7 saylı “ASAN xidmət” mərkəzinə mediatur

Oktyabrın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 saylı “ASAN xidmət” mərkəzinə mediatur keçirilib.

 

Məqsəd sözügedən “ASAN xidmət” mərkəzində təqdim olunan elm və təhsil xidmətləri ilə tanışlıq olub.

 

Mediatur iştirakçıları Mərkəzdə vətəndaşlara göstərilən elm və təhsil xidmətləri ilə tanış olub və ətraflı məlumatlandırılıblar.

 

Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki, hazırda Mərkəzdə elm və təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat və digər məsələlər üzrə xidmətlərdən yararlanmaq mümkündür. Sözügedən "ASAN xidmət" mərkəzində sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatların təqdim olunması xidmətinin də mövcud olduğunu vurğulayan Muxtar Məmmədov sertifikatlaşdırma prosesinin əhəmiyyətinə də toxunub, bunun müəllimlərin əməkhaqqı sisteminə müsbət təsir göstərdiyini deyib.

 

Bildirilib ki, hazırda Bakı şəhərində  7 saylı, Sumqayıt şəhərində 2 saylı və Gəncə şəhərində 1 saylı “ASAN xidmət” mərkəzində sertifikatlaşdırmadan keçən təhsilverənlərə sertifikatların verilməsi xidməti göstərilir. İlkin mərhələdə 12 sentyabr tarixində müsahibə mərhələsindən keçmiş təhsilverənlər bu xidmətdən yararlana biləcəklər. Digər tarixlərdə təşkil olunmuş müsahibələrdə uğur qazanan təhsilverənlər də növbəli şəkildə sertifikatlarını əldə edə bilərlər. 

 

Daha sonra təhsilverənlərin bir qisminə müvafiq sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri, 2 saylı Sumqayıt və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində vətəndaşlara elm və təhsil xidmətləri təqdim edilir. 

 

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: 

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler

 

 



14.10.2022 | 16:57