İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində (NDU) “İrəvan Müəllimlər Seminariyasi- 140” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransdan əvvəl universitet Elmi Kitabxanasının “İrəvan Müəllimlər Seminariyası-140” adlı sərgisi nümayiş olunub. Sərgidə Azərbaycan pedaqoji fikir tarixində özünəməxsus yer tutan, pedaqogikaya dair yazılan elmi nəşrlər yer alıb. Ali təhsil ocağının Pedaqoji fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu cür konfransların keçirilməsinin əsas məqsədi qədim tarixə, zəngin mədəniyyətə və əbədi irsə malik olan İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının yaranmasını, onun Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yolu tədqiq etmək, həmin dövr ziyalıların fəaliyyətini araşdırmaq, Seminariyanın üzləşdiyi problemləri kompleks şəkildə öyrənməkdir.   

 

Konfransa onlayn qatılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika elmləri doktoru Rüfət Hüseynzadə “İrəvan maarifçilik mühiti tarixinə bir nəzər” adlı çıxışında qeyd edib ki, tarixi, siyasi, pedaqoji əhəmiyyət kəsb edən İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə İrəvan Kişi  Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və 1884-cü ildə yaranmış İrəvan qız  progimnaziyası adlı kadr hazırlayan üç böyük tədris müəssisəsi adı altında yaranaraq fəaliyyət göstərib. İrəvan Müəllimlər Seminariyasının tarixinə nəzər salan professor burada fəaliyyət göstərən ziyalıların adlarını sadalayıb. Bildirilib ki, Seminariyada dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub. O, Seminariya açılan gündən etibarən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs deyib.

 

“Erməni dövlətinin yaradılmasının böyük güclərin geosiyasi planlarında yeri: tarix və reallıqlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev bildirib ki, 1828-ci ildə I Nikolayın fərmanı ilə Azərbaycan İrəvan və Naxçıvan xanlıqları ləğv edilib və bu xanlıqların ərazisində qondarma “Erməni vilayəti” yaradılıb. Bununla da Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atılıb. Məruzəçi tarixi dövrə nəzər salıb, müasir dövrün reallıqlarına diqqət çəkib.

 

NDU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev “İrəvan mühiti və Firudin bəy Köçərli” mövzusundakı çıxışında qeyd edib ki, görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu Seminariya ilə bağlı olub. Vurğulanıb ki, 1881-ci ildə yaranan və 37 il davam edən İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən olan  Firudin bəy Köçərli burada 10 il dərs deyib və geniş mədəni-maarif işləri aparıb. 

 

“İrəvanda Azərbaycan ədəbi mühiti” mövzusu ilə konfransa onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev Azərbaycan ədəbi mühitində özünəməxsus xidmətlər göstərən İrəvan ədəbi məktəbi haqda məlumat verib. İrəvanda Azərbaycan məktəbinin tarixinin 1930-cu ildən başladığını söyləyib.

 

Konfrans digər məruzəçilərin çıxışları ilə davam edib.

 

 



29.10.2022 | 10:40