MÜƏLLİM hazırlığının dəyişməyən ÜNVANI

Ölkəmizdə müəllim hazırlığının dəyişməz ünvanlarından biri kimi tanınır. Uzun illər M.Ə.Sabirin adını daşıyan təhsil müəssisəsi 1919-cu ildən bəri seminariyadan texnikuma, sonra məktəbə, yenə texnikuma, axırda da kollecə çevrilib müxtəlif adlar altında fəaliyyət göstərsə də, istiqamətindən yayınmayıb. Yarandığı ilk gündən müəllim hazırlayıb, pedaqoji kadrların hazırlığına öz möhürünü qoyub. Artıq 100 ildən çoxdur ki, təhsil sənədində bu məktəbin adı olan minlərlə müəllim gördük, pedaqoq tanıdıq. İndi isə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək yüksək bal toplayan və müəllim kimi fəaliyyətə başlayanlar arasında onun məzunları var. Söhbət  2016-cı ildən fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində davam edən Azərbaycan Dövlət Pedaqoji Kollecindən (ADPK),kifayət qədər möhkəmlənmiş ənənəsi, böyük tarixi olan bir təhsil müəssisəsindən gedir.

 

Yeniliyə açıq, müasir tələblərə uyğun

 

Tarixi 100 illik keçmişə, ənənələri bir əsr dərinə getsə də, Kollec bu gün daha çox yeniliyə açıq, inkişafa tabe, müasir tələblərə uyğun dəyişiklikləri ilə ayaqdadır. 2018-ci ildən müəssisəyə rəhbərlik edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərov deyir ki, qarşısında təhsilin məzmununun yenilənməsi və keyfiyyətin artırılması kimi vəzifə qoyulub. Yaxşı təhsil üçün inkişafedici tədris mühiti formalaşdırmaq tələb edilib. O da buna nail olub. Bu gün kollecdə bilik yeganə meyardır: “Mühit özü şəffaflığa xidmət etməlidir. Tələbələr hiss etməlidirlər ki, oxumasalar qiymət ala bilməyəcəklər”.

 

Odur ki, islahatlara imtahanlardan başlayıblar. Qiymətləndirməyə qədərki proses şəffaflaşdırılıb, ədəbiyyatların, sualların tərtibinə, imtahanlarda obyektivliyə diqqət yetirilib.

 

Kollecdə yüksək təhsil

 

Nəticədə, ADPK universitetlərlə rəqabət aparır, heç bir hərəkatdan geri qalmır, proseslərə çevik qoşulur: “Hələlik sonuncu böyük sınaqdan pandemiya dövründə çıxdıq. İlk onlayn tədrisə keçən müəssisələrdən biri də biz idik. Məsafədən təhsilin təşkilində qabaqcıl universitetlərlə müqayisə oluna bilərik”.

 

ADPK-nın məktəbəqədər təhsil və tərbiyə ixtisası üzrə təhsil alan Nurçin Əliyeva ixtisasını da özü seçib, bu ixtisas üzrə onu yetişdirəcək məktəbi də: “2 sevimli müəllimim olub, hansı ki, onlar kimi müəllim olmaq istəmişəm. Burada da sevdiyim müəllimlərim var. Elə özüm də uşaqların sevimlisi olmaq istəyirəm”.

 

Pərvanə Elxan orta göstəricisi yüksək olan tələbələrdəndir. 4 il bir göz qırpımında keçib və artıq buradan getmək vaxtı çatdığına təəssüflənir. ADPK-da oxuduğuna, təhsil almaq üçün məhz kolleci seçdiyinə görə peşman deyil.

 

IV kurs tələbəsi Sabrina İsgəndərli də kollecin uğurlu tələbələrindəndir. Orta göstəricisi 94 baldır: “Mən ali məktəbə imtahan verəndə kollecin 100 illiyi qeyd edilirdi. Universitetə qəbul oluna bilmədim, universitet səviyyəsində ADPK-ni seçdim.

 

Kolleci yüksək balla qurtarmağa hazırlaşanlar kimi, yüksək bal toplayıb ADPK-nı seçənlər də var.

 

Öz nəticələri ilə öyünən həmin tələbələrdən biri də Gülnarə Rzayevadır. IX sinifdən qarşısına məqsəd qoyub  və müəllim olmaq üçün imtahan verib. 218 bal toplayaraq ilk sırada ADPK-ni seçib: “Əgər  ADPK-ya qəbul olunmasaydım, oxumayacaqdım. Burda özümü universitetdəyəm kimi hiss edirəm. Təhsilimiz yüksək səviyyədədir. Fikrimcə, burda aldığım təhsillə çox yaxşı müəllim ola bilərəm. Özümü müəllimlikdən kənarda düşünə bilmirəm”.

 

Yeri gəlmişkən qeyd edək ki, bu il aparılan qəbulun nəticələrinə görə, 11 illik təhsil bazasından 320 plan yeri tamamilə dolub. Kollecin direktoru İ.İsgəndərovun sözlərinə görə, 3 ildir yerlər 98-99 faiz dolur.

 

ADPK-da yeni ixtisaslar - İNKLÜZİV təhsil

 

ADPK-da yeni ixtisaslar açılıb. Ötən tədris ilindən mədəni və kütləvi tədbirlərin təşkili, şəbəkə inzibatçılığı, rəngkarlıq, dekorativ sənət və inklüziv təhsil üzrə tədrisə start verilib.

 

Kollecin direktoru İ.İsgəndərovun sözlərinə görə, ali təhsil müəssisələrində fənn kimi tədris edilən inklüziv təhsil kollecdə ən çox qəbul həyata keçirilən ixtisaslardan biridir. Bu istiqamətdə kollec rəhbərliyinin böyük planları var: “Laboratoriyalar qurmaq, kollecimizi inklüziv təhsil üzrə mərkəzə çevirmək istəyirik”.

 

Sözügedən ixtisas üzrə kollecin iddialı olması həm də bacarığı ilə fərqlənən tələbələrinə görədir. Məsələn, Minayə Mürsəlova yüksək bal toplayaraq inklüziv təhsil ixtisası üzrə 9 illik təhsil bazasından ADPK-ya qəbul olunub. Müəllimləri onun potensialına güvənir.

 

Bu ixtisas üzrə təhsil alan I kurs tələbəsi Ruslan Teymurzadə tanınmış loqoped-defektoloq olmaq, özünün Nitq Mərkəzini yaratmaq istəyir. Bu yolla uşaqlar arasında fərqlilikləri aradan qaldıra biləcəyinə inanır.

 

İnklüziv təhsil ixtisası üzrə həm də sağlamlıq imkanları məhdud tələbələr təhsil alırlar. Məsələn, Samir Əliyev eşitmə məhdudiyyətlidir. Buna baxmayaraq, cəmiyyətə aktiv adaptasiya olunub. Peşəkar futbolla maraqlanır, nəinki kolleci, hətta ölkəmizi də idman arenasında təmsil edir. Sosial şəbəkə fəalıdır. Kitab oxumağı sevir. Çoxşaxəli maraq dairəsinə baxmayaraq, gələcəkdə kim olacağı ilə bağlı düşüncəsi qətidir. S.Əliyev təhsilini tamamlayıb məzun olduğu internat məktəbinə idman müəllimi kimi qayıtmaq istəyir.

 

Şəms Ağayeva da eşitmə qüsurludur. İnklüziv təhsil ixtisasının ilk tələbələrindəndir. Taekvando ilə məşğul olur, çoxlu medallar qazanıb. Rəsm, rəqs bacarıqları var. Ailəsinin sayəsində həm idmana, həm incəsənətə, həm təhsilə, bütövlükdə cəmiyyətə adaptasiya olunub. O da gələcəyini idmanla bağlamaq istəyir, uşaqlara taekvandonu öyrətmək arzusundadır. Amma əvvəlcə, kolleci bitirib təhsilini universitetdə davam etdirəcək.

 

Reyhan Cəfərova kollecdə eşitmə qüsurlu tələbələrlə ünsiyyət qurmaq, uzun-uzun söhbətləşmək imkanına malik yeganə şəxsdir desək, yanlış olmaz. Artıq iki ildir qrup yoldaşı Şəms Ağayeva ilə digər yoldaşları arasında körpü rolunu oynayır. Reyhanın valideynləri eşitmə məhdudiyyətli olduğundan işarət dilini yaxşı bilir. Bu bacarığı sayəsində nəinki Şəmsin, hətta hələ I kurs tələbəsi olan Samirin də köməyinə çatır: “Cəmiyyətdə məhdudiyyəti olan insanların əngəlləri aşmağında onlara kömək etmək istəyirəm”.

 

İnklüziv təhsil şöbəsinin müdiri Aygün Quliyevanın sözlərinə görə, artıq 2 ildir fəaliyyət göstərən ixtisas üzrə proqnozlar özünü doğruldub: “Məqsədimiz yaxşı mütəxəssislər yetişdirməkdir. Peşəkar komanda ilə vəzifəmizin öhdəsindən gəldiyimizi düşünürəm”.

 

Kollecin bacarıqlı əlləri

 

ADPK-nın Reyhan, Samir və Şəms kimi bacarıqlı tələbələri çoxdur. Ümumiyyətlə, tələbələrinin ayrı-ayrı bacarıqlar üzrə də inkişafına nail olmaq üçün kollecdə 8 dərnək fəaliyyət göstərir.

 

Direktor İ.İsgəndərovun sözlərinə görə, pedaqoji ixtisaslar  üzrə təhsil alsalar da, kollecin tələbələri çox istedadlıdırlar: Mədəniyyət və İncəsənət Universitetindən Məmmədsəfa müəllimi dəvət etdik. O, aktyorluq bacarığı olan 10 tələbəmizlə məşğul olur. Ötən tədris ilində  “Qəhrəmanlıq zirvəsi” adlı tamaşa hazırladılar. Həm öz tələbələrimiz, həm də ADPU tələbələri tamaşanı heyranlıqla izlədilər”.

 

Direktorun sözlərinə görə, tələbələri təhsilə cəlb etməyin ən yaxşı yolu onları motivasiya etməkdir: “Tələbələrimizdən biri ilk dəfə Polad Həşimovun şəklini çəkib kollecə hədiyyə etdi. Biz də onun bu bacarığını qiymətləndirərək fəxri fərmanla təltif etdik. Özü dedi ki, bu mükafat onu daha çox həvəsləndirib və daha çox çəkməyə başlayıb”.

 

Həmin tələbə - Həmidə Babayeva ADPK-da məktəbəqədər təhsildə korreksiyaedici təlim ixtisası üzrə təhsil alır: “Müharibə başlayanda mən də vətən üçün əlimdən gələni etməyə çalışdım və öz təqaüdümlə 450-dən çox şəhidin şəklini çəkib ailələrinə hədiyyə etdim”.

 

Kollecin 24 qəhrəmanı var

 

Kollecdə daha bir vətənpərvərlik nümunəsi. ADPK dəhlizində kollecin 24 qazi tələbəsindən biri ilə rastlaşırıq. Məhəmməd Lazımov 2017-ci ildə kollecə qəbul olunub. 2018-ci ildə təhsilini dondurararq hərbi xidmətə gedib, amma qayıtmağa tələsməyib. Xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirib və Vətən müharibəsində iştirak edib. Oktyabrın 9-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanıb. “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

2021-ci ilin ikinci semestrindən kollecdə təhsilini davam etdirir: “Kollecdə məni böyük hörmətlə, sevgiylə qarşıladılar. Əvvəl ödənişli təhsil alırdım, amma indi təhsilimə ödənişsiz davam edirəm”.

 

III kurs tələbəsi artıq fiziki tərbiyə müəllimi olmağın xəyalını qurmağa başlayıb. Qaradağ rayonunun sakinidir. Ancaq müəllim kimi harda ona ehtiyac varsa, orda işləyəcəyini deyir.

 

Müəllimlər üçün inkişafedici mühit

 

ADPK-da münbit təhsil mühiti formalaşıb. Bu mühitdən müəllimlərə də pay düşür: “260 müəllimin hər biri son 4 ildə 2-3 dəfə müxtəlif təlimlərə qatılıb. Təlimlə yanaşı, müəllimlərimizi həvəsləndirməyə də çalışırıq. Kollecin imkanlarından müəllimlərin stimullaşdırılmasında istifadə edirik. Hər müəllim il ərzində 1000 manata yaxın mükafat şəklində əmək haqqına əlavə alır”.

 

Ötən il ADPK-da 2 cür - potensial və reytinq qiymətləndirməsi aparılıb. Müəllimlərin kollecin fəaliyyətində rolunu müəyyənləşdirmək üçün aparılan bu qiymətləndirmənin nəticəsinə əsasən, 15 qalib müəllim müəyyənləşib və onların əmək haqqına əlavələr edilib. İ.İsgəndərov bu ənənəni davam edəcəklərini deyir.

 

ADPK-nın müəllimlərindən biri - Leyla Qasımova burada xarici dildə işgüzar və akademik kommunikasiya və ingilis dilindən dərs aparır: “Tələbələrimiz yeniyetmə olsalar da, biz onlarla şəxsiyyət kimi davranırıq. Çalışırıq elə kadr hazırlayaq  ki, auditoriyada çətinlik çəkməsin”.

 

ADPK-da Nitq mədəniyyəti, Azərbaycan dili, uşaq ədəbiyyatı, ədəbiyyat, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənlərini tədris edən Mehranə Məmmədova təhsil müəssisəsində mövcud olan mühitdən razıdır. Müəllimlərin fəallığı ilə tələbələrə nümunə olduğunu deyir: “Mən özüm həm də xanəndəyəm, xanəndə Mənsum İbrahimovun yetirməsiyəm. Burada öz müraciətimdən sonra müsahibəyə dəvət edilib və işə başlamışam. Filologiya üzrə mütəxəssisəm. Həm dərs deyirəm, həm də kollecimizin tədbirlərində iştirak edirəm”.

 

Ləman Rəfiyeva isə psixoloqdur. ADPK-ya 5 il əvvəl dəvət olunub və burda olmaqdan məmnundur: “Loqoped yetişdirmək loqoped fəaliyyətindən daha çətindir. Bunu nəzərə alaraq bütün gücümüzü bu işə sərf edirik. Bu sahənin mütəxəssisi olaraq üzərimə düşəni ən yaxşı şəkildə etməyə çalışıram”.

 

Məşğulluq 69 faizdir

 

ADPK  məzunlarının karyerasını izləyir. Direktor İ.İsgəndərov deyib ki, son 4-5 ilin nəticələrinə görə, məşğulluq 69 faizdir: “Ötən tədris ilində ADPK-nın 743 məzunu olub. Onların 144 nəfəri işləyir, 57 nəfəri müxtəlif sahələrə aid olan dövlət, 87 nəfəri isə özəl müəssisələrdə iş tapıb”.

 

Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə kollecdən 220 nəfər müraciət edib. Məzunlar arasında təhsilini davam etdirənlər daha çoxdur.

 

Kollecin təhsilini universitetdə davam etdirən uğurlu məzunlarından biri Mətanət Rəcəbova hələ tələbəykən özünə iş tapıb: “Pedaqoji təcrübəyə göndərildiyim Mərkəzin rəhbəri məni işə götürdü. Orda əvvəlcə psixopedaqoq, 6 ay sonra müavin kimi fəaliyyət göstərdim. Artıq öz mərkəzimi yaratmışam”.

 

Kollec ilə əlaqələrini kəsməyən M.Rəcəbova kollecdə fərqlənən tələbələri işə götürəcəyini deyir.

 

ADPK-nın imici möhkəmlənir

 

ADPK tələbələri arasında sorğu keçirilir. Suallar tələbələrin müəllimliyə və kollecə olan münasibətini müəyyənləşdirir. Hələlik 466 tələbənin qatıldığı sorğuda iştirak edənlərin 35.4 faizi müəllim olmaq istədiyi, 24 faizi ADPK-nı pedaqoji təhsil verən ən yaxşı kollec hesab etdiyi üçün burada oxuduğunu bildirib. Sorğudan görünür ki, ADPK pedaqoji kadr hazırlığında tarixi missiyasını davam etdirir və XXI əsr təhsilində də o, orta ixtisas təhsili müəssisələrinin ən yaxşısıdır.

 

Ruhiyyə DAŞSALAHLI

 



07.10.2022 | 13:16