17 oktyabr Füzulinin işğaldan azad olunduğu gündür

17 oktyabr təqvimdə Füzuli rayonunun erməni işğalından azad olunması tarixi kimi əbədiləşib. İki il bundan öncə, Vətən müharibəsinin gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən Azərbaycan xalqına böyük sevinclə elan etdi.

 

Hamı ən gərgin  və ağır döyüşlərin Füzulidə getməsindən məlumatlı idi, ona görə də Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkünsüz bir coşğu yaratdı. Ordumuz təmas xətti ilə bağlı erməni mifini dağıtmış, keçilməz deyilən istehkamları yara bilmiş, Füzuli əməliyyatını müvəffəqiyyətlə bitirərək, doğma yurdu düşmənin  pəncəsindən çəkib çıxarmağı bacarmışdı.

 

Müharibənin gedişində Füzuli döyüşən şəhər adını qazandı. Füzuli əməliyyatı hərbi kitablara tövsiyə olundu. Çünki burada əsl qəhrəmanlıq göstərildi. Burada Vətəni necə sevməyin, onun üçün necə mücadilə aparmağın, necə şəhid, necə qazi olmağın son dərəcə təsirli nümunəsi yaranmışdı.

 

Cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olan bu əməliyyat strateji əhəmiyyət daşıyırdı, o səbəbdən ki, Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrinin azadlıq yolunu açırdı. Müharibənin 21-ci günü Füzuli artıq azad idi və bu çətin azadlıq digər ərazilərin təmizlənməsinə əlverişli imkanlar yaratdı.  

 

Hadrutdan sonra Füzuli uğursuzluğu Ermənistan üçün faciə oldu. Düşmən bu faciənin qisasını Gəncə terroru ilə aldı. Beşinci, bu dəfə daha güclü raket zərbəsi ilə. Özü də pis vaxtda. Dinc insanlar yatmışkən, gecə saat ikidə. Gəncədə böyük dağıntı, insan fəlakəti meydana çıxdı. Məqsəd xalqda ruh düşkünlüyü yaratmaq, ölkə rəhbərini torpaqların azad olunmasından daşındırmaq idi. Doğrudur, baş verənlər xalqımızın ürəyində dərin yara açdı, fəqət düşməndən qorxu hissi yaratmadı. Gəncə dimdik dayandı. Dövlət rəhbərliyi heç bir emosional addıma getmədi, çılğın qərarlar vermədi, müharibəni ləyaqətlə davam etdirdi. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Bu məğrur duruş da, təmkin də, qələbə üçün dönməzlik də düşmənə verilən ən sərt cavab oldu.  

 

QISA  HAŞİYƏ

 

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon CəbrayılXocavəndAğcabədiBeyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir.

 

İŞĞAL TARİXÇƏSİ

 

Füzuli 23 avqust 1993-cü il tarixində işğal olundu. Ermənistan  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək insan müharibə əlili, 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü.

İşğala qədər rayon zəngin infrastruktur və tarixi-dini abidələrə malik bir ərazi idi. Burada 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub. Xüsusilə türbələrlə zəngin bir rayondan söhbət gedir. Rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbə, XIX əsrin Cəlil türbəsi belə abidələrdəndir.

 

Vətən müharibəsində Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız tablo son dərəcə acı idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı.  Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü “bayraq sancmağa heç bir yer tapmadıq”- deyərkən, Füzulinin acı mənzərəsini insanların təsəvvüründə aydın canlandıra bilmişdi. Sonralar ictimaiyyət nümayəndələrinin Füzuliyə təşkil olunan səfərlərində rayonun vəziyyətini təsvir edən fotolar, videolar son dərəcə məyusedici sübutlar oldu.  

 

Üstəlik, deməliyik ki, Füzuli minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada  yüz mindən çox mina basdırılıb. Bu fakt da bizi kədərləndirir, çünki Füzuli ilə bağlı iqtisadi inkişaf proqramının sürətini əngəlləyir.  

Amma sözsüz ki, o minalar torpaqlarımız altında daimi təhlükə kimi qalmayacaq. Dövlətimizin iqtisadi gücü bu şəhərə yeni gözəl sima, yeni tarixi əsərlər qazandıracaq.

 

Bəllidir ki, Azərbaycan hökumətinin azad olunmuş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib və bu proqramda Füzulinin  də adı var.  Füzuli Zəfərin ardından çevik başlayan quruculuq işlərində, əslində ilk sırada dayandı. Füzuli-Şuşa avtomobil yolunun – yəni, Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması buna misaldır. 2021-ci ildə isə Füzuli şəhərinin Baş planı təsdiqləndi; burada 180 çarpayılıq xəstəxananın bünövrə daşları atıldı. Füzuli-Hadrut, Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu.

2022-ci ildə Peşə Liseyinin təməli atıldı.

 

Sevindirici haldır ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı qısa zaman içərisində baş tutdu və müharibədə Azərbaycana mənəvi-siyasi dəstək verən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzulinin yeni inkişaf dövrünün ilk simvolu sayılan bu hava limanının açılışında da xalqımızın yanında oldu.   

 

Bu gün Füzulidə Ermənistanın ekoloji terrorunun yaraları sarınır. Burada böyük park salınıb və bu parkda əkilən fidanlar Füzulinin simasını gözəlləşdirmək, havasını təmizləmək üçün sürətlə böyüyür.     

 

Füzuli rayonunun yeni inkişaf dövrünü xarakterizə edən bütün bu işlərin uzun bir davamı var. Dövlətin iqtisadi potensialı, insanlarımızın yurd sevgisi Füzulini bizlərə ən gözəl insan məskəni kimi geri qazandıracaq. O gün uzaqda deyil!

 

V.ALLAHVERDİYEVA

 



17.10.2022 | 12:40