Tədqiqat meneceri kimdir?

Elmi inkişafın və ya elmi məhsulun son məqsədi dayanıqlı sosial və iqtisadi inkişafa xidmət etməkdir. Elmi-texniki sahələrdə elmin inkişaf strategiyasının və siyasətinin mərkəzində elmi tədqiqatların son istifadə oluna bilən kommersiya məhsuluna çevrilməsi dayanmalıdır.

 

Məhz kommersiya təşkilatlarının aparıcı rol oynayacağı, universitet, tədqiqat institutları, texnoparklar və innovasiya mərkəzlərinin birgə inteqrasiyasına əsaslanan milli elm-innovasiya sisteminin qurulması elmin inkişafı üçün tədricən dayanıqlı imkanlar yarada bilər. Elmi nəticə, erkən texnoloji model, məhsulun dizaynı və məhsulun bazara çıxması mərhələləri sondan əvvələ doğru bir-birini izləyə bilməlidir. Mərhələlər arası keçidlərin nəticəsi dəqiq müəyyən olunaraq, patent, ixtiranın funksionallığı, innovativ məhsul və kütləvi istehsal olunan məhsul mərhələləri arasında əlaqələri təşviq edən strukturların yaradılması məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.

 

Bəs qeyd olunan elmi inkişafın dəyər zənciri arasında əlaqəni kim yaratmalıdır? Qabaqcıl texnologiyalar ilə bağlı tədqiqatları yüksək səviyyədə yerinə yetirə bilən müasir tədqiqat institutlarında bu işləri kimlər əlaqələndirməlidir? Tədqiqat institutları ilə sənaye, texnoparklar və inkubasiya mərkəzləri arasında davamlılığı təmin etmək üçün universitet və tədqiqat institutlarında tədqiqat menecerlərinə ehtiyac vardır.

 

Kimdir tədqiqat meneceri? Bu suallara cavabı Təhsil İnstitutunun tədqiqat menecerlərinin yetişdirilməsi üçün hazırladığı metodik vəsaitdə tapmaq mümkündür. Layihə Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Proqramda tədqiqat menecerlərinin hazırlanması ilə bağlı əsas məqamlar aşağıdakı kimi qeyd olunmuşdur.

 

Tədqiqat meneceri iş dünyası ilə tədqiqat sahəsini birləşdirən şəxsdir. Başqa ifadə ilə desək istehsalat və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin ehtiyaclarını analiz və tədqiqat tələb olunan problemləri təyin edir və daha sonra bu problemləri elmi tədqiqat sualı formatına salır. Elmi tədqiqat sualı formatında təyin edilmiş tapşırıqlar qarşıya qoyulan tələblərdən asılı olaraq ya magistr elmi işi, ya doktorantura elmi işi və ya fərdi elmi iş formasında araşdırılır və tədqiq edilir. Tədqiqat menecerinin əsas öhdəliyi iş dünyasının tələblərini doğru analiz edib, maraqlı tərəflərin ehtiyaclarını dəqiq təyin edib, onları elmi-tədqiqat layihə qrupuna təqdim edib və layihənin icrasına nəzarət etməkdir. Biznes dünyası ilə elmi tədqiqat dünyası arasında körpü rolunu oynamaq üçün Tədqiqat menecerləri minimal olaraq aşağıdakı bilik və bacarıqlara yiyələnməlidirlər.

 

Biznes təfəkkür

 

Müəssisə və təşkilatların göstərdikləri xidmətləri, satış strategiyaları, əsas gəlir kanalları, müştərilər ilə kommunikasiya kanalları, hər bir xidmət üzrə mövcud biznes prosesləri analiz və təhlil edib, onları optimizasiya və inkişaf etdirmək üçün tədqiqat meneceri biznes xidmətləri, müştəri seqmenti, müştəri məmnuniyyətsizlik kriteriyaları, biznes model, maliyyə analizi, kommunikasiya kanalları və risklərin analiz olunması səriştələrinə yiyələnməlidir.

 

İT-nin əsasları

 

Ənənəvi xidmətlərdən rəqəmsal xidmətlərə keçid edildiyi zaman İnformasiya Texnologiyaları haqqında minimal bilik və bacarıqlara sahib olmaq zəruridir. İT məhsullarının ümumi satış və tətbiq xərcləri çox baha olur. Bunun üçün şirkətlər hər hansı bir İT məhsulunun alınması və tətbiq edilməsi üçün xüsusi strategiyalar tətbiq edir. Bu cəhətdən rəqəmsal məhsullar və xidmətlər, internet, telekommunikasiya, simsiz şəbəkələr, hardware kimi anlayışların mənimsənilməsi zəruridir.

 

Biznes proseslərin idarə edilməsi

 

Şirkətlərin hal-hazırda qarşılaşdıqları problemlərin əksəriyyəti biznes proseslərinin idarə edilməsi ilə bağlıdır. Bura əsasən yüksək maliyyə xərclərinin olması, hər bir sorğunun icra müddətinin çox olması, defektlərin çox olması, proseslər üzrə çevik davranmağın çətin olması və digərləri daxildir. Elmi-texniki tədqiqat layihələrinin əsasını proseslərin optimallaşdırılması təşkil etdiyi üçün tədqiqat menecerinin biznes proseslərin avtomatlaşdırılması və xəritələnməsi, biznes proseslərin robotlaşdırılması və biznes proseslərin vizuallaşdırılması kimi səriştələrə yiyələnməsi faydalı hesab olunur.

 

Proqramlaşdırmanın əsasları

 

Elmi tədqiqat layihələrinin nəticəsində adətən riyazi proqramlaşdırma və simulyasiya modelləri qurulur. Buna görə Tədqiqat meneceri elmi tədqiqat layihəsində “təhvil kriteriyalarını” tərtib edəndə riyazi proqramlaşdırma standartlarını, strukturunu, model formatını, simulyasiya mühitini, obyektyönlü paradiqmasını, sistem arxitekturasını və digərlərini hazırlamalıdır. Ən pis ehtimal ilə bunları icra edəcək komanda üzvlərini cəlb etməyi bacarmalıdır.

 

SQL Sorğuları

 

Elmi tədqiqat layihələrinin böyük bir hissəsi Biznes Proseslərin İdarəedilməsi ilə bağlı olduğu üçün cari problemləri yalnız mövcud verilənlər bazasından əldə edərək təhlil etmək mümkündür. Verilənlər bazası ilə işləmək üçün SQL dilini bilmək və SQL Sorğularının hazırlanması çox önəmlidir. SQL verilənlər bazasına bağlanıb, ora sorğu göndərmək üçün istifadə edilən bir dildir. Bizi maraqlandıran bütün hesabat və informasiyanı sorğu formatında SQL serverə göndərərək əldə etmək mümkündür.

 

Layihələrin idarə edilməsi

 

Şirkətlər ilə elmi tədqiqat mərkəzlərinin ortaq əməkdaşlıq forması real layihələr üzərində həyata keçir. Yəni birgə əməkdaşlığın formalaşması yalnız və yalnız layihələrin mövcud olduğu zaman həyata keçir. Buna görə Tədqiqat meneceri şirkət və müəssisələrin tələblərini layihələndirməyi, eyni zamanda layihənin icrasına da rəhbərlik etməyi bacarmalıdır. Bura şirkətlərin ehtiyaclarının analizi, problemin qoyuluşu, tapşırıqların təyin edilməsi, kadrların formalaşması və digər mərhələləri nəzərə alaraq layihə sənədinin hazırlanması daxildir.

 

Riyazi modelləşdirmə

 

Tədqiqat menecerinin elmi tədqiqat layihəsində ən vacib və əhəmiyyətli rollarından biri şirkətlərin tələblərini və ehtiyaclarını elmi tədqiqat sualı və hipotezi şəklində ifadə edə bilməsidir. Bu mərhələdə artıq konkret elmi tədqiqat hədəfləri, meyarlar, metodologiya, ədəbiyyat icmalarının formatı, data analizi və toplanması, riyazi modellər və s. detallar təyin edilir. Elmi tədqiqat layihəsinin təbiətindən asılı olmayaraq, müxtəlif sahələrdən layihəyə cəlb edilmiş tədqiqatçılar ilə eyni akademik dildə danışmaq və onları idarə etmək üçün tədqiqat meneceri ehtimal nəzəriyyəsinin əsasları, statistikanın əsasları, sistem nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi və simulyasiya sistemlərinin qurulmasını bilməlidir.

 

Yumşaq bacarıqlar

 

Tədqiqat meneceri şirkət və elmi tədqiqat mərkəzləri arasında körpü rolunu oynadığı üçün, eyni zamanda insan resurslarının idarə edilməsi, maraqlı tərəflərin ehtiyaclarının dəqiq analizi, tapşırıqların təyin edilməsi, qəbul kriteriyalarının tərtib edilməsi və s. əsas öhdəlikləri olduğu üçün hər bir idarəçiyə və qərar qəbul edən şəxsə zəruri olan minimal yumşaq bacarıqların mənimsənilməsi və layihələrdə tətbiq edilməsi zəruridir.

 

Tədqiqat meneceri elmi inkişaf üçün lazım olan insan kapitalının yalnız bir hissəsi olsa da, ən vaciblərindəndir. Tədqiqat menecerlərinin görəcəyi işlər birbaşa alimlərin və tədqiqatçıların dəstəklənməsinə, onlar üçün tələb olunan mühitin yaradılmasına xidmət edəcəkdir.

 

Tədqiqat meneceri kimi universal dərin biliklərə sahib kadrların yetişdirilməsi üçün uzun müddətdə  yaradıcı və savadlı gənclərimizin elmə yönəlməsi baş verməlidir. Zənnimcə, gənclərimizin potensialı kifayət qədər böyükdür. Son illərdə xeyli sayda gəncimiz xarici ölkələrə xüsusilə təbiət elmləri və texniki sahələrdə doktorantura təhsili almaq üçün göndərilmişdir. Dövlət proqramından əlavə də xaricdə doktorantura təhsili almış gənclərimiz kifayət qədərdir və hazırda onların bir çoxu xarici ölkələrdə çalışır. Bundan başqa, 2022-2026-cı illər üzrə xaricdə təhsil Dövlət Proqramı da əsasən elmi-texniki sahələrə yönəlmişdir ki, yaxın gələcəkdə əsasən magistratura səviyyəsindən məzun olan gənclərimiz potensialımızı bir az da çoxaldacaqdır. Magistratura təhsil pilləsi üzrə ikili diplom proqramlarımızın da sayı hər il artır. Eyni zamanda, SABAH bakalavr və magistratura proqramları gənclərimiz üçün əvəzsiz imkanlar yaradır.

 

Rüfət ƏZİZOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru

 



07.10.2022 | 09:10