ABŞ-ın Corc Vaşinqton Universitetinin müəllimi ADPU-da seminar keçib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ikili diplom proqramı üzrə əməkdaşlıq edilən ABŞ-ın Corc Vaşinqton Universitetinin (CVU) müəllimi dr. Maria Cseh “Təşkilati inkişaf” mövzusunda seminar keçib.

 

Qonağı əməkdaşlara təqdim edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ikili diplom proqramı çərçivəsində CVU-nun akademik potensialından daha faydalı istifadə etmək üçün proqram müəllimləri ilə ADPU əməkdaşlarının bu tip müntəzəm görüşlərinin təşkili nəzərdə tutulub.

 

“Təşkilati inkişaf və dəyişikliklər” mövzusunda təqdimat edən dr. M.Cseh qeyd edib ki, dəyişikliklər adətən, narahatedicidir:”Lakin bu, bizim üçün inkişaf səbəbidir. Bununla belə, inkişaf və dəyişikliyin fərqini ayırd etmək lazımdır. İnkişafda dayanıqlılıq və davamlılıq önəmlidir”.

 

Spiker qeyd edib ki, təşkilatda planlı dəyişiklik etmək üçün dörd ardıcıl mərhələ icra olunmalıdır: başlamaq və hüquqi əsas; diaqnostika; planlama  və tətbiq; qiymətləndirmə və möhkəmləndirmə.

 

Təqdimatda qeyd olunub ki, eyni zamanda əməkdaşların təşkilatların inkişafı üçün qərarvermədə iştirak etmək trendi son zaman aktualdır və bu, düzgün idarə olunarkən faydalı prosesdir. Burada prosesə liderlik etməyin də önəmi ortaya çıxır  və bu baxımdan liderlərin hazırlanması, dünyagörüşü olduqca vacib məsələdir.

 

 

 



21.10.2022 | 17:38