Özbəkistanın ölkəmizdəki səfiri AzMİU-da olub

Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və rektor, professor Gülçöhrə Məmmədova ilə görüşüb.

 

Görüşdə Özbəkistanın Azərbaycandakı səfirliyinin üçüncü katibi Otabek Ramazanov, AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov iştirak edib.

 

Rektor G.Məmmədova xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri və bu səfər zamanı əldə olunan razılaşmalarla ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən rektor AzMİU və Özbəkistan universitetlərinin mövcud əlaqələrindən danışıb. Qeyd edib ki, AzMİU ilə Daşkənd Memarlıq Universiteti, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşıb.

 

Səfir Bahrom Aşrafxanov AzMİU ilə bağlı təəssüratlarının yüksək olduğunu və Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əlaqələrin qurulması, inkişaf etdirilməsi üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

 

Görüşdə universitetlər arasında əlaqələrin perspektivləri, beynəlxalq layihələrdə birgə iştirak, elm, tədris və tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları haqqında geniş müzakirələr aparılıb.

 

Daha sonra rektor G.Məmmədova səfir Bahrom Aşrafxanovu AzMİU-nun Memarlıq fakültəsi ilə tanış edib. Səfir fakültənin tədris auditoriyaları və laboratoriyaları, sərgi salonu ilə tanış olub, tələbələrin əl işlərinə baxıb.

 



19.10.2022 | 11:06