BMU-ya 691 balla daxil olan tələbə: “Bundan sonrakı məqsədim özümü doğrutmaqdır”

“Mən uğurumun son iki ildə olan hazırlığımın deyil, 11 ilin nəticəsi olduğunu düşünürəm”.

 

Bu fikri 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək, 691.3 balla Bakı Mühəndislik Universitetinə (BMU) daxil olan, universitet birincisi Leyla Məmmədli bildirib (https://www.youtube.com/watch?v=Cs32vKqbus4).

 

L.Məmmədli əldə etdiyi nəticə və qazandığı uğurun sirlərindən danışıb: “Bu balı toplamaq çətindirmi sualı yaransa, buna cavabım “xeyr”, olardı”. Çünki dərsə qarşı hər zaman diqqəti olan və vaxtını boşa sərf etməyən bir şagirdin çox da əziyyət çəkmədən oxşar nəticəni əldə edə biləcəyini gördüm”.

O, Tovuz rayonu Firudin Qasımov adına Xatınlı kənd orta məktəbində təhsilə başladığı ilk gündən dərslərə məsuliyyətlə yanaşmağa çalışdığını, bunun nəticəsində hazırlıq dövründə heç vaxt əlavə yüklənməyə məruz qalmadığını vurğulayıb.

 

Orta məktəbi fərqlənmə attestatı ilə başa vuran L.Məmmədli apardığı uzun araşdırmalar, universitet tələbələri və müəllimləri ilə çoxsaylı fikir mübadilələrindən sonra təhsilini BMU-nun mühəndislik fakültəsinin Kompüter elmləri ixtisası (tədris ingilis dilində) üzrə davam etdimək qərarı verdiyini bildirib: “Seçdiyim ixtisas üfüqü geniş, müasir tələblərə uyğun və gələcəkdə görəcəyim işləri əhatə edən perspektivli bir sahədir”.

 

Tələbə qarşısına qoyduğu məqsədlərə hər zaman çataçağına inandığını və hər zaman bu yöndə irəlilədiyini əlavə edib: “Bundan sonrakı məqsədim ilk növbədə daxil olduğum universitetdə özümü doğrultmaq və bu sektorda gedə biləcəyim yerə qədər davam etməkdir”.

 

 



22.09.2022 | 16:31