“İnvaziv radiologiya - müasir elmi yanaşmalar” mövzusunda elmi seminar

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin təşkilatçılığı ilə ali təhsil ocağında elmi seminar keçirilib.

 

Universitetdə yaradılan müasir təlim-tədris imkanlarından söz açan rektor Elbrus İsayev bildirib ki, ölkəmizin bir çox ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də müasir tədris infrastrukturu yaradılıb. Qeyd edilib ki, ali təhsil ocağında tələbələrin savadlı, hərtərəfli yetişməsi üçün hər cür şərait mövcuddur. Fakültədə yaradılan müasir texnologiyaların, zəngin laboratoriyaların və ən son tibbi avadanlıqların mövcudluğundan bəhs edən rektor diqqətə çatdırıb ki, burada keçirilən nəzəri biliklərin təcrübədə tətbiqi, tələbələrin tanınmış cərrahlarla görüşməsi, ustad dərslərin təşkili onların gələcəkdə savadlı kadr kimi formalaşmasına hərtərəfli şərait yaradır. Nəticədə universitetin tibb fakültəsi üzrə məzun olan tələbələri ölkənin, eləcə də muxtar respublikanın səhiyyə sisteminə öz layiqli töhfələrini verirlər. Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışan E.İsayev tələbələrin peşəkar kadr kimi yetişdirilməsi üçün müxtəlif tədris planlarının, təcrübə proqramlarının həyata keçirildiyini vurğulayıb.

        

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, N.Tusi adına klinikanın həkim radioloqu Yunus Əfəndiyevin, Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin həkim radioloqu Anar Kazımovun məruzələri dinlənilib.

 

“Fetal radiologiyada müasir görüntüləmə üsulları” mövzusunda çıxış edən Oksigen klinikasının həkim radioloqu Azər Fərəcov bildirib ki, Fetal MRT fetal diaqnostik görüntüləmə metodlarından biridir.

        

Daha sonra “İnvaziv Radiologiyanın yeni nailiyyətləri”, “Kompüter tomoqrafiya müayinəsinin yeni vektorları və imkanları”, “Ultrasəs müayinəsinin qeyri-ənənəvi, müasir semitologiyası”, “Müasir radioloji kontrastlaşma üsulları və maddələri”, “Süd vəzinin radiologiyasının dəyərləndirilməsi” mövzularında  çıxışlar dinlənilib.

        

Sonda iştirakçıların sualları cavablandırılıb.

 



10.10.2022 | 17:49