20 Oktyabr - Energetiklər Gününə həsr edilən tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup kollektiv üzvü “Azərbaycan İES” MMC-də  20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbirdə iştirak edib.

 

Tədbirdə əvvəlcə,  “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin energetiklərin peşə bayramı münasibətilə təbrik məktubu səsləndirilib. Sonra “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov,  MDU-nun rektoru Şahin Bayramov,  “Mingəçevir SES Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev və baş mühəndisi Yusif Əzizov, Mingəçevir REŞ MMC-nin baş mühəndisi Rövşən Mustafayev çıxış ediblər.  Çıxışlarda Azərbaycanda energetikanın keçdiyi inkişaf yolu, bu sahəyə dövlətin diqqət və qayğısı, əldə edilən uğurlar, gələcək hədəflər, energetika təhsilinin mövcud vəziyyəti və perspektivlərindən bəhs olunub.

 

Tədbirdə rektor Ş.Bayramov energetika sahəsində mütəxəssislərin yetişdirilməsində peşəkar və səmərəli fəaliyyətinə, eləcə də "Azərbaycan İES" MMC ilə sıx əməkdaşlığına görə Təşəkkürnamə ilə təltif olunub.

 

Göstərilən diqqətə görə “Azərbaycan İES” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirən Ş.Bayramov MDU məzunlarının energetika müəssisələrində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.

 

Vətən müharibəsi dövründə Mingəçevir şəhərində yerləşən enerji müəssisələrinə yönələn erməni təxribatından bəhs edən rektor hazırda doğma Qarabağımızda aparılan kompleks quruculuq işlərində energetiklərin ön sıralarda getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonaları konsepsiyasının tətbiqindən danışan Ş.Bayramov bu istiqamətdə atılan addımların ölkəmizin energetika potensialının gücləndirilməsində əhəmiyyətli rol oynayacağını bildirib.

 

Tədbirin sonunda  əmək fəaliyyətində fərqlənən energetiklərə təşəkkürnamələr təqdim olunub.

 



20.10.2022 | 16:29