“Rəqəmsal bacarıqlar”

Hazırda alqoritmik düşüncəyə, rəqəmsal səriştələrə malik, İKT  bacarıqları yüksək səviyyədə olan yeni nəsil formalaşmaqdadır ki, bu da Azərbaycan təhsilinin son illərdəki uğurlarından biri sayıla bilər. XXI əsrin əsas bacarıqlarını özündə ehtiva edən, daha çevik, praqmatik,  müasir dövrün çağırışlarına cavab verə biləcək, rəqəmsal texnologiyalara  yiyələnmiş gənclərimizin olması şübhəsiz ki, ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanının  yaradılmasına öz töhfəsini verəcəkdir.  Məntiqi təfəkkürü yüksək səviyyədə olan gənclərin İKT bacarıqlarının təməli  isə məhz orta məktəblərdə qoyulur  və sonradan ali təhsil dövründə daha da inkişaf edir, təkmilləşir.

 

Oktyabrın 25-də  Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbirdə də  məhz  ötən müddət ərzində  rəqəmsallaşma, proqramlaşdırma, İKT bilikləri sahəsində görülmüş işlər, əldə  olunan nəticələr diqqətə çatdırıldı.

 

5 ilin hesabatında

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin baş direktoru Andrey Lobanov, “Alqoritmika” Beynəlxalq Riyaziyyat və İnformatika  Məktəbinin Layihə Departamentinin müdiri Anna Burda, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri Ceyhun Məmmədov, Etibar Əliyev, iqtisadiyyat nazirinin müşaviri Rauf  Nəcəfli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, informasiya texnologiyaları ixtisasının tədris edildiyi ali təhsil müəssisələrinin rektor və pedaqoji heyəti, məktəb direktorları, müəllimlər, şagirdlər iştirak edirdilər.

 

Mərasimdə öncə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni səsləndirildi.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Yüksək nəticə göstərmiş  yeniyetmələr daha çox texniki  ixtisasları seçirlər

 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son dövrdə təhsil sahəsində innovativ texnologiyaların istifadəsi, bu istiqamətdə müəllimlərin bacarıqlarının artırılması, həmçinin sözügedən sahənin inkişafı üzrə keçirilən təhsil layihələrində əldə olunan uğurlardan danışdı. Nazir qeyd etdi ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə imkan verir, təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. “Rəqəmsal bacarıqlar” layihəsinin məqsəd və məramından söz açan elm və təhsil naziri onun ümumtəhsil məktəblərində siniflər üzrə mərhələli şəkildə həyata keçirildiyini diqqətə çatdırdı: “Bu, həqiqətən  də Azərbaycanın təhsil sistemi üçün  özünəməxsus bir layihədir. Belə ki, layihənin əsas məqsədi  Azərbaycanın təhsil sistemində tətbiq olunan  məzmunun yenilənməsi və innovativləşməsidir. Eyni zamanda, biz layihənin gerçəkləşməsində əməyi olan həmkarlarımızla, komanda ilə  birlikdə artıq X-XI  sinifləri əhatə edən məhz proqramlaşdırma  və proqramçı kimi yetişmək istəyən  təmayül siniflərin də məzmununu ayrıca olaraq hazırlamışıq. İnanıram ki, bu da özü-özlüyündə kifayət qədər  maraqlı  bir nəticələr verəcək”. Qısa bir müddət ərzində layihənin həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsinə, uğurlu nəticələr əldə olunmasına diqqət çəkən nazir Azərbaycanın ümumtəhsil məktəblərində informatika fənnini  ibtidai təhsil səviyyəsindən tətbiq edən  ilk ölkələrdən biri olduğunu söylədi.

 

Nazir son illər şagirdlərimizin informatika fənninə marağının artmasını təqdirəlayiq hal kimi dəyərləndirərək   yeniyetmələrimizin beynəlxalq informatika  olimpiadalarında  medallar qazanmalarını məmnunluq hissi  ilə qeyd etdi: “Uzun fasilədən sonra son illər olimpiadalarda informatika fənnindən medallarımız var və bu da təhsil sistemində  proqramlaşdırma, rəqəmsal bacarıqlar, informatika yönlü tədrisin keyfiyyətinin daha da artdığını göstərir. Başqa bir müsbət  amilin  yeniyetmələrimizin istər buraxılış, istərsə də  ali məktəblərə qəbul imtahanlarında  texnikiyönümlü fənlərdən yüksək nəticələr göstərməsi, peşə seçərkən əsasən  texnoloji ixtisaslara  meyil etməsidir ki,  bu da çox sevindirici bir nəticədir. Builki qəbul planında  yüksək balla çoxlu sayda savadlı, bacarıqlı gənclərimizin məhz mühəndislik, İT, riyaziyyat,  tətbiqi riyaziyyat, bütövlükdə  texnikiyönümlü ixtisasları seçmələrinin şahidi olduq. Bu, təbii ki, bizi sevindirir”.

 

Layihənin uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən nazir  “Rəqəmsal bacarıqlar”ın icra komandasını, layihəyə qoşulan  Azərbaycanın  müəllim və şagirdlərini, bütövlükdə  geniş təhsil ictimaiyyətini kiçik yubiley münasibəti ilə təbrik etdi, uğurlar arzuladı.

 

Sonra “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunan    hesabat filmi nümayiş olundu.

 

Layihə 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir

 

“Rəqəmsal bacarıqlar” layihəsinin  rəhbəri Nilufər Rəhimova layihənin fəaliyyətinə dair geniş təqdimatla çıxış etdi. Qeyd olundu ki, layihə  Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin əməkdaşlığı çərçivəsində  5 ildir ki, həyata keçirilir. Layihənin məqsədi məktəblilərə alqoritmik və məntiqi təfəkkürü, layihə hazırlama bacarıqlarını və proqramlaşdırmanın əsaslarını öyrətmək, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunmasını, şagirdlərin məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Layihə rəhbəri  bir sıra statistik rəqəmləri diqqətə çatdırdı: “2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinə start verildi və mərhələli şəkildə tətbiqinə başlanıldı. Həmin tədris ilində adıçəkilən layihəyə Bakı şəhərindəki 45 məktəbdən 5-ci sinif üzrə 6500 şagird, 2018-2019-cu tədris ilində ölkə üzrə V-VI siniflər olmaqla 73 məktəbdən 26 min şagird cəlb edildi. Növbəti tədris ilində layihə artıq 122 məktəb üzrə 70 min şagirdi, 2020-2021-ci tədris ilində 9 region üzrə 222 məktəbi, 120 min şagirdi, 2021-2022-ci tədris ilində  layihənin 5-ci tədris ilində isə 16 region üzrə 250 məktəb və 190 min  şagirdi əhatə etmişdir. Hazırda 2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi mövcud məktəblərdə siniflərin sayının artırılması, eyni zamanda yeni şəhər və rayonlar üzrə qoşulmuş məktəblər nəzərə alınmaqla 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir”.

 

Qeyd olundu ki, ibtidai siniflərdə fərdi kompüterdə iş, “Scratch” proqramlaşdırma dili üzrə əsasların öyrədilməsi həyata keçirilir. Şagirdlərə məntiqi tapşırıqların həll edilməsi, alqoritmik strukturlarla tanışlıq, “Scratch”-də kiçik layihələrin yaradılması və digər mövzular təqdim olunur.

 

Orta sinif şagirdləri üçün informasiyanın kodlaşdırılmasının əsasları, “Python”-un köməyi ilə modellərin, proqram və layihələrin yaradılması və s. işlər həyata keçirilir. 

 

Yuxarı sinif şagirdlərinə  “Python” dilində proqramlaşdırmanın əsasları öyrədilir. 2021-2022-ci tədris ilindən “Rəqəmsal Bacarıqlar”  təmayül siniflər (X-XI) yaradılmışdır. Təmayül siniflərə qəbul mərkəzləşdirilmiş qaydada imtahan vasitəsilə aparılmışdır. Ötən tədris ili pilot 11 məktəbdə 300-dən çox şagird təkmilləşdirilmiş proqram üzrə informatika təmayüllü tədrisə cəlb olunmuşdusa, bu rəqəm 2022-2023-cü tədris ilindən 20 məktəbdə 720 şagirdə çatmışdır.

 

N.Rəhimova onu da əlavə etdi ki, “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi ilə proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına nail olunur. Proqramlaşdırmanın tədrisi şagirdlərə gələcəkdə lazım olacaq 11 bacarıqdan 8-ni inkişaf etdirməyə imkan verir.

 

Layihənin üstünlüklərindən söz açan çıxışçı  platformanın köməyi ilə şagirdlərin texnologiyalardan yenilik yaradan bir alət kimi istifadə etməyi öyrəndiyini, onlarda tənqidi düşüncə tərzinin, yaradıcı yanaşma, komandada işləmək, liderlik və digər bacarıqların formalaşmasına nail olunduğunu qeyd etdi: “Gələcəyin rəqəmsal peşələrinin inkişafı istiqamətində növbəti addım isə Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələrinin  İT üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı “Alqoritmika” tədris proqramlarının həyata keçirilməsidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır. İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsi məqsədilə “İT Akademiya” yaradılmışdır”.

 

Layihə rəhbəri proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılmasının  həmin sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını yüksəldəcəyini bildirdi. Elə məhz bu baxımdan inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurətinin ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

 

Azərbaycan  bu sahə üzrə aparıcı ölkələrdən birinə çevrilib

 

Tədbirdə  iştirak edən “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin baş direktoru Andrey Lobanov çıxış edərək dünyada təhsil sahəsində aparılan yeniliklərdən söz açdı. Texnologiyanın   həyatımızdakı rolu və yeri haqqında danışan Andrey Lobanov yaşadığımız dövrü informasiya-kommunikasiya texnologiyalarsız  təsəvvür etməyin qeyri-mümkün oduğunu deyib: “Mənim üçün rəqəmsal texnologiya, İT, proqramlaşdırma dünyanı tanınmayacaq dərəcədə dəyişdirə biləcək vasitələrdir. Son 20 ildə dünyanın necə dəyişdiyinə diqqət yetirin. Ünsiyyət vasitələri müasir texnologiyalar vasitəsilə  daha rahat olub. Bizim evdən çıxmadan belə müxtəlif  ölkələrdə yaşayan  insanlarla, peşə sahibləri  ilə intetnet üzərindən əməkdaşlıq əlaqələri qura bilməyimiz  daha əlçatan olub. Sənədləşmə işlərimiz  belə artıq elektronlaşıb”.

 

Bu texnologiyaları 5 ildir ki, Azərbaycanda uşaqlara tədris etməkdən məmnunluğunu ifadə edən A.Lobanov “Rəqəmsal bacarıqlar”  layihəsinin  300 min şagirdi  əhatə etdiyini bildirdi: “Bu, daha rahat bir həyat deməkdir. Əgər uşaq İT  sahəsi üzrə mükəmməl biliyə  malikdirsə  artıq gələcəkdə bu sahə üzrə  daha maraqlı bir iş tapacağını bilir. Proqramçı peşəsi hazırda ən yüksək maaşlı bir sahə kimi tanınır və əməkhaqqı  daha da artmaqdadır. Çoxlu sayda yeniyetmə və gəncin bu sahəyə maraq göstərməsi isə ölkənizin  daha tez rəqəmsallaşmaya keçidini sürətləndirəcək”.

 

Layihənin dünyanın 80  ölkəsində həyata keçirildiyini deyən Andrey Lobanov  ümumtəhsil məktəblərimizdə   şagirdlərin rəqəmsal bacarıqlara yiyələnməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirərək  artıq Azərbaycanın  bu sahə üzrə aparıcı ölkələrdən birinə çevrildiyini bildirdi.

 

Uğurlu nəticələrdə əməyi olanlar

 

Hər bir görülən işin arxasında gərgin zəhmət və peşəkarlıq durur. “Rəqəmsal bacarıqlar” ın ötən beş il ərzində əldə etdiyi müsbət nəticələri də məhz peşəkar komanda və layihənin həyata keçirilməsinə öz dəstəyini verən təhsil işçilərinin əməyinin bəhrəsidir.

 

Elə tədbir   iştirakçıları tərəfindən alqışlarla qarşılanan “Uşaq Avroviziyası-2021”in ölkə təmsilçisi  Sona Əzizovanın   ifa etdiyi “ Şuşam mənim” mahnısından sonra layihənin 18 ən yaxşı müəlliminə, layihə heyətinin 3 əməkdaşına “Təşəkkürnamə” nin təqdim edilməsi də 5 illik fəaliyyətin uğuru hesab edilə bilər.

 

Samirə KƏRİMOVA



28.10.2022 | 09:35