“Uşaqların internetdən istifadəsinə sərhədlər qoyulmalıdır”

Məlum olduğu kimi, uşaqların psixikasının inkişafına və onların dünyagörüşünün formalaşmasına təsir edən həlledici amillərdən biri də internetdır. Müasir zamanda  telefonsuz, kompütersiz, planşetsız insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Adətən, biz özümüz internetdə keçirilən vaxtı idarə edə bilmirik, bununla da öz  uşaqlarımıza mənfi nümunə oluruq. Çox vaxt analar zaman məhdudiyyəti qarşısında aciz qalaraq uşaqları texnika vasitələri ilə məşğul edirlər və bu hərəkət tədricən vərdişə çevrilərək gələcəkdə uşaqda internet asılılığına gətirib çıxarır. Bəs, görəsən uşaqların internetə, müxtəlif oyunlara marağı hardan yaranır və onun uşaqlar üçün mənfi təsirləri hansılardır?  Bu mövzu ətrafında Azərbaycan Tibb Universiteti “I uşaq xəstəlikləri”  kafedrasının assistenti Bəyaz Babayeva ilə söhbətləşdik.

 

- Bəyaz xanım, bildiyiniz kimi, bu gün dünyanı internetsiz təsəvvür etmək mümkünsüzdür. Maraqlıdır, internetın uşağa hansı neqativ təsirləri var?

 

- Bu problem bir neçə bucaq altında təhlil edilə bilər və bu təhlillərin hər biri çox vacib, önəmli və istiqamətvericidir. İnternet uşağın həm fiziki, həm də psixoloji sağlamlığında ciddi problemlər yarada bilər. Və bu, gələcəkdə  uşağın sosial mühitlə əlaqələrini zəiflədir.  Uşaq vaxtını internetə nə qədər çox sərf edirsə, bir o qədər yaşıdlarıyla ünsiyyətə girməyə, aktiv oyunlar oynamağa, açıq havada gəzməyə az vaxt ayırır. Kompüterin arxasında saatlarla oturmağın əsas fəsadları isə görmə qabiliyyətinin azalması və uşağın qamətinin pozulmasıdır. İnternet saytlarında müxtəlif informasiyaların sayı durmadan artır. Bunların bəziləri uşaqların psixikasına mənfi təsir və müxtəlif düşünülməmiş hərəkətlərə sövq edə bilər.  Uşaq böyüklər uçün olan müxtəlif saytlarla, yaşına uyğun olmayan oyunların, müxtəlif zərərli maddələrin istifadəsinin təbliğatı ilə qarşılaşaraq düzgün istiqamətdə formalaşmır və artıq cəmiyyət üçün təhlükə  təşkil edir.

 

- Kompüter oyunlarına və sosial şəbəkələrə münasibətiniz necədir?

 

- Məktəbəqədər və məktəb yaşlı  uşaqlar kompüteri oyuncaq kimi qəbul edirlər. Şahmat, dama və s. strateji oyunlar təfəkkürün inkişafına təkan verir. Eləcə də müxtəlif bilməcələr, məntiqi oyunlar çox faydalıdır. Lakin məntiqsiz və şiddətyönlü oyunlar da mövcuddur. Məsələn, “Siniy kit”, “Tixiy dom” kimi oyunlar. Onlar birmənalı reallığı təhrif edirlər. Bunun nəticəsi olaraq, uşaqda tədricən super istedada malikolma fikri yaranır və bu aqressiyanın artmasına gətirib çıxara bilər. Oyunlar problemin bir tərəfidir. O biri tərəfdən, sosial şəbəkələrdə, çatlarda virtual dostluq, şəkillərin paylaşması, bunlar hamısı vaxtın səmərəsiz keçirilməsinə, uşağın həmyaşıdları ilə təmasında müxtəlif problemlərə, onların qapalı olmalarına, ətraflarına maraqlarının itməsinə səbəb ola bilər. Hətta gələcəkdə ona əks cinslə əlaqə yaratmaqda çətinliklər yarada bilər. Əgər sosial şəbəkələrdə, çatlarda dostları ilə ünsiyyətə çox vaxt sərf olunmursa, onda qadağa qoymağa ehtiyac yoxdur. Valideyn övladlarının dostları ilə maraqlanıb, onların ünsiyyətinə şərait yaratmalıdır. Nəticə olaraq, internetə sərf olunan vaxt məhdudlaşır.

 

- Siz internetin mənfi cəhətlərini hərtərəfli təhlil etdiniz. Bəs müsbət tərəfləri mövcuddurmu?

 

- Uşaqların məntiqinə, yaddaşına, koordinasiyasına müsbət təsir edən proqram və müxtəlif oyunlar mövcuddur. Onların vasitəsi ilə uşaqları oxumağı, rəqəmlərlə tanış etməyi, xarici dilləri öyrətmək mümkündür. Uşaq evdə oturaraq dünyanın müxtəlif  görməli yerləri ilə, tarixi hadisələrlə tanış ola bilər. Uzaqda yaşayan dost və qohumlarla ünsiyyət  yarada bilər. İnternet uşağın təhsilində əvəzolunmaz köməkçi ola bilər. O, istənilən informasiyanı istənilən vaxtda əldə etməkdə uşağın böyük yardımçısıdır.

 

Unutmaq lazım deyil ki, biz yüksək texnologiyalar və informasiya əsrində yaşayırıq. Bu səbəbdən uğurlu gələcək qurmaq üçün kompüterin imkanlarından səmərəli istifadə etmək bacarıqları tələb olunur. Müvafiq olaraq, əgər sizin uşağınız kompüter və internetdən istifadə edə bilirsə, deməli, o bu tələbləri ödəyəcək və arzu etdiyi məqsədlərə nail olacaq.

 

- Kompüter asılılığının profilaktikası necə aparılmalıdır?

 

- Valideynlərin ən böyük səhvi odur ki, ya uşaqlara internetin istifadəsinə tam qadağa qoyurlar, ya da onların saatlarla internetdə olmasına göz yumurlar. Virtual aləm tədricən dünyanın bütün ölkələrini əhatə edir. Bu səbəbdən uşaqlara internetdən istifadə etmək qadağası qoymaq mənasızdır.

 

Bu problemi yalnız psixoloji üsulla həll etmək olar. Uşağı yetərincə qayğı və sevgi ilə əhatə etmək lazımdır. Çünki uşaqlar anlaşmamazlıqdan  və tam emosional həyat yaşamamaq səbəbindən  virtual aləmə qapılırlar.

 

Valideynlər uşaqların təkcə fiziki səhhəti ilə deyil, həm də mənəvi aləmi ilə maraqlanmalıdırlar. Uşaqla onun problemlərindən, hisslərindən, perspektivlərindən mütəmadi olaraq söhbət aparıb dost olmaq zəruridir.

 

- İnternet istifadəsində hansı təhlükəsizlik tədbirləri mövcuddur?

 

- Ümumiyyətlə, internetdən istifadə etdikdə uşaqlara zərərin qarşısını almaq üçün maarifləndirici kampaniyalar aparmaq, “internetdən təhlükəsiz istifadə” proqramları həyata keçirmək lazımdır. Uşaqların yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini  bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır.

 

Qeyd etmək lazımdır ki, uşaqlar yalnız evdə internetdən istifadə etmirlər. Hal-hazırda kifayət qədər internet klublar və bu kimi başqa əyləncə mərkəzləri fəaliyyət göstərir. Uşaqlar orada internetdən nəzarətsiz yararlana bilirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur. Lakin internet klublara bu layihə tətbiq edilmir. Bu səbəbdən, həmin layihənin təkmilləşdirilməsi istiqamətində ciddi işlər aparılmalıdır.

 

- Bəs bir həkim olaraq siz valideynlərə nə məsləhət görərdiniz?

 

- Uşaqların internetdə vaxt keçirməsinə məhdudiyyət qoymaq lazımdır. Görmə qabiliyyətinin zəifləməməsi üçun ən düzgün variant gündə 2-3 saatdan artıq olmamaq şərti ilə, hər saatdan bir 15-20 dəqiqə fasilə olmalıdır. Və uşağın boyuna uyğun xüsusi oturacaq seçilməlidir.

 

Uzunmüddətli hərəkətsizlikdən sonra kürək əzələləri onurğa sütununun normal fəaliyyətini təmin edə bilmir. Onurğa sütunu və boyun əzələləri mütəmadi olaraq gərginləşir, başqa əzələlər isə hərəkətsiz vəziyyətdə qalır.  Bu, halsızlıq, yorğunluq, başağrısı, hətta başlanan osteoxondroza gətirib çıxara bilər. Bu səbəbdən, kompüter arxasında vaxt keçirəndən sonra uşağın  açıq havada gəzməsi, aktiv oyunlarla məşğul olması vacibdir.  Bu, hərəkətsiz qalan əzələləri aktivləşdirir.

 

Uşaqlar bizim gələcəyimizdir. Onların formalaşmasından bütün bəşəriyyətin gələcəyi asılıdır. Ən azı bu səbəbdən övladlarımızın fiziki və mənəvi sağlamlığının keşiyində durmaq bizim hamımızın  borcudur.

 

Rəşad ZİYADOV



15.09.2018 | 17:33