Əhməd Cavad yaradıcılığında maarifçilik ideyalarına bir nəzər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının və Azərbaycan məktəb və pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai-siyasi xadim, tərcüməçi, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 2022-ci ildə Sərəncam imzalamışdır.

 

“Axund oğlu”, “Əlif Cim”, “Dəli şair”, “Ərdahan Cavad”, “Gəncə - Cavad”, “Cavad” və digər imzalarla tanınan Vətən aşiqi olan Əhməd Cavad hər bir əsərində vətənə sevgi və vətənin mədəni tərəqqisini təbliğ və tərənnüm etmişdir.

 

Ömrünün 24 ilini bir pedaqoq kimi ictimai həyata həsr edən Əhməd Cavadın mövzu xətlərindən biri maarifpərvərlik olmuşdur. “Çalış qulluq elə bəşəriyyətə” - deyən şair maarifi cəmiyyətdən zülmün qovulmasına səbəb olacaq bir amil kimi qiymətləndirir. Əlbəttə, o zamankı şəraitdə maarifçilik təşəbbüsünün mütərəqqi əhəmiyyətini inkar etmək olmaz.

 

Əhməd Cavad maarifi təbliğ etmək məqsədilə “Dilimiz”, “İmdad”, “Heyhat”, “Şəhid əsir”, “Oyan”, “Uf, bu yol”, “Kuropatkinə” və sair onlarla şeirlər yazmışdır. Böyük şair yalnız xalqın siyasi və mənəvi düşməni sayılan hakimi - mütləqlərin əleyhinə çıxmaqla kifayətlənməmiş, onu gerilikdə saxlamağa çalışan yalançı din nümayəndələrinin, ruhanilərin də iç üzünü açmışdır. XX əsrin əvvəllərində Azərbaycanda mövhumat, xurafat əleyhinə mübarizələrdə Əhməd Cavad ön sırada gedən ziyalılardan sayılırdı. Şeirdən böyük, poemadan kiçik olan “Kuropatkinə”  adlı  70  misralıq  şeirdə  oxuyuruq:

 

Kimdir bizim minarədə azanları susduranlar?

“Doğru yola sapma” deyib qanlı irin qusduranlar?

Kimdir böylə qara pərdə çəkdi bizim bu minbərə?..

“Din” söylədik Qurandakı təbdilinə yeltəndiniz,

“Dil” söylədik fikrimizə məzar oldu Qara dənuz!..

Adlarını dəyişdirib məmləkətin, ilin, ayın,

Siz dediniz sadə türkü məktəblərə buraxmayın!..

Sonra bizi Avropada vəhşi deyə yazın, pozun,

Bunun doğru olduğuna inandınmı sənin özün?

 

Əhməd Cavad maarifçilik ideyasını “İqbal”, “Şəlalə”, “Füyuzat”, “Azərbaycan”, “Maarif və mədəniyyət”, “Açıq söz”, “Arı”, “Maarif işçisi” kimi qəzet və jurnallar vasitəsilə məqalələrində, publisist əsərlərində də təbliğ edirdi. Bu baxımdan, “Azərbaycan” qəzetində çap olunan “Denikin və Gəncə” (“Azərbaycan” qəzeti, 1919, 4 iyun), “Abbaszadə Mirzə Abbasın yubileyi” (“Azərbaycan” qəzeti, 1919, 2 iyun), “Yeni nəsil. İctimai yaralarımız” və s. adlı məqalələri diqqəti ayrıca cəlb edir.

 

“Denikin və Gəncə” adlı sərlövhəli məqaləsində həyəcan dolu notlar hər bir oxucunun diqqətini tutur. Oxuyuruq: “Denikin xəbəri Gəncədə dəhşətli bir sui-təsir buraxmışdır. Mürtəce general tərəfdarı və agentləri əhali arasında cürbəcür şayiələr buraxmaqdadırlar. Cəmaət həyəcan içindədir. İstiqlaliyyət və hürriyyət düşmənlərinin sərhədimizə yaxınlaşması əhalini qızışdırmışdır. Sadədil əhali, avropalılara, iki üzlü siyasət yürütdükləri üçün şübhə bəsləyir. Ruh düşkünlüyü yoxdur. Kimdən sorsanız, heç biri fədakarlıqdan çəkinməyəcəgin böyük bir mətanət ilə söyləməkdədir. Hər kəs, Denikinin talan və yağmadan başqa bir şey gətirməyəcəyini söyləyir. Ciddi addımların atılacağı zamanı gəldiyini əhali kəndisi söyləyir. Rəsmi xəbərlərə baxmayıb, hər kəs “Bizi aldatmaq istəyirlər” - deyir”.

 

Əhməd Cavadın digər məqalələrinin qiyməti, hər şeydən əvvəl, həm də dünyəvi-təbiət elmlərini dini elmlərə qarşı qoymasındadır. Əhməd Cavad da digər maarifçilər kimi (F.Köçərli, S.M.Qənizadə, Ö.F.Nemanzadə, H.Cavid, H.Zeynallı, Y.V.Çəmənzəminli, T.Ş.Sümurğ və d.) ümumi icbari təhsil məsələsini irəli sürmüş, hər iki cinsin oxumasını zəruri hesab etmişdir.

 

Vətən fədaisi Əhməd Cavadın yaradıcılığında qeyd etdiyimiz kimi vətənpərvərlik mövzusunda yazılmış şeirlər qabarıq şəkildə mühüm yer tutur. Onun “Azərbaycan”, “Azərbaycan dastanı”, “Şeirim”, “Dalğa”, “Göy göl”, “Dağlar”, “Əsir Azərbaycan”, “Ay ellər”, “Balalarıma”, “İngilis”, “Gəlmə”, “Çırpınırdın, Qara dəniz!”, “Ağlayırdım, gülürəm”, “Ey əsgər”, “Türk ordusuna”, və s. şeirləri bu qəbildəndir. Adını çəkdiyimiz və çəkə bilmədiyimiz bu qəbilli şeirlərin hər birində vətənin, xalqın azadlıq və istiqlaliyyəti, xoşbəxt gələcəyi uğrunda mübarizə leytmotiv kimi səslənir.

 

Əhməd Cavad azadlığı mücərrəd deyil, şəxsiyyət, söz, fikir, mətbuat azadlığı kimi konkret şəkillərdə düşünür. Şair-pedaqoq eyni zamanda, azadlığa “hümmət eylə”nməsinin qəbul edilməsini lazım bilirdi:

 

Şeiri sınıq bir türk sazı, ağladaraq tellərini,

Adaq-adaq gəzmək istər könlüm Turan ellərini.

Mən bir Turan yolçusuyam, əlimdə bir sönük masal,

Aman şeirim hümmət eylə, aman təbim bir qanad çal!

Silim könül qubarını, baxım nədir baş yazısı?

 

Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı!.. (Şeirim adlı ş)

“İqbal” qəzetinin 24 mart 1915-ci il tarixli nömrəsində dərc edilən “Yas türküsü” adlı şeiri də ibrətamizdir:

 

Didilmiş bədənlər, yolunmuş saçlar,

Dağılmış yuvalar, görmək istəsən;

Qardan kəfən geymiş yoxsullar, aclar,

O ellərdə nə var, bilmək istəsən?

Sana bir kamançı hər şeyi söylər,

Mən bir kamançaçı, tellərim inlər!

 

- deyən şair ictimai bərabərsizliyə etiraz edir. Siyasi lirikanın gözəl nümunəsi olan bu şeirdə ictimai ziddiyyətlərin real təsviri verilmişdir.

 

Əhməd Cavadın 14 avqust 1918-ci il tarixində “Gənclər yurdu” qəzetində “Marş”  adlı  üsyankar  şeiri  çap  etdirməsi  maraqlı  idi.  Bu,  onun  görüşlərindəki  sürətli  inkişafı  göstərirdi. “Marş” şeiri bilavasitə inqilabi hadisələrin Əhməd Cavad yaradıcılığında əks-səda idi.

 

Vətənpərvər şair istibdadın törətdiyi fəlakətləri göstərməklə kifayətlənməyib, özünü mübarizəyə daha da motivə edir. O, azadlığın, xoşbəxtliyin mübarizə ilə əldə ediləcəyinə inanır:

 

Millətimin tarixinə,

Şan, şöhrət əkməliyəm!

Bu qarşıda, yad qalaya,

Bir al bayraq dikməliyəm!

 

Düşmənlərə göstərdim ki,

Mənim kimi bir əsgər yox!

Mənim qılınc vurmadığım,

Dünyanın heç biri yox!

 

Bayrağıma xain baxan,

Xain gözə bən tikanım!

Vurulursam kölgəsində,

Halal olsun ona qanım!

 

“Yarandın” adlı şeiri Əhməd Cavadın yaradıcılıq ideallarının başlıca istiqamətini göstərən xalq azadlığı, səadəti ideyasını əks etdirir. O, başqa bu kimi şeirlərində də yeni həyatın, ancaq inqilab vasitəsilə əldə edilə biləcəyi nəticəsinə gəlir. “Dalğa” adlı şeirində tutduğu yaradıcılıq yolunun inqilabi mahiyyətdə olduğunu söyləyir. Obrazlı təfəkkürün məhsulu olan “Al bayrağa” (1919)  adlı  şeirində  vətəni  gülşənə,  onda  fəryad edənləri bülbülə bənzədib, istibdadı inqilabla hədələyir. “Azərbaycan bayrağı” adlı şeirində isə:

 

Gedərkən Turana, çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver, gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, Byrağım!

 

- deyə artıq inqilab vaxtının çatdığını söyləyir. Yeri gəlmişkən demək lazımdır ki, Əhməd Cavadın yaradıcılığında “inqilab” məfhumu bəzən çox mücərrəd mənada işlədilir. O, inqilabdan çox, milli intibah, tərəqqi, mədəniləşmək səciyyəsi daşıyır.

Əhməd Cavad gələcəyə parlaq nəzərlə baxırdı. “Göy göl” adlı şeirində bu inam aydın hiss olunur.

 

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır yıldıza, aya!

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göy göl!

 

Əhməd Cavad 1925-ci ildə “Göy göl” adlı şeirinə görə “5-6 ay həbsdə” saxlanılsa da bu şeiri  dövrü  üçün  də,  çağdaş  dövrümüz  üçün də  böyük  ictimai  əhəmiyyətə  malik  əsər  saymaq  olar.  Onda  nikbinliyə,  fəaliyyətə  doğru hərəkətverici bir ruh, insan gücünə, parlaq gələcəyə inam vardır ki, Əhməd Cavadın iztirablarını yüngülləşdirən amillərdən biri də budur.

 

Bir azadxah kimi çıxış edən şairin bu haqdakı fikirləri belə qənaətə gəlməyə əsas verir ki, şairin azadlıq ideyalarının, vətən və onun taleyi, vətən həsrəti kimi geniş mahiyyətdə olduğunu göstərən əsərləri çoxdur.

 

Vətən sevdalısı Əhməd Cavadın yaradıcılığındakı görüş və baxışlara yekun vurarkən belə nəticəyə gəlirik:

 

* Unudulmaz maarifçi Əhməd Cavad milli mənafe uğrunda mübarizədə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafına dəyərli töhfələr vermişdir;

* Xalq maarifinin carçısı sayılan Əhməd Cavad vətən konsepsiyasında yeni ideyalar irəli sürərək Azərbaycan pedaqoji fikrini zənginləşdirmişdir.

* Milli-azadlıq hərəkatından ilham alan Əhməd Cavad nümunəvi şəxsi keyfiyyəti və parlaq yaradıcılığı ilə hər bir oxucunu mənəvi saflığa, yüksək amallara çağırmışdır;

* Azərbaycan xalqının milli və dini təəssübkeşi Əhməd Cavad öz yaradıcılıq dəsti-xətti ilə gənclərin, o cümlədən yeniyetmələrin mənəvi keyfiyyətlər ruhunda tərbiyə edilməsinin əhəmiyyətini dəqiqləşdirmişdir;

* Əhməd Cavad təhsilin ümumi, məcburi və pulsuz olması, təhsilin məzmununun milliləşdirilməsi və zənginləşdirilməsinin həlli yollarını mətbu orqanlarda əsaslandırmışdır;

* Əhməd Cavad pedaqoji fəaliyyəti ilə yanaşı proqram və uşaqlar üçün “Sərf və nəhv” (Qrammatika) adlı dərslik yazmışdır;

* Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış Əhməd Cavad yaradıcılığının leytmotivini təşkil etmişdir;

* Vətən bir fidandır, enməz bayrağı - deyən Əhməd Cavad xalqın ağır vəziyyətinə biganə qalmamışdır;

* Xalq maarifçisi Əhməd Cavad - vətənpərvərlik, milli mənlik şüuru, milli ləyaqət, xalqın dilinə, dininə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə hörmətlə yanaşmağı, onu qoruyub saxlamaq və inkişaf etdirməyi əxlaqi-mənəvi keyfiyyət saymışdır;

* Ölkənin himni səviyyəsində qəbul edilən və sevilən Əhməd Cavad milli tərbiyə problemlərini həll etməyə qabil ziyalılar dəstəsi yetişdirmişdir.

 

Kamal CAMALOV,

Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

 



16.10.2022 | 10:37