BSU ilə TKTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Slavyan Universiteti (BSU) ilə Elm və Təhsil Nazirliyinin  tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

İmzalanmadan öncə rektor Anar Nağıyev TKTA və BSU arasında əlaqələrin genişləndirilməsindən, nazirliyin  dəstəyi ilə həyata keçirilən “Rus dili üzrə “Xarici dil müəllimliyi" ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” layihəsindən söz açıb.

 

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova ali təhsil müəssisələrində akkreditasiya və keyfiyyətin təminatı ilə bağlı fikirlərini bölüşüb. O, BSU ilə əməkdaşlıqdan məmnunluq ifadə edib.

 

Görüşdə BSU-nun TKTA layihələrində iştirakı, həmçinin birgə layihələrin həyata keçirilməsi üçün digər əməkdaşlıq imkanları geniş müzakirə olunub.

 

Sonra tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

Müqaviləni rektor A.Nağıyev və TKTA-nın İdarə Heyətinin sədri Ü. Səttarova imzalayıb.

 

Müqavilədə Agentliyin BSU-da səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dəstək göstərməsi, universitetin yazılı sorğusu əsasında tərəflər arasında əlavə xidməti müqavilə ilə razılaşdırılacaq təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi, təhsilalanların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin inkişafına, təhsil proqramlarına dəstək göstərilməsi, təlim, müsahibə və başqa tədbirlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq kimi məsələlər nəzərdə tutulur.

 



17.10.2022 | 18:28