Özbəkistanın Diplomatiya Universitetinin rektoru BDU-da olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Muxtarov ilə görüşüb.

 

Rektor qonağa Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-nun tarixi, fəaliyyəti, strukturu barədə məlumat verib. Qeyd edib ki, 25 mindən artıq tələbəsi olan BDU-da elmin bütün istiqamətləri üzrə kadr hazırlığı aparılır. E.Babayev  xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini, BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini vurğulayıb.

 

BDU-da olmaqdan məmnunluğunu dilə gətirən Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Muxtarov isə elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

 

Rektorlar daha sonra iki universitet arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

 



08.10.2022 | 12:18