“İstedadlı Tələbələrin Təhsil Qrantı” layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İstedadlı Tələbələrin Təhsil Qrantı” layihəsinin təqdimat mərasimi keçirilib.

 

ADNSU-dan bildirilib ki, universitetin müəllim və tələbələrinin qatıldığı tədbirdə  Azərbaycan Gənclər Fondunun əməkdaşı Emil Yusifov çıxış edərək müsabiqə haqqında tələbələrə geniş məlumat verib. Gənclər Fondunun sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan etdiyi söylənilib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.

 

Görüş zamanı tələbələrin diqqətinə çatdırılıb ki, qrant layihəsində sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Ali təhsil və orta təhsil müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələr yararlana biləcəklər.

 

Sonda müsabiqə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



24.10.2022 | 10:29