UTECA əməkdaşları “Yerli texnoloji startapların inkişafının təşviqi”nə dair təlimlərdə

2 saylı Gəncə "ASAN xidmət" mərkəzində “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində bacarıqların artırılması üzrə təlimlər başlayıb. Layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilir.

 

Açılış tədbirində Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının və Gəncədə fəaliyyət göstərən universitetlərin rəhbər şəxsləri çıxış ediblər.

 

Azərbaycan Texnologiya Universitetini (UTECA) elm və xarici əlaqələr üzrə müşavir, elm və innovasiyalar üzrə prorektor əvəzi, dosent Mayıs Gülalıyev təmsil edib. O çıxışında bildirib ki, innovativ iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri startaplardır və onların inkişafı ekosistemin əlverişliliyindən keçir. Bu əlverişlilik digər amillərlə yanaşı, universitetlərdəki təhsilin səviyyəsindən və yaradılmış şəraitdən asılıdır. M.Gülalıyev belə təlimlərin əməkdaşların bu sahədəki bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini xüsusi vurğulayıb.
 

Qeyd edək ki, təlim proqramının əsas məqsədi yerli texnoloji startapların inkişafının təşviqi, iştirakçılar üçün uğurlu texnoloji startap mərkəzlərində idarəetmə təcrübələrinin paylaşılmasıdır. 17 oktyabra qədər davam edəcək intensiv təlimlərdə Azərbaycan Texnologiya Universitetinin səkkiz əməkdaşı iştirak edir.
 

Təlimlər Almaniyanın “Steinbeis GmbH & Co.KG” və yerli “Ekvita Consulting MMC şirkətlərinin ekspertləri tərəfindən aparılır.
Asiya İnkişaf Bankı tərəfindən 2020-ci ilin 3 dekabrında təsdiqlənmiş Texniki Yardım Layihəsi qrant şəklində Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir.

 



10.10.2022 | 11:02