İraqın Azərbaycandakı konsulu ADU-da

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İraqın ölkəmizdəki konsulu - mədəniyyət işləri üzrə məsul şəxs Hudayfa Zead Mahmudla görüşüb. 

 

Konsulu rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor ADU-da ərəb dili dərslərinin uğurla keçirildiyini bildirib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi mövcuddur, həmin mərkəzlər öz ölkələrinin dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır. 

 

K.Abdulla daha sonra qonağı “Səfir saatı” layihəsində iştirak üçün tələbələrlə görüşə dəvət edib, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılacağına ümidvar olduğunu diqqətə çatdırıb. 

 

Diplomat Hudayfa Zead Mahmud öz fəaliyyəti barədə məlumat verib. Azərbaycan və İraq arasında  diplomatik əlaqələrdən danışarkən hər iki ölkənin əlaqələrinin tarixən qədim, etnik və mədəniyyət cəhətdən yaxın olduğunu bildirib.

 

O, İraq və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, universitetlərin hərtərəfli tanınması yönündə addımların atılacağını qeyd edib.

 

Görüş zamanı beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova ADU-nun beynəlxalq əlaqələri, tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova isə əcnəbi tələbələrin universitetə cəlb olunması, fakültə və bölmələrlə bağlı qonağa məlumat veriblər.

 

 



25.10.2022 | 14:51