“Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı”

“Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Yalnız bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər.  Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımız, ana dilimizdir, milli təfəkkürümüzdür”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin fevral ayında Prezident mükafatına layiq görülmüş gənc istedadlara ünvanlanmış bu sözləri, onların elm və incəsənətin bütün sahələri üzrə uğur qazanmalarında əsas nəsihət olmuşdur. Həqiqətən də şəxsiyyətin milli özünüdərki, ilk növbədə, öz milli mədəniyyətinə mənsubluq hissi ilə formalaşır. Milli təfəkkürün inkişafında isə musiqinin rolu xüsusilə böyükdür.

 

Bu səbəbdən də bizim qarşımızda musiqi təhsilini sistemləşdirmək kimi məsələ durmuşdur ki, bunun sayəsində gənc musiqiçilər təkcə dünya musiqi klassiklərinin deyil, həm də milli xalq musiqi yaradıcılığı, Azərbaycan bəstəkarlarının milli məqamlara əsaslanan musiqisi ilə təmasda olmaq imkanı əldə etsinlər.

 

Bu iş prosesində 2012-ci ildə ibtidai və orta ixtisas musiqi təhsili sistemində milli musiqiçi kadrlarının hazırlanmasına yönəlmiş “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürün inkişafı Proqramı”nın xüsusi rolu vardır. Layihənin müəllifləri Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli və BMA-nın məktəb-studiyasının direktoru Tərlan Seyidovdur.

 

Bir sıra ixtisas fənlərinin kursuna əlavə olaraq təqdim olunan bu proqram Bakı Musiqi Akademiyasının məktəb-studiyasının elmi-eksperimental bazasında işlənmişdir və gənc nəslin milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi yolunda aparılan işlərin nəticəsi olmuşdur. Proqram ölkənin musiqi təhsilində islahatların aparılması işinin tərkib hissəsinə çevrilib.

 

Yeni layihənin ərsəyə gəlməsinin tarixçəsi var. Məlumdur ki, bizə sovet dövründən etibarlı sayılan musiqi təhsil sistemi miras qalmışdır. Lakin bu sistemdə sovet respublikalarında regional milli musiqinin inkişafına kifayət qədər diqqət yetirilməmişdir. Bu, hər şeydən əvvəl, musiqi təhsilinin bütün səviyyələrinin - ibtidai, orta və ali təhsilin folklor komponentinə aiddir. Halbuki, artıq 1945-ci ildə, Üzeyir Hacıbəylinin vəfatından üç il əvvəl, onun pianoçu Kövkəb xanım Səfərəliyevanın redaktorluğu ilə “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri nəşr edilmişdir. Bu əsər mahiyyətcə risaləyə çevrilərək bütün ixtisas və yaş kateqoriyalarına aid musiqiçilərə xalq yaradıcılığının “əlifbasını” dərk etməkdə geniş imkanlar yaratmışdır.

 

BMA tərəfindən dahi klassik  Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental elmi əsəri milli lad təfəkkürünün inkişafına güclü stimul vermişdir. Üzeyir Hacıbəylinin ilk dəfə latın dilində nəşr olunan bu əsəri ikinci dəfə işıq üzü görmüş oldu. Üzeyir bəyin kitabının daha yaxşı başa düşülməsi və öyrənilməsi üçün bu nəşrdə Azərbaycan xalq musiqisinin əsaslarının dərindən öyrənilməsinə töhfə verən metodik tövsiyələr yer alıb.

 

Fərhad Bədəlbəylinin rəhbərliyi ilə bu layihənin həyata keçirilməsində Tariel Məmmədov (elmi redaktor), Ramiz Zöhrabov (elmi məsləhətçi) və Cəmilə Həsənova (redaktor və metodiki tövsiyələrin tərtibçisi) iştirak ediblər.

 

2010-cu ildə BMA-nın məktəb-studiyası tərəfindən musiqi məktəbi və kollec tələbələri üçün Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin adaptasiya olunmuş nəşri (tər. Tərlan Seyidov) hazırlanıb çap edilmişdir.

 

Üzeyir Hacıbəylinin elmi əsərinin bu iki nəşri (birincisi bütöv halda, ikincisi isə adaptasiya olunmuş) təqdim olunan “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı Proqramı”nın hazırlanması üçün əsas olmuşdur.

 

Bu proqram lad sisteminin tədricən öyrənilməsini nəzərdə tutur. 1-4-cü siniflərdə uşaqlar solfecio dərslərində oxuyur və öz alətlərində yeddi əsas ladların tam kadanslarını və səsdüzümlərini ifa edirlər. 5-7-ci siniflərdə bura yarım kadanslar və əsas ladların ilk bölməsi - mayə əlavə olunur. 8-11-ci siniflərdə və musiqi kolleclərinin 1-4-cü kurslarında tələbələr öz alətlərində ladların bütün bölmələrini oxuyur və ifa edirlər.

 

Proqram bir neçə il məktəb-studiyada işlənilmiş, BMA-nın Elmi Şurası tərəfindən nəzərdən keçirilmiş və təsdiq edilmişdir. Bu proqram “Azərbaycan xalq musiqisinin əsasları”, “Solfecio”, “İmprovizasiya və bəstəkarlıq”, “Xor sinfi”, “İxtisas aləti”, “Ümumi fortepiano” fənlərinin kurslarına əlavədir.

 

2013-cü ildə Proqramın nəşrindən bir il sonra BMA-nın böyük zalında Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, BMA-nın professorları - Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Minarə Dadaşova və Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Kamilə Dadaşzadənin iştirakı ilə elmi əsərin müzakirəsi baş tutmuşdur. Onlar öz çıxışlarında proqramın musiqi məktəblərinin və kolleclərinin ifaçılıq və nəzəri fənlər kurslarına geniş şəkildə daxil edilməsinin yüksək əhəmiyyətini və zəruriliyini qeyd etdilər.

 

Təqdimat “Azərbaycan ladlarını Üzeyir Hacıbəyli sistemi ilə təhlil və ifa edirik” adlı səhnələşdirilmiş tamaşa ilə müşayiət olunurdu. Məktəb-studiyanın şagirdləri milli geyimdə xalq rəqsləri ilə çıxış etmiş, şeirlər söyləmiş, yeddi əsas ladda müxtəlif alətlərdə Azərbaycan xalq musiqisindən nümunələr oxumuş və ifa etmişdilər.

 

Məktəb-studiya tərəfindən buraxılmış və 2015-ci ildə “Təhsil” nəşriyyatında çapdan çıxmış “Azərbaycan ladlarının öyrənilməsinə dair ikicildli müntəxəbatın (tərtib edənlər: Tərlan Seyidov, Cəmilə Həsənova, Leyla Zöhrabova və Aytən İbrahimova) Proqramın mənimsənilməsində əhəmiyyətli rolu olmuşdur. Burada ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin (1-ci cild) və Azərbaycan bəstəkarlarının yaradıcılıqlarından (2-ci cild) seçilmiş nümunələr yeddi əsas lad əsasında (Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Hümayun) hər biri müvafiq bölmədə lad mənsubiyyətinə görə sistemləşdirilmiş və yerləşdirilmişdir.

 

Bütün musiqi nömrələri öz tonallıqlarına uyğun olaraq, İminə Əliyevaya məxsus, eşitmə üsulu ilə yadda qalan səciyyəvi lad modellərindən başlayır. O, həmçinin “Azərbaycan ladlarının öyrənilməsi və lad-intonasiya eşitmə qabiliyyətinin inkişafı üzrə praktiki vəsait” nəşr etdirmişdir. Məktəb-studiya tərəfindən hazırlanmış, Lala Dadaşovanın “Solfecio” (“Təhsil”, 2015) adlı universal dərs vəsaiti də Azərbaycan xalq və bəstəkar musiqisinin nümunələri ilə zəngindir. Həmin dərslikdə də ladların öyrənilmə ardıcıllığı ondan əvvəl dərc olunmuş Proqrama uyğundur.

 

Bu Proqram ölkənin musiqi təhsili sisteminə məktəb-studiya tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlər vasitəsi ilə tətbiq olunmuşdur. Həmin tədbirlər sırasına ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-tədqiqat konfransı, “Gənc musiqiçilərin təhsilində məktəb-studiyanın innovativ üsulları” konfrans-təqdimatı, Qara Qarayevin yaradıcılığına (2016), Cövdət Hacıyevin (2017) və Qara Qarayevin (2018) 100 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilər təhlil və ifa edir” Respublika elmi və ifaçılıq müsabiqələri, “Akademik, xalq və caz musiqisi” Respublika və Beynəlxalq festivalları (2018 və 2020), “Soltan Hacıbəyov - 100, İsmayıl Hacıbəyov - 70” gənc musiqiçilərin Respublika festivalı (2019) aiddir.

 

Proqramın dərcindən sonra təhsil müəssisələrində lad sisteminin tədrisinə nəzər yetirsək, müsbət amil kimi, əminliklə qeyd etmək olar ki, hazırda uşaqlarımız musiqi təhsilinin ilk addımlarından solfecio və ixtisas dərslərində Avropa lad sistemi ilə yanaşı, dahi Üzeyir Hacıbəylinin elmi sisteminə uyğun Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir, məktəb-studiyanın təşkil etdiyi respublika və beynəlxalq festival və müsabiqələrdə qazandıqları biliklərini nümayiş etdirirlər.

 

Tərlan SEYİDOV,

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, BMA-nın məktəb-studiyasının direktoru

 



16.10.2022 | 12:46