“Hədəfim KAIST-də yüksək səviyyəli bilik və təcrübə qazanmaqdır”

Ölkəmizdə şagirdlərimizin respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında geniş iştirakının təşkil və təmin olunması öz bəhrələrini verməkdədir.  Son illərdə müxtəlif  bilik müsabiqələri və olimpiadalarda iştirak edən, müvafiq mükafalar qazanan şagirdlərimizin sorağı dünyanın bir sıra nüfuzlu universitetlərindən gəlir.  Onlardan biri də Hüseyn İsmayılovdur.

 

Tanıtım: 2005-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2011-2015-ci illərdə 9 nömrəli tam orta məktəbdə, 2015-2019-cu illərdə Texniki-Humanitar Liseydə, 2019-2022-ci illərdə akademik Zərifə Əliyeva adına liseydə alıb.  2021 və 2022 -ci illərdə riyaziyyat üzrə Respublika fənn olimpiadalarında iştirak edib. 2021-ci ildə riyaziyyat üzrə gümüş medal qazanıb. Beynəlxalq olimpiadalar arasında isə Beynəlxalq Jautikov Olimpiadasının  (IZHO 2022)  iştirakçısı olub.  Olimpiada qalibi kimi Hüseyn İsmayılov dünyanın ən yaxşı universitetlərindən olan Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan  (KAIST) qəbul alıb. Hazırda adıçəkilən ali təhsil müəssisəsində Kompüter elmləri ixtisasında təhsil alır.

 

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz? 

- Mənim üçün beynəlxalq olimpiadalar zehni qabiliyyətimi beynəlxalq səviyyədə göstərmək üçün bir vasitədir. Təəssüf ki, onların bir çoxunda iştirak edə bilməsəm də, əvəzsiz təcrübə qazandım.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir? 

- Koreyada təhsil almaq imkanını orada oxuyan dostlarımın köməyi ilə öyrəndim. Çox şadam ki, belə bir fürsətim var, çünki gələcəkdə öz peşəmlə bağlı layiqli iş tapıb dövlətimə faydalı ola bilməyi arzulayıram.

 

- Kompüter elmləri sizin üçün nə dərəcədə maraqlı sahədir?

-Uşaqlıqdan kompüter elmlərini, informatikanı öyrənmək arzusunda idim. Bu peşəyə marağım indiyə qədər azalmayıb və bu sahədə inkişaf etmək istəyirəm.

 

-Seçdiyiniz ixtisas ölkəmiz üçün nə dərəcədə prioritet və perspektiv sahədir? 

- Hər bir inkişaf etmiş ölkə informatikanın inkişafına böyük sərmayələr ayırır, o cümlədən Azərbaycan.  Həmçinin ölkəmiz bu sahədə mütəxəssislər axtarır, ona görə də məqsədim bu sahədə mümkün qədər hərtərəfli inkişaf etməkdir.

 

- Universitetdə dərslər daha çox hansı formatda keçilir?   

- Mən həmişə canlı oxumağa üstünlük verirəm, çünki müəllimlə canlı ünsiyyət distant öyrənməkdən daha çox fayda verir. Universitet həm də canlı təhsil almağa üstünlük verir,  lakin fövqəladə hallarda distant rejimə keçməyə həmişə hazırdır.

 

- KAİST-də əcnəbi tələbələrə münasibət necədir? Universitetdə ən çox diqqətinizi nələr çəkdi? 

- Burada bizə, əcnəbilərə böyük hörmətlə yanaşılır və çətin anlarda bizə kömək etməyə həmişə hazırdılar. Diqqətimi o cəlb etdi ki, universitet tələbələrin ac qalmamasına böyük diqqət yetirir. Universitetin daxilində və xaricində beynəlxalq mətbəx olan yerlər çoxdur.

 

-  Olimpiada qalibi kimi  dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz?

- Əlbəttə ki,  uğurlarıma görə əsasən,  müəllimlərimə minnətdar olmalıyam, çünki onların sayəsində indi əldə etdiyim hər şeyə nail ola bildim.

 

-  Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? 

- Məncə, bilik müsabiqələri və olimpiadalara hazırlıq 6-7-ci siniflərdən başlanmalıdır, çünki o vaxta qədər şagirdlər hansı fənnə daha çox maraq göstərdiyini artıq başa düşməlidir.  Şagirdlərə məsləhət görərdim ki, seçdikləri fənnə çox önəm versinlər və mümkün qədər özlərini, bilik səviyyələrini  inkişaf etdirməyə çalışsınlar.

 

-Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Gələcəkdə özünüzü harada görürsünüz? 

- Şübhəsiz ki, hazırda ən böyük hədəfim  KAIST-də  yüksək səviyyəli bilik və təcrübələr qazanmaqdır.  Gələcəkdə isə proqramçı olmağı və öz ixtisasım üzrə işləməyi, ən əsası, Azərbaycanın inkişafına ən yüksək töhfəmi verməyi planlaşdırıram.

 

Oruc MUSTAFAYEV

 



31.10.2022 | 10:07