İsrailin ölkəmizdəki səfiri Corc Dik ADU-nun tələbələrinə mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

 

Kamal Abdulla bildirib ki, fövqəladə və səlahiyyətli səfirlərin tələbələrlə görüşü hər zaman maraqlı, faydalı və yaddaqalan olur.

 

Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsində həqiqətin tərəfində dayanan ölkə kimi İsrailə xalqımızın qəlbində dərin minnətdarlıq hissinin olduğunu deyən akademik bu mənəvi dəstək üçün  təşəkkür edib:“İsraildə Azərbaycana münasibət çox gözəldir. İsrail multikulturalizm prinsipləri ilə yaşayan ölkədir. Biz dövlət və xalq kimi bir-birimizi çox yaxşı anlayırıq. Azərbaycanda İsrail haqqında böyük məhəbbətlə danışırlar. Müəllimlərimiz ibri dilini böyük sevgi ilə tələbələrə tədris edirlər. İsrail tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini tələbələrimizə sevə-sevə öyrədirik”.

 

Səfir Corc Dik iki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsindəki əlaqələri yüksək dəyərləndirib. Qeyd edib ki, Azərbaycan Dillər Universiteti ibri dilinin öyrədildiyi yeganə ali məktəbdir: “Bu universitetdə dilimizin yüksək səviyyədə tədrisi məni çox sevindirir. Tələbələrinizin ibri dili biliyi yüksək səviyyədədir. Siz müəllimləriniz və tələbələrinizlə fəxr edə bilərsiniz. Azərbaycan Dillər Universiteti Azərbaycan-İsrail münasibətlərində bir körpüdür. İbri dilini öyrənən tələbələr gələcəkdə iki ölkə arasındakı münasibətlərdə öz işlərini yüksək səviyyədə görəcəklər”.

 

Rəsmi görüşdən sonra səfir Corc Dik tələbələrə Azərbaycan-İsrail diplomatik əlaqələri haqqında mühazirə oxuyub.

 

 



15.10.2022 | 11:38