq Ali Məktəbin kampusunu gəzib, burada yaradılan şəraitlə tanış olub və auditoriyalarda tələbələrə fond haqqında məlumat verib.  

 

R.Hacıyev Bakı Ali Neft Məktəbində ictimai müzakirələrin, təqdimatların keçirilməsini təklif edib. Rektor təklifi yüksək dəyərləndirərək birgə tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb, əlavə edib ki, bu çərçivədə xeyriyyə tədbirləri də keçirilə bilər.

 

R.Hacıyev bildirib ki, rəhbərlik etdiyi Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu istiqamətdə  ölkənin ən nüfuzlu ali məktəblərindən biri – Bakı Ali Neft Məktəbinin potensialından istifadə edilməsi və birgə fəaliyyət fayda verəcək.

 

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

 



22.09.2022 | 12:00