“Olimpiadaya başlamağın yaşı yoxdur”

Son illərdə Elm və Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verirlər. İndi onların sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Onlardan biri də olimpiada qalibi, hazırda  Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (Korea Advanced Institute of Science and Technology - KAİST) tələbəsi Elçin Musazadədir.

 

Tanıtım. 2005-ci il fevralın 14-də anadan olub.  İbtidai təhsilə 254 nömrəli  tam orta məktəbdə başlayıb. Daha sonra  orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. Bakıdakı 2  nömrəli texniki humanitar liseyin məzunudur. Beynəlxalq və yerli olimpiadalardan müxtəlif əyarlı medallar və həvəsləndirici mükafatlar qazanıb. Beynəlxalq Riyaziyyat Olimpiadasından 1 bürünc, 2 həvəsləndirici, Balkan Riyaziyyat Olimpiadasından 2 bürünc,  Yeniyetmələrin Balkan Olimpiadasından 1 gümüş, 1 bürünc medal qazanıb. Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadasında isə riyaziyyat fənni üzrə 1- ci yeri tutub və qızıl medala layiq görülüb.

 

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

- Olimpiadaların  həyatımda çox böyük rolu olub. Riyaziyyatı uşaqlığımdan  sevdiyimə görə  mənim üçün olimpiadalara başlamaq və  saatlarla  riyaziyyat tapşırıqları üzərində işləmək daha çox zövq verirdi. Bilik müsabiqələrindən yaxşı nəticələr əldə etməyim həvəsimi daha da artırırdı. Üstəlik, olimpiadaların nəticələri universitetlərə sənəd göndərəndə qəbul prosesini daha da asanlaşdırırdı.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz? Kimlərinsə məsləhəti ilə, yoxsa özünüz seçmisiniz. Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir?

- Son vaxtlar Koreyaya gedən olimpiada ilə məşğul olmuş tələbələrin sayı artan trenddədir. Onların arasında şəxsən tanıdığım dostlarım da var idi, onların məsləhəti və  bu ali məktəbin dünya universitetlərinin qlobal reytinqində yüksək yerdə olması, yaratdığı yüksək tədris şəraitinə görə sənədlərimi bu ali təhsil müəssisəsinə göndərdim. Koreya  hazırda “Kompüter mühəndisliyi” ixtisası üzrə  dünyanın öndə gedən ölkələrindəndir və özünəməxsus mədəniyyəti məni burada oxumağa cəlb etdi.

 

- KAİST-in tədris mühiti necədir? Hazırda hansı fənləri və ixtisas sahələri tədris olunur? Tələbələrin tədqiqatlara münasibəti necədir və buna şərait və imkan yaradılırmı?

-  KAİST-in  reytinqinin yuxarı olmağının əsas səbəblərindən biri də keyfiyyətli elmi-tədqiqatlar aparmağa və tədrisi təşkil etməyə imkan verən laboratoriyalarıdır. Burada tədqiqat sahələri çox genişdir və nəticələri də öz sözünü deyir. Tədrisin ilk ilində ali məktəbdə fundamental dərslər kimi  fizika, kimya və onların laboratoriya tapşırıqları, biologiya və riyaziyyat tədris olunur.

 

- Kompüter mühəndisliyinin imkanları və gələcək perspektivləri barədə nə deyə bilərsiniz?

 - Ekstremal hadisələr baş verməsə, gələcəyimizi heç bir sahədə texnologiyalarsız  düşünə bilməyəcəyik. Ona görə də hamı kompüter haqqında məlumat və biliklərə sahib olmalı olacaq.

 

Tədrisdə daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir? Hansı texnologiya və resurslardan istifadə olunur?

- Dərslərin bir çoxu ənənəvi şəkildə keçirilir, ancaq onlayn dərslər də professorlar üçün bir seçimdir. Resurslar isə hələ ki mövzu haqqında olan məşhur  kitablardandır.

 

- KAİST-də əcnəbi tələbələrə münasibət necədir? Və müəllim-tələbə münasibətləri.

- KAİST-də əcnəbi tələbələrin sayı kifayət qədər çoxdur və  onlara qarşı münasibətdə heç bir narahatçılıq hiss eləmirik. Koreyalı tələbələrin ingilis dilində danışmağa çox meyil etməməsi onlarla əlaqələri zəiflədir desəm, yanılmamış olaram. Professorlarla əlaqədə isə təcrübəm olmadığı üçün fikir bildirə bilmirəm, ancaq indiyə kimi heç bir problem görməmişəm.

 

- Olimpiada qalibi kimi dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz? Uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

- Uğurlarıma görə mənim həvəslə çalışmağımda,  çalışmayanda, bəzən də pis nəticə əldə edəndə mənə təkan verən və dəstəkləyən anama borcluyam.  Mənə dərs keçən  Cəfər Cəfərov, Nazim Kazımov, İsmət Ağayev, Şəmsi Səfərov və  bir çox adlarını çəkmədiyim  digər  müəllimlərimin də üzərimdə çox böyük rolu olub.

 

- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? Bu sahədə təcrübə və biliklərinizi bölüşürsünüzmü?

- Məncə, olimpiadaya başlamağın yaşı yoxdur, olimpiada tarixində 13 yaşında dünya olimpiadasından qızıl belə alan, eləcə də  orta təhsilinin sonuncu ilində olimpiadaya başlayıb  yüksək nəticə qazanan şagirdlər var.

Amma hazırda ölkəmizdə təşkil olunan fənn müsabiqələri ilə olimpiadaya ciddi şəkildə başlamaq məncə, ən məqsədəuyğunudur, mənim başladığım kimi.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Gələcəkdə özünüzü harada görürsünüz?

- Gələcək planlarım barədə çox uzunmüddətli olaraq danışmağı xoşlamıram. Qısamüddətli planım isə universiteti bitirib magistr təhsilim haqqında düşünməkdir.

 

Oruc MUSTAFAYEV

 



17.10.2022 | 13:31