“Fənn olimpiadaları mənim üçün ayrıca bir məktəb olub”

Dünyanın mötəbər elm müsabiqələrində ölkəmizi layiqincə təmsil edərək Vətənə medallarla dönən gənclərimizin sorağı hazırda nüfuzlu universitetlərdən gəlir. Onlardan biri də müxtəlif səviyyəli beynəlxalq olimpiadalarda medal qazanan, hazırda dünyanın ən yaxşı universitetləri siyahısında 12-ci yerdə olan Sinqapurun Nanyanq Texnologiya İnstitutunda (NTU) təhsil alan Məshəti Piriyevadır. Təkcə Sinqapurun deyil, həm də dünyanın  ən reytinqli ali təhsil müəssisələrindən birində ali təhsil imkanı qazanmış M.Piriyeva Azərbaycanın  olimpiada hərəkatında uğurları ilə seçilən gənclərimizdəndir. Müxtəlif  bilik  müsabiqələrindən ölkəmizə medallar qazandırmış istedadlı tələbəmizlə söhbətə Azərbaycandakı orta təhsil illərindən və əldə etdiyi ilk qələbələrdən başladıq.

 

Tanıtım: Gəncə şəhər Fizika,riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.  Orta təhsilini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişanla təltif olunub. Məktəb illərində kimya fənni üzrə respublika və bir neçə beynəlxalq olimpiadalarda iştirak edib. Respublika fənn olimpiadalarından 1 gümüş, 2 qızıl, beynəlxalq fənn olimpiadalarından isə 3 bürünc medal qazanıb.  Bilik yarışlarında əldə etdiyi uğurlar onu ali təhsilini xaricdə davam etdirməyə stimullaşdırıb.  Hazırda  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilindən  Sinqapurun Nanyanq Texnologiyalar Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alır.

 

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

-Ümumiyyətlə, fənn olimpiadaları mənim üçün ayrıca bir məktəb olub. Həm oxu vərdişlərimi, araşdırma bacarığımı, akademik bacarıqlarımı müsbət mənada dəyişib. Beynəlxalq olimpiadada daha dərin konseptləri bilməyimiz tələb olunur. Elmin daha dərinliklərini öyrənmək mənim bu yola olan həvəsimi artırdı və xaricdə Kimya mühəndisliyi üzrə təhsil almağı qərar verdim.
 

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na qəbul olunmağınızla bağlı   təəssüratlarınızı öyrənmək istərdik. Proqramın gənclər üçün əhəmiyyəti barədə nə deyərdiniz?

- “2022-2026-cı illər üçün  Dövlət Proqramı”nın  bakalavr üzrə qalibiyəm. Bu proqram sayəsində öz təhsilimi Sinqapurda davam etdirmək şansı qazandım. Proqramın davam edəcəyi 4 il müddət ərzində ölkəmizdəki bir çox gəncə də keyfiyyətli təhsil almaq şansının yaranacağına inanıram.
 

- Ali təhsil üçün Sinqapuru seçmisiniz. Bunu necə izah edərdiniz? Kimlərinsə məsləhəti, yoxsa öz qərarınızdır... 

- Müraciət zamanı iki universitetdən qəbul almışdım: biri Cənubi Koreyanın KAIST, digəri isə Sinqapurun Nanyanq Texnologiyalar Universiteti idi. Universitetləri, onların  elmi potensialını müqayisə etdikdən sonra  müəllimlərimin və valideynlərimin məsləhəti ilə Sinqapurda təhsil almağı seçdim.

 

- İxtisasınız barədə nə deyə bilərsiniz? Seçdiyiniz ixtisas sahəsi sizin üçün, ölkəmiz üçün nə dərəcədə prioritetdir?
-Mühəndislik sahəsinin hal-hazırda Azərbaycanın ehtiyac duyduğu bir sahə olduğunu düşünürəm. Bizim ölkəmizdə Kimya mühəndisliyi daha çox neft sahəsi üzrə fokuslanıb, halbuki neft-qaz sahəsi də onun bir qollarından biridir.
 

- Universitetdə dərslər başlayıb. Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir? Hansı texnologiya və resurslardan istifadə olunur universitetdə?
- Bəli, hazırda bizim universitetimizdə çox dərslər hibrid modelə əsaslanır. Bir çox dərslərə, mühazirələrə öz qərarımız əsasında onlayn və ya oflayn şəkildə qoşula  bilirik. Universitetin təhsil proqramında laboratoriya məşğələlərinə üstünlük verilir, keçdiyimiz mövzuları praktik şəkildə tətbiq edib nəticələr ala bilirik.
 

-  Olimpiada qalibi kimi  dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz?
- Olimpiadada qazandığım uğurlarda məktəbimizin və beynəlxalq olimpiada mərkəzinin müəllimlərinin rolu əvəzsizdir. Həvəsli olduğumuz sahəni tapıb ona doğru əzmlə irəliləsək, o sahədə uğur qazanmaq qaçılmazdır.
 

-  Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var?  Bu sahədə təcrübə və biliklərinizi bölüşürsünüzmü?
- Ölkəmizdə 6-7- ci siniflər üçün hər il fənn müsabiqələri təşkil olunur. Bu yaşdan olimpiadalarda iştirak etmək böyük üstünlükdür. Öz olimpiada təcrübələrimi məktəbimizin şagirdləri ilə bölüşürəm. Onlarla birlikdə vaxt tapdıqca məsələlər həll etməyə çalışırıq.
 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Yeni təcrübələr qazandıqca planlarım və fikirlərim dəyişir. Hələlik buradakı elmi mühitdən maksimum istifadə etməyə çalışıram.
 

Oruc MUSTAFAYEV

 



03.10.2022 | 10:02