ŞUŞA təhsil müəssisələri və maarifçilik

(Əvvəli https://muallim.edu.az/news.php?id=22031)

 

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”

 

Heydər ƏLİYEV,  

ümummilli lider

 

 

Şuşa qız məktəbi

 

Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis edilmişdi. Dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar burada təhsil ala bilərdi. Məktəb xeyriyyəçi Ananyevlərin ikimərtəbəli evində yerləşirdi. Tədris planına rus dili, hesab, ana dilində oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Eyni zamanda məktəbdə təcrübi əhəmiyyəti olan fənlər, o cümlədən milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan məlumat verilirdi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi.

 

Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa “Marinski Qız Məktəbi” adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 18951896-cı tədris ilində burada 147 nəfər qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski Qız Məktəbi qadın təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynamışdır.

 

1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında “Müqəddəs Mariya” qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

 

Şuşada xüsusi oğlan məktəbi

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Camal bəy Fətəlibəyov 1893-cü ildə Şuşada 3-cü dərəcəli xüsusi oğlan məktəbi açmışdı. Bakıdakı rus-Azərbaycan məktəbindən sonra Azərbaycan ərazisində 2-ci belə məktəb idi. İlk dəfə məktəbə 25 şagird qəbul olundu. Məşhur maarifçi, pedaqoq F.Ağazadə məktəbin ilk məzunlarındandır. 1896-cı ildə məktəbdə artıq 70 şagird təhsil alırdı. Şagirdlərin yaş dərəcələri müxtəlif olub, 7-16 yaşlı uşaqları əhatə edirdi. Şagirdlər əsasən kasıblardan və orta təbəqələrdən idi. Hər şagirddən ildə 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad idi. Məktəbdə 3 nəfər müəllim çalışırdı. Məktəbin tədris planına ana dili, rus dili, hesab, rəsmxətt və nəğmə daxil idi. Məktəb iki sinifdən ibarət idi. Təhsil iki il davam edirdi. Bu müddətdə uşaqlar Azərbaycan və rus dillərini mənimsədikdən sonra realnı və şəhər məktəbinə girmək hüququ qazanırdılar.

 

Yeni Avropa təhsil sistemi ilə tanış olan mütərəqqi şuşalılar bu cür yeni metodlu (üsuli-cədid) təhsil sistemini tətbiq etməyə çalışırdılar. Şuşada belə məktəblərdən birini də Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab təxminən 1895-ci ildə təsis etmişdi. O, uşaqları parta arxasında oturtmuş, sinifləri yazı taxtaları ilə, qlobuslarla, cürbəcür əyani vəsaitlərlə təchiz etmişdi.

 

Şuşa rus-Azərbaycan məktəbi

 

Şuşa rus-Azərbaycan məktəbi 1896-cı il oktyabrın 6-da Şuşa ziyalılarının təşəbbüsü ilə açılmışdı. Məktəb iki sinifdən ibarət idi. Məktəbin saxlanma xərclərini tanınmış şuşalılar öz üzərinə götürmüşdülər. 1500-dən çox şuşalının, o cümlədən şəhər qazisinin və dörd nəfər din xadiminin imzası ilə qısa müddətdə baş məscidin həyətində səhiyyə və pedaqoji tələblərə cavab verən yeni bir tədris binasının tikilməsi nəzərdə tutulmuşdu. Xurşidbanu Natəvan və Şahzadə Fətəli Mirzə Qacar bina tikilənədək öz evlərini təmənnasız olaraq məktəbə vermişdilər. Şuşa Nikolayevski rus-Azərbaycan məktəbinin müdiri Haşımbəy Vəzirov, fənn müəllimləri Rasim bəy Tahirov və Mirzə Baxış Yusifzadə, şəriət müəllimi Molla Mehri Sarıcalı, fəxri müdiri Mehdiqulu xan Vəfa idi. 1898-ci ildə şəhər müsəlman cəmiyyətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu hüququ verildi. Eyni zamanda çarın tac qoyması münasibəti ilə “Şuşa Nikolayevski rus-tatar məktəbi” adlandırıldı. Məktəbə birinci il 210 uşaq qəbul edilmişdi. Tədris planına Azərbaycan və rus dilləri, hesab (rus dilində) daxil idi. “Ana dili” təlimi yeni üsulla aparılırdı. Təhsil haqqı hər şagird üçün ildə 10 manat təşkil edirdi. Şagirdlərin 20 %-i təhsil haqqından azad idi. Şuşa Xeyriyyə Cəmiyyətinin xahişi ilə məktəbə dövlət statusu verilmişdi. Şəhərin bir çox xeyriyyəçiləri bu təhsil müəssisəsinin maddi bazasının möhkəmləndirilməsi işində fəal iştirak edir, bir neçə kasıb uşaqlarının təhsil haqqını ödəməyi, oxuduqları müddətdə onların tədris vəsaitləri və paltarla təmin edilməsini öhdələrinə götürmüşdülər. Zülfüqar bəy Hacıbəyov, Üzeyir bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Mirzə Xosrov Axundov və başqaları bu məktəbi bitirmişlər.

 

Şuşa qiraətxanası

 

Şuşada ilk şəhər kitabxanası 1897-ci ildə yanvar ayının 26-da açılmışdı. Həmin kitabxananın fəaliyyətə başlamasında Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan və həkim Əbdülkərim bəy Mehmandarov böyük rol oynamışdılar. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulmuş bu qiraətxananın çoxlu sayda ziyalı üzvləri olmuşdur. M.M.Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şeirlərini  çap etdirmişdir.

 

XX əsrdə Şuşada təhsil

 

Şuşanın siyasi, iqtisadi və ictimai cəhətdən qabaqcıl şəxsləri  öz uşaqlarını Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına oxumağa göndərirdilər. Bir çox görkəmli şuşalılar Firudin bəy Köçərli, Fərhad Ağazadə, Üzeyir bəy Hacıbəyov, Zülfüqar bəy Hacıbəyov və başqaları həmin seminariyanı bitirmişdilər.

 

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə ali təhsil almaq üçün göndərilmiş 100 nəfər tələbənin 20-si Şuşadan olmuşdur. Onlardan Behbudəli bəy Məşədi Həmid bəy oğlu, Ələkbər Qəhrəman oğlu Əliyev, Əşrəf Ağaəli oğlu Əliyev, Firudin Əzim oğlu Əliyev, Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə, Lətif Şirin oğlu Qədimi, Məhiş Məşədi Hacı oğlu Səfərov, Məmməd bəy Mirzə Kərim bəy oğlu Hacıyev, Yusif Məşədi Hüseyn oğlu Salahov, Zal Məşədi Cavad oğlu Məmmədov Almaniyaya, Əbdülhəmid ağa Cavanşir, Abbas bəy Həmid oğlu Muradov, Bayram İbrahim oğlu Hacıyev, Əli Cəlal oğlu Yusifzadə, Fərman bəy Əmir bəy oğlu Nərimanbəyli, Miri bəy Mir Baba bəy oğlu Vəzirov, Teymur bəy Zəkəriyyə bəy oğlu Aslanov Fransaya, Xaspolad bəy İsmayıl bəy oğlu Hacıyev Rusiyaya, Əmirov Umbay Abbas oğlu Ukraynaya, Cəmil bəy İbrahim oğlu Musayev Türkiyəyə göndərilmişdir.

 

1916-cı ilin sonunda Şuşada 50 məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə ümumilikdə 79 müəllim çalışır, 3000 şagird təhsil alırdı. 1921-1922-ci tədris ilində Şuşada pedaqoji məktəb, 1923-1924-cü tədris ilində isə musiqi məktəbi fəaliyyətə başlamışdı. 1922-1923-cü tədris ilində Şuşa ərazisində 8 məktəb fəaliyyət göstərirdi ki, onlarda 580 şagird təhsil alırdı. Bu şagirdlərin təhsili ilə 25 müəllim məşğul olurdu. 1927-1928-ci tədris ilində isə Şuşada məktəblərin sayı 11-ə çatmışdı. 1938-ci ildə Şuşada Mərkəzi Uşaq Kitabxanası açılmışdı.

 

Azərbaycan ərazisində ilk ümumtəhsil məktəb olan Şuşa qəza məktəbi 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbinə, 1937-1938-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrilmişdi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin ilk orta təhsilli buraxılışı oldu. 1966-cı ildə 1 nömrəli məktəbdən 4 nömrəli orta məktəb yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi yeni binaya köçdü və dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyaraq fəaliyyətini davam etdirdi. 1 nömrəli Şuşa şəhər orta məktəbi yarandığı vaxtdan 1992-ci ilin may ayına kimi fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Şagirdlərin təhsil alması üçün məktəbdə hər cür şərait yaradılmışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun qərarına əsasən 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyi təntənəli şəkildə keçirilib. XX əsrin 80-ci illərində bu məktəbi bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülmüşdü. 2010-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən isə Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olunub. Şəhərin işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə müvəqqəti fəaliyyət göstərmişdir. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal rayonu ərazisində Şuşa şəhər 1 nömrəli tam orta məktəb üçün yeni bina tikilib istifadəyə verilmişdir.  Bir ildən çoxdur ki, məktəbin şagird və müəllimləri Azad Şuşaya qayıtmağı səbirsizliklə gözləyirlər.

 

1973-cü ildən DQMV-də Xankəndi Pedaqoji İnstitutu fəaliyyət göstərirdi. İnstitutun Azərbaycan bölməsində xeyli şuşalı gənclər təhsil alırdı. Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı müəllim və tələbələri 1988-ci il mayın 16-da Xankəndidən qovuldular. Azərbaycanlılardan ibarət pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapdı. İnstitutun azərbaycanlılardan ibarət müəllim-tələbə kollektivi Azərbaycan SSR Nazirlər Sovetinin 22 fevral 1991-ci il Sərəncamına əsasən Şuşada öz fəaliyyətini davam etdirdi. 1992-ci il mayın 8-də erməni vandallarının Şuşanı işğal etməsindən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı Ağcabədidə öz işini davam etdirir.

 

İşğaladək Şuşa şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı, Azərbaycan Dövlət Neft Akademiyasının şöbəsi, 4 orta ixtisas məktəbi, 1 texniki-peşə məktəbi, 23 orta, 2 əsas, 1 ibtidai məktəb, 7 məktəbəqədər, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərirdi. Məktəblərdə 4500-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 650 müəllim məşğul olurdu.

 

İşğaldan sonra bu məktəblərin bazasında respublikanın müxtəlif şəhər və rayonlarında 24 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar tədris müəssisəsi təşkil edilmiş, 2500-ə yaxın şagird təhsilə cəlb, 527 nəfər müəllim işlə təmin olunmuşdur.

 

Hazırda Şuşa şəhərinə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tarixi ənənələrinin qaytarılması, müasir mədəni inkişafın canlandırılması, təhsil müəssisələrinin bərpası və yenidən tikilməsi  istiqamətində genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 12 may 2021-ci il tarixində Şuşa şəhərində 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulmuş, dünya şöhrətli  Konservatoriyanın yaradılması və yeni ali məktəbin açılması nəzərdə tutulmuşdur.

 

İnanırıq ki, 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhəri yaxın gələcəkdə təhsil və mədəniyyət ocaqları ilə zəngin ən gözəl şəhərlərdən birinə çevriləcək.

 

Zöhrə ORUCOVA,

Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi

 



23.09.2022 | 13:36