“Arzum dünya şahmat tacını ölkəmizə gətirməkdir”

TANITIM. Ayan  Allahverdiyeva 2005-ci ildə Bakıda anadan olub. Altı yaşından şahmatla məşğul olur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsidir. Üçqat Avropa, altıqat Azərbaycan çempionudur.

 

2013-cü ildə 8 yaşlı qızlar arasında I, 2014 və 2015-ci illərdə 10, 2016 və 2017-ci illərdə isə 12 yaşlı qızlar arasında Azərbaycan çempionu olub. 2015-ci ildə Xorvatiyada keçirilən Avropa çempionatında gümüş medala sahib olub.  2018-ci ildə eyni uğuru 14 yaşlı qızların qrupunda təkrarlayıb.  2018-ci ildə 20 yaşlı qızların qrupunda çıxış edib və bürünc medal qazanıb.

 

Müxtəlif yaş kateqoriyalarında Azərbaycanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2015-ci ildə 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci, iki il sonra 12 yaşlı qızların qrupunda üçüncü yeri tutub.  2018-ci ildə Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 9 oyundan 8 xal yığmaqla 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb. 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu olub.

 

Ayan Allahverdiyeva 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında  Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparıb.

 

Şahmatı mənə sevdirən ilk vaxtlarda anam oldu. Ümumiyyətlə, əldə etdiyim uğurlarımda anamın və nənəmin  zəhməti böyükdür. O, hər zaman mənə dəstək olub. Fürsətdən istifadə edib onlara təşəkkürümü bildirirəm. Düşünürəm ki, istənilən sahə ilə məşğul olsan da mütləq hədəf aldığın yerə çatmaq üçün mübarizə aparmalısan. Uşaq yaşlarımdan şahmata marağım olub.  Evdəkilər bu idman növünə olan marağımı görüb mənə şahmat aldılar. Sonradan anam və nənəm şahmatla məşğul olmağıma şərait yaradaraq məni  təcrübəli şahmat müəllimi Vasif Abdullayevin yanına apardılar. Şahmatın ilk sirlərini də Vasif müəllimdən öyrəndim.   Daha sonra Asif Yaqubi,  Azər Mirzəyev, Orxan Abdulov, Fikrət Sideyfzadə,  Anar Allahverdiyevin dərslərini   öyrənməyə başladım.  Hazırda müəllimim   “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müəllimi,  beynəlxalq  qrossmeyster Rəsul İbrahimovdur.  İlk vaxtlarda  oyunlarda  mən  şahmat yoldaşlarıma məğlub olardım. Ancaq buna baxmayaraq, şahmata həvəsim azalmırdı. Əksinə, daha da mübarizə aparıb özümdən güclülərə qalib gəlməyə çalışırdım. Bəli, güclü idmançı olmaq üçün öz üzərində həmişə həvəslə işləməlisən. Ən böyük arzum dünya üzrə tanınmış güclü şahmatçı olmaq, şahmat tacını ölkəmizə gətirməkdir.

 

- Ayan, şahmata yeni başlayan dostlarına nə demək istərdin?

- Yaxşı şahmatçı olmaq üçün siz müxtəlif bacarıqları inkişaf etdirməlisiniz və buna yalnız təcrübə və məşq yolu ilə nail olmaq olar. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, yeni başlayan şahmatçılar öz üzərlərində həmişə çalışsınlar. Onlar bu gün nəticələri aşağı oldu deyə pis olmasınlar. Ruh düşgünlüyü yaşamasınlar. Əksinə, bir az da çox çalışsınlar.

 

Yaddaş müasir şahmatın böyük bir aspektidir. Yaradıcılıq və məntiq vacibdir. Rəqibə qalib gəlmək üçün çətin yaradıcı ideyalar barədə düşünmək lazımdır, lakin şahmat həmçinin praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin üsulları axtararaq yerinə yetirməklə asan üsulları unutmamaq vacibdir. Məntiqlə fikirləşin və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz. Heç kimin təzyiqi altına düşməsinlər, özlərinə inansınlar və məqsədlərinə çatsınlar.

 

- Ayan Allahverdiyeva sonda  şahmatın ölkəmizdə yüksək səviyyədə inkişafından danışdı.

- Şahmatın yüksək inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  öz minnətdarlığımı bildirirəm. İdmanın şahmat növünü  sevən bir gənc  kimi onu deyə bilərəm ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu, olduqca vacibdir. Bu idman növü ilə məşğul olmağa başladınsa,  ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və şahmat dərslərinə  ciddi yanaşıram. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram.   Hər bir işdə ağıl və səbr ilə hərəkət etmək lazımdır. Söz verirəm ki, bundan sonra da böyük arenalarda ölkəmizi layiqli təmsil edəcəyəm.

 

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elvin Hüseynov:  “Ayanın digər idmançılardan fərqi daha çox elmli və şahmata olan həvəsinin çox olmasıdır.  Onun oyun səviyyəsi və ağıllı şəkildə  düşünərək addım atmağı digər idmançılara nisbətən daha çoxdur. O, digərlərindən daha istedadlı olması ilə də fərqlənir. Əgər şahmatçı kifayət qədər uğur əldə etdikdən sonra arxayınlaşmağa məruz qalırsa, onun gələcəyi haqqında rəy vermək çətin olur. İdmançının gələcək uğurları onun öz üzərində daha çox çalışması və məqsədinə çatmaq üçün mübarizə aparmasından asılıdır.  Şahmatçı əgər məşqlərə gün ərzində kifayət qədər  vaxt ayırsa onda onun uğurları da çox olar. Ayan özünü şahmatsız təsəvvür edə bilmir. Mən inanıram ki, Ayan bütün ümidlərimizi  və arzularımızı doğruldacaq, ölkəmizə medallar gətirib bizi sevindirəcək və dünyada  qadınlar arasında tanınmış şahmatçı olacaq.

 

Rəşad ZİYADOV

 



07.10.2022 | 16:19