“Olimpiadalar dünya səviyyəsində tanınır”

Son illər ölkəmizin təhsil sahəsində aparılan islahatlar və onların mühüm keyfiyyət göstəriciləri, şagirdlərin istedad və bacarıqlarının erkən yaşlardan aşkar olunması, intellektual və yaradıcı potensialının stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki,  artıq neçə-neçə gəncimizin sorağı dünyanın nüfuzlu universitetlərindən gəlir.

 

Ölkəmizin gələcək elmi potensialının əsasını təşkil edən bu gənclərin təqdimatını davam etdiririk.  Onlardan biri də hazırda Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən olan  Koreya Qabaqcıl  Elmlər və Texnologiyalar İnstitutunun (KAIST) tələbəsi Toğrul Namiq oğlu Abbasovdur.

 

Tanıtım:2005- ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. VI  sinfə qədər 274 və 225 nömrəli məktəblərdə oxuyub. Daha sonra təhsilini VII  sinifdən Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində davam etdirib. Həmin liseyin məzunudur. Olimpiada karyerası boyunca beynəlxalq olimpiadalardan 4 qızıl, 6 gümüş, 4 bürünc olmaqla 14, respublika səviyyəli olimpiadalardan isə 3 qızıl və 1 gümüş medal qazanıb.

 

Toğrulun olimpiada tarixçəsi uğurlarla zəngindir. İstedadlı gənc iştirak etdiyi olimpiadalar və qazandığı  müvəffəqiyyətlər barədə özü məlumat verir:

- Respublika  fənn olimpiadalarından 2019- cu ildə gümüş, 2020, 2021 və 2022-ci illərdə qızıl medal qazanmışam. 2021 və 2022 -ci illərdə  “Birincilər birincisi”  olmuşam. Beynəlxalq olimpiadalardan ən prestijlisi sayılan İMO-dan (İnternational Mathematical Olympiad) gümüş və bürünc olmaqla 2 medal qazanmışam. Bundan əlavə, Balkan Riyaziyyat Olimpiadasından gümüş və bürünc (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından qızıl və gümüş (JBMO), Qafqaz Riyaziyyat Olimpiadasından 2 qızıl, daha bir neçə beynəlxalq olimpiadalardan medallar qazanmışam. İMO-dan qazandığım gümüş medalın mənim üçün dəyəri və önəmi çox böyükdür. Çünki bu gümüş medal ölkəmizə 11 ildən sonra gətirilən 9-cu gümüş medaldır. Və JBMO- dan 6 il sonra ölkəmizə 2-ci qızıl medalı qazandırmışam.

 

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz? 

-Olimpiadalar, ilk növbədə, şagidlərin dünyagörüşünü artırır. Beynəlxalq olimpiadalarda iştirak etdikdə müxtəlif  ölkələrin mədəniyyətləri ilə tanış oluruq. Başqa ölkələrdən olan iştirakçılarla müxtəlif mövzularda fikir mübadiləsi aparırıq. Bundan əlavə, riyaziyyat sahəsi üzrə dünya səviyyəsində tanınmış riyaziyyatçılarla görüşmək şansımız olur. Mənim üçün olimpiadaların həyatımda oynadığı ən böyük rol universitetə qəbul almağımdır. Çünki olimpiadalar dünya səviyyəsində tanınır və universitetlər olimpiada nəticəsi olan şagirdlərə daha çox üstünlük verir.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz?

- Bir neçə xarici universitetə sənəd göndərdim. Qəbul aldıqlarım arasından KAİST-i seçdim. Koreaynın ən nüfuzlu ali məktəblərindən olan KAİST  kompüter elmləri sahəsi üzrə ən yaxşı sıralardadır. Buna görə də  ali təhsilimi bu ali təhsil müəssisəsində davam etdirməyə qərar verdim. Bundan əlavə,  burada oxuyan, həmçinin məzun olmuş gənclərin KAİST haqqında məsləhətləri də Koreyaya gəlməyimdə əsas səbəb oldu.

 

-İxtisasınız barədə nə deyə bilərsiniz? Kompüter elmləri sizin üçün nə dərəcədə maraqlı sahədir?

- Hazırda KAİST-n “Kompüter və riyaziyyat” ixtisasında təhsil alıram.  Qeyd edim ki, kompüter elmləri sahəsində ixtisaslaşmış insanlara tələbat günü-gündən artır. Bu da kompüter elmləri sahəsini gələcəyin ən vacib sahələrindən biri edir. Kompüter elmlərinə olan marağım məncə, riyaziyyata olan marağıma görədir. Çünki bu sahədə də riyaziyyatın böyük rolu var. Məsələn, proqramlaşdırma dillərində olan alqoritmik suallar, əsasən riyazi yollarla həll olur. Bu cür riyazi yanaşmalar nəticəsində kompüter elmlərinə olan marağım daha da artdı.

 

-Artıq dərslər başlayıb. Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?

- Dərslər, əsasən oflayn şəkildə keçirilir. Amma bu, əsasən professorlardan asılıdır. Bəziləri onlayn dərslərə üstünlük verir. Burada, əsasən dərsdənkənar hazırlaşmaq üçün müəyyən kitablara diqqət ayrılır. Amma professorların öyrətmə tərzi dərsə daha çox təsir edir.

 

-KAİST dünyanın ən beynəlmiləl ali məktəblərindən biridir. Burada  əcnəbi tələbələrə münasibət necədir? 

- Bəli, xarici tələbələrin sayı çoxdur. Koreyada ingilis dilini çox az insan bilir. Buna görə də ölkədə xarici tələbələrin ünsiyyətdə problemləri yaranır. Amma bu, kampusun içində tamam fərqlidir. Burada çox insan ingiliscə danışır. Və xarici tələbələrə münasibət də yaxşıdır.

 

- Olimpiada qalibi kimi  dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz?

- Öz təcrübəmdən deyə bilərəm ki, olimpiadalarda uğur qazanmaq üçün, ilk növbədə, davamlı çalışmaq lazımdır. Çünki olimpiadalara hazırlıq prosesi uzundur. Bundan əlavə, nəticələrə görə ruhdan düşməmək əsasdır.

 

- Uğurlarınızın sirrini necə izah edərdiniz? Uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

 - Olimpiadalarda uğurlarımda müəllimlərin rolu danılmazdır. Məsələn,  müəllimlərimdən Şəmsi Səfərov, Cəfər Cəfərov, İsmət Ağayev, Nazim Kazımov, İlham Hüseynov  bizə bu yolda böyük dəstək olublar. Müəllimlərdən əlavə, bizdən yaşca  böyük olan olimpiadaçı şagirdlərin də köməyi böyük olub.

 

- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? 

- Azərbaycanda olimpiadalara,  əsasən 7- ci sinifdən başlanılır. Bu, xarici ölkələrə nisbətən daha gecdir. Mənim fikrimcə, olimpiadalara hazırlığa daha tez başlanılsa, nəticələr daha da yaxşı olar.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Hələ ki gələcək haqda danışmaq çətindir. Amma məqsədim KAİST-dən məzun olduqdan sonra magistr təhsili almaqdır.

 

Oruc MUSTAFAYEV

 



19.10.2022 | 10:02