Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı

Ağdamda 40-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyi Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi düz iki il bundan öncə düşmən işğalından azad edilən Ağdamın hərtərəfli inkişaf strategiyasının tərkib hissəsidir. BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığının nəticəsi olaraq baş tutan “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”-postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusundakı forum Ağdamın yenidən qurulmasına, erməni işğalı zamanı xarabaya çevrilmiş, miskin, acınacaqlı simasının dəyişdirilməsinə, şəhərə geniş infrastruktur layihələrinin qazandırılmasına və məcburi köçkünlərin öz yurdlarına dönməsinə hesablanıb. Bu forumu  Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı kimi də xarakterizə etmək olar.  

 

Məlumdur ki, Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsinin nəticəsi olaraq, 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr bəyanatına əsasən, Azərbaycana təhvil verilən rayonlardan biri Ağdam idi. Ağdam düşməndən necə təhvil alındı, hansı vəziyyətdə idi-bunu, həm dövlət başçısının bu tarixi yurda ilk səfərini izləyərkən, həm ictimaiyyət nümayəndələrinin səfər təəssüratlarından, həm də xarici nümayəndələrin qeydlərindən yaxşı bilirik. Ağdama “Qafqazın Xirosiması” adının verilməsi mübaliğə deyildi, tamamilə dəqiq, ürəkağrıdan təsvir idi. Çünki erməni vəhşiliyi orada bir daş parçası belə saxlamamışdı. Görünməmiş vandallıq, acgözlük Ağdam adlı şəhəri tamamilə yoxa çıxarmışdı. Ermənilərin Azərbaycan silahlı qüvvələrinin hərəkətini izləmək üçün sağlam saxladığı Cümə məscidi Ağdamın varlığının xarabalıq üzərində tək nişanəsi idi. Müharibədən qalib çıxmış Azərbaycanın vəzifəsi isə məhv edilmiş bu tarixi şəhəri tezliklə ayağa qaldırmaq, dözülməz dağıntılar üzərində yeni Ağdam inşa etməkdən ibarət idi.

 

Asan deyildi təbii ki. Çünki hər qarış minalanıb; hər qarış insan həyatı üçün təhlikəlidir; bu vəziyyət sosial-infrastruktur layihələrin tətbiqini əngəlləyir,  bizimsə istəyimiz burada cənnəti tez bir zamanda yaratmaq idi. Əlbəttə ki, çətinliklər niyyətimizə mane olmadı, Ağdam üçün planlar paralel start götürdü. Həm minalar təmizlənməyə başlandı,  həm də sırası ilə görülməli infrastruktur işlərinə xeyir-dua verildi. Qısa zamanda az işlər görülmədi. Prezidentin buraya hər səfəri yeni bir layihənin təməli ilə yadda qaldı. Daha yeni təməllər isə iki gün öncə atıldı. Prezident İlham Əliyev Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin, məcburi köçkünlər üçün şəhərdə yaşayış məhəlləsinin, Atçılıq Nəsilartırma Mərkəzinin,  daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmiryolu və Avtovağzal Kompleksinin təməlini qoydu. Bunlar həqiqətən vacib və nəhəng işlərdir.

 

Məlumdur ki, hazırda Ağdamda məktəb və xəstəxana, yaşayış binalarının tikintisi sürətlə aparılır. Bütün bu işlər təbii ki, Ağdamın simasını dəyişdirəcək. Təxminən iki ildən sonra Ağdamda bir neçə min insanın yaşaya bilməsinə real imkanlar yaranacaq. Yaxın hədəf məhz budur və Zəngilanda həyata keçən Böyük Qayıdış proqramı Ağdamda da öz gözəl nəticələrini verəcək. Dövlətin işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialını səfərbər etməsi bu gerçəyin baş verəcəyinə heç bir şübhə yeri qoymur. Hətta forumda iştirak edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin Ağdam üçün göstərilən səylərə və ayrılan maliyyə ehtiyatlarına heyranlığını bildirməsi Azərbaycanın yurd-yuvalarından 30 ilə yaxın ayrı qalan insanların torpaqlarına qovuşması, orada yaşaması üçün necə mübarizə apardığını, necə əzmlə çalışdığını bir daha təsdiqləyir.

 

Üstəlik, Ağdamda keçirilən bu forum ümid yaradır ki, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üçün hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan   proqramı Ağdamın yeni şəhər kimi formalaşmasına öz föhfəsini verəcək.

 

Təkcə Ağdamın deyil, dağıdılmış Füzulinin, Zəngilanın, Qubadlının da sürətlə yenidən qurulması prosesinə böyük əngəl yaradan mina terrorunun aradan qaldırılmasında da sıx beynəlxalq əməkdaşlıq vacibdir. Xarici təşkilatlar, aparıcı dövlətlər Ermənistanı mina xəritələrinin verilməsinə vadar etməklə yanaşı, minaların təmizlənməsi prosesində Azərbaycana yaxından dəstək göstərməlidirlər. Üstəlik, Ermənistanı sərhədlərin delimitasiyası və demarkasiyasına, sülh müqaviləsini imzalamağa çağırmalıdırlar. Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmağa hazır olduğu kimi, Ermənistan da bu sülh səhifəsini açmağa hazır olmalıdır. Əks təqdirdə hazırkı hərbi sabitlik etibarlı olmayacaq, Ermənistan etibarlı sülhün verəcəyi iqtisadi inkişaf fürsətlərini tamamilə itirəcək.

 

V.ALLAHVERDİYEVA

 



07.10.2022 | 16:35