Təhsilin Qiymətləndirilməsi üzrə beynəlxalq konfransda Azərbaycanın təcrübəsi paylaşılıb

2-7 oktyabr 2022-ci il tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Anaxuak Universitetinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmənin keyfiyyətli təhsilə töhfələri” mövzusunda 47-ci illik konfransı keçirilir.

 

4 oktyabr tarixində DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC - Research Centre for Examination and Certification) təşkilatının direktoru Arnold Brouver ilə birgə “Qiymətləndirmə təşkilatlarının keyfiyyətinin təmin edilməsi: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin RCEC-in auditi ilə bağlı nümunə araşdırması” mövzusunda çıxış edərək DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyətinin RCEC təşkilatının auditindən keçməsi ilə bağlı məlumat verib. V. Hüseyn çıxış zamanı RCEC audit alətləri və prosedurlarının çevikliyi və aydınlığı, auditin DİM-in inkişaf strategiyalarına töhfələri kimi məsələlərə toxunub.

 

Həmçinin V.Hüseyn Azərbaycanda ingilis dilinin qiymətləndirilməsinə aid islahatların dillər üzrə ümumavropa çərçivə sənədinə (CEFR) uyğunlaşdırılmış xarici dil kurikulumunun inkişafına təsiri barədə məruzə ilə çıxış edərək, DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə birgə həyata keçirilmiş “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı, “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsi, onların nəticələri və CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi barədə çıxış edib.

 

Bununla yanaşı, V.Hüseyn konfransın “Ali təhsil müəssisələrinə qəbul üçün qiymətləndirmə” və “K-12 qiymətləndirməsi” adlı sessiyalarına moderatorluq edib. Qeyd edək ki, DİM-in Strateji inkişaf şöbəsinin müdiri 2022-ci ilin yanvarından etibarən IAEA-nın idarə heyətinin üzvüdür.

 

Konfrans zamanı DİM-in Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsinin baş məsləhətçisi Elmir Şirinov Azərbaycan Respublikasında şagirdlərin təhsilə davamiyyəti, onların ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı və əldə etdikləri nəticələrinin müqayisəli təhlili barədə “Azərbaycan Respublikasında buraxılış imtahanlarının nəticələrinin təhlili” adlı məruzə ilə çıxış edib.

 

Eyni zamanda, DİM-in texnoloji tərəfdaşı olan “Bakinity” şirkəti konfransın sponsoru olmaqla, sərgi iştirakçılarından biridir. Belə ki, DİM “Bakinity” şirkəti ilə birgə konfransın rəsmi sərgisində iştirakçılara bir sıra təhlükəsiz imtahan üzrə həllərini nümayiş etdirib.

 

Konfransın spikerləri Böyük Britaniya, Kanada, Çin, Finlandiya, ABŞ, Norveç və digər ölkələri təmsil edirlər. 

 

Xatırladaq ki, DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatların nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.

 

 



06.10.2022 | 12:45