MÜƏLLİM yolu

Müəllim yolu getmək, müəllim adı daşımaq, müəllim ömrü yaşamaq, bu yolda öz izini qoymaq hər adama nəsib olmur. Onlar bu yolun başındakılardır. Əksəriyyəti müəllim adına həvəslənib, müəllim ömrü yaşamağa qərar veriblər. Bu qərar onları kənd-kənd, şəhər-şəhər, el-el dolaşdırsa belə, müəllimlik yolundan dönməyəcəklərinə əmindirlər.

 

“Ağalıda müəllimlik mənim üçün ikiqat dəyərlidir”

 

Daha bir gənc müəllim bu tədris ilindən Zəngilan rayonunun Ağalı kəndində işə başlayıb. 22 yaşlı müəllim Aytən Əlizadənin ailəsi də 1 milyondan çox azərbaycanlının taleyini yaşayıb: “Əslən Qarabağlıyam. Atam Zəngilan rayonunun Ağalı kəndindəndir. Ancaq minlərlə qarabağlı kimi biz də uzun illər Qarabağa həsrət yaşamışıq. 2017-ci ildə Bakı şəhər 327 nömrəli tam orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə daxil oldum. Bu il müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək müəllim olmağa haqq qazandım. 2022/2023-cü tədris ilindən Ağalı kənd tam orta məktəbində informatika müəllimliyinə başladım”.

 

Aytən Əlizadənin müəllimliyə heyranlığı ibtidai sinifdən başlayıb. Balaca barmaqlarından tutub ona hərf, rəqəm öyrədən müəllimini necə sevibsə, onun simasında müəllimlik iliklərinə işləyib: “O vaxtlar müəllimliyin nə qədər ağır, nə qədər məsuliyyətli olduğunu dərk eləmirdim. Özümə hey bunu deyirdim: “Mən müəllim olacağam.  Lövhə qarşısında öz biliyimi başqaları ilə paylaşacağam!” Dediyim kimi də etdim. Artıq müəlliməm, lövhə qarşısında dayanıb öz biliyimi şagirdlərimə ötürürəm. Özü də həsrətini çəkdiyimiz ata yurdumda. Ağalıda müəllimlik mənim üçün ikiqat dəyərlidir. Çox qürurluyam. Ömrümə yazılan bu günlərə görə çox xoşbəxtəm. Bu anları hər gün xatırlayıb yenidən yaşayıram. Düşünün, doğma torpaqlarda 30 il sonra ilk zəng çalındı və  bir Ağalı sakini olaraq mən də bu tarixi günlərin şahidi, bu qürurverici prosesin bir parçası oldum”.

 

Ağalı kənd məktəbinin müəllimi xəyal kimi başlayan bu arzusunun reallaşmasında anasının da dəstəyini xüsusi qeyd edib. Amma ən böyük minnətdarlığı müəllimlərinədir: “IX sinifdə oxuyarkən artıq qərarımı qətiləşdirmişdim. Müəllim olmaq istəyirdim. Bu qərarımdan o qədər əmin idim ki, hansı fəndən dərs keçəcəyimin fərqi yox idi.İxtisas seciminə ancaq son sinifdə oxuyarkən qərar verdim və buna peşman deyiləm.Təhsildə hər addımımda, hər qərarımda anam yanımda idi və bu gün uğurlu bir seçim etmişəmsə, həm də onun sayəsindədir”.

 

A.Əlizadə başında olduğu yolun sərt döngələrində onu parlaq gələcəyə aparacaq uğurlar olduğuna inanır: “Ən böyük arzuma çatdım, müəllim oldum! Özümü bu peşədə uğurlu kadr olaraq görürəm. Gəncəm, dərs keçməyə həvəsliyəm, öyrətməkdə də, öyrənməkdə də maraqlıyam. Bundan başqa yüksək motivasiyam, hər uşağa yanaşmam məni fərqləndirir, sevdirir. Hər uğur insanı inkişaf etdirir, irəli çəkir. Şagirdlərimdən aldığım müsbət nəticələrə baxıb sevilən müəllim olduğuma inancım artır. Axı, şagird sevdiyi müəllimin dərsini yaxşı oxuyur”.

 

“Əməkdar müəllim olacağam”

 

Azərbaycanın ən gənc müəllimindən biri... Aytac Abbasova Laçın müəllimlərindəndir. Özü də əslən Laçındandır, orada doğulmasa da. Hələlik Bərdənin Zümürxan kənd ümumi orta məktəbində sinfə girir, Azərbaycan bölməsində təhsil alan şagirdlərə texnologiya fənnindən dərs deyir. Bu il ilk dəfə sinfə girib. Laçına  köçün  başlayacağı  və  məhz  Laçın məktəbində dərs deyəcəyi günləri iplə çəkir.

 

Orta təhsilini Ağcabədi rayon 6 nömrəli tam orta məktəbində alıb. Onun da  tapındığı  bir müəllim var, özünün tarix  müəllimi  Əminə  müəllim.  Müəllim adı daşımağa Əminə müəllimi həvəsləndirib onu, özü də bilmədən: “Ona baxıb müəllim olmaq istədim və bacardım”.

 

Aytac Abbasova Ağcabədi Pedaqoji Kollecindən bu il məzun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və 55 balla müəllim olmaq haqqı qazanıb: “Ömrüm boyu müəllim işləyəcəyəm. Sağlığım imkan verdikcə peşəmdən uzaqlaşmaram. Əməkdar müəllim olacağam, ən yaxşı müəllimlərdən biri kimi ad qazanacağam”.

 

 

 

“Müəllimliyi də, uşaqlarla işləməyi də sevirəm”

 

26 yaşlı qazi müəllim Hüseyn Şəmilli Şəmkirin Qədimqala kəndindəndir.Müəllim ailəsində böyüdüyündən müəllim həyatına uşaqlığından bələd olub, müəllimliyi sevib və özünə peşə seçib.Bu istəklə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. Burada ingilis dili müəllimliyi ixtisasına yiyələnib. Ötən il keçirilən müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinə əsasən daimi əsaslarla Gədəbəydə işə başlayıb. 1 il 80 kilometr yol qət edərək Leşkər kənd ümumi orta məktəbinə gedib-gəlib: “Səhhətim imkan versəydi, müəllimlik üçün 80 yox, 180 kilometr də gedərdim. Bir il heç yorulmadan getdim də. Bu ilin aprel ayında nazir Emin Əmrullayevin qəbulunda olub yerdəyişmə üçün kömək etməsini xahiş etdim. Rayonumuzdan vakansiya çıxan kimi yerləşdirildim və bu ildən yaşadığım yerdən 20 kilometr məsafədə olan Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbində işə başladım”.

 

Özünü təhsil sistemində bir əsgər sayan H.Şəmilli şagirdlərinə, sadəcə ingilis dili biliyi deyil, həm də vətənpərvərlik hisləri aşıladığını deyir: “Vətən müharibəsində könüllü iştirak elədim. Sentyabrın 29-dan noyabrın 9-da yaralanana qədər döyüşdüm. Ömrümün bu mərhələsi ilə qürur duyuram. Bu qürurumu şagirdlərimə də ötürməyə çalışıram”.

 

Qazi müəllim ətrafındakı insanların onu yüksək dəyərləndirməsindən, qazilərə verilən dəyərdən də qürurla danışır: “Nazirlik qazi olduğum üçün iş şəraitimi yaxşılaşdırdı. İnsanlar qazi olduğumu bilən kimi mənə daha böyük hörmətlə yanaşır. Hətta şagirdlərimin mənə baxışının necə dəyişdiyini görürəm və bu, mənim üçün çox xoşdur. Başqa müəllimlərlə müqayisədə mənə daha çox hörmət edildiyinin fərqindəyəm”.

 

Ölkə başçısının sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqləndiyinə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülən qəhrəman müəllim bir fərdin şəxsiyyət olmasında, bir vətənpərvərin yetişməsində müəllimin rolunu yaxşı bilir: “Müəllimliyi sevmədən müəllim olmaq mümkün deyil. Peşəmin haqqını verməyə çalışıram. Müəllimliyi də, uşaqlarla işləməyi də sevirəm”.

 

 

“Müəllim hər yerdə müəllimdir”

 

“Neçə saat dərs deməyimin fərqi yoxdur, əsas odur ki, sinfə girim, dərs deyim. Müəllimliyi çox sevirəm” - deyən  Xanımnisə Əzimova Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Özü Neftçalanın Xol Qarabucaq kəndində məktəbə gedib: “3 ay öz üzərimdə çalışdım və müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayaraq Salyanda müəllimliyə başladım. İlk iş yerimdə 2 il işlədim. Ötən il müəllimlərin işə qəbulu imtahanlarına yenidən qatıldım. Məqsədim iş yerimi dəyişmək idi. Bu dəfə də 51 bal topladım”.

 

Xanımnisə müəllim deyir ki, iş yerini dəyişmək zərurəti də həyat yoldaşına görə ortaya çıxıb: “Müharibədə kəllə-beyin travması alıb, onun qayğıya ehtiyacı olduğu üçün daha uzaqda yaşaya bilməzdim. Ya işdən çıxmalıydım, ya da iş yerimi dəyişməliydim. Yaxşı ki, nazirlik hərbçi ailəsindən olanlara belə bir şans yaratdı və mən bu sayədə işdən çıxası olmadım”.

 

2 il kənd müəllimi işləyən Xanımnisə Əzimova artıq şəhərdə dərs deyir. Müəllimliyi sevdirən müəllimlərinə, müəllim olmağı üçün hər cür çətinliyi gözə alan atasına, özünə rəğmən onun müəllimlik sevdasının qarşısında durmayan həyat yoldaşına və iş yerini yaxınlaşdıraraq şəraitini yaxşılaşdıran Elm və Təhsil Nazirliyinə minnət duyğusu ilə dərsə girib xəyallarını gerçəkləşdirir: “Kənddə, sadəcə məndən aldığı informasiya ilə bəslənən, məhdud resurslara malik şagird kütləsi ilə işləyirdimsə, indi əlavə bilik əldə eləmək üçün hər cür əlavə imkanlara malik şagird qrupu ilə çalışıram. Bu baxımdan şəhərdəki uşaqların daha böyük potensiala malik olduqlarını düşünürəm.Ancaq müəllim hər yerdə müəllimdir və mən bu missiyanı layiqincə yerinə yetirmək üçün əlimdən gələni edirəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



07.10.2022 | 11:05