"Gələcəyin ən yaxşı müəllimi" müsabiqəsinə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə tələbələr arasında "Gələcəyin ən yaxşı müəllimi" müsabiqəsinə start verilib.

 

Layihə çərçivəsində universitetin fakültələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasından seçilən namizədlər açıq dərs formatında interaktiv təlim üsulları ilə dərslər keçirlər. Hər bir fakültədə metodist alimlərdən ibarət münsiflər heyəti dərsləri müşahidə edərək qiymətləndirir.

 

Layihənin məqsədi tələbələrin pedaqoji təcrübə və müəllimlik fəaliyyətinə başlamalarına, bilik və bacarıqlarla yanaşı, məzmunu çatdırmaq, effektiv qarşılıqlı ünsiyyət və auditoriyanı idarə etmək keyfiyyətlərinin inkişafına dəstək verməkdir.

 

Layihənin ilk mərhələsi ADPU-nun Tarix və coğrafiya fakültəsində keçirilib. Əvvəlcə fakültə dekanı, dosent Asif Axundov və ADPU TKİB sədri Nərgiz Quluzadə çıxış edərək layihənin əhəmiyyətindən söz açıb.

 

Fakültədə layihəyə müraciət edənlər arasından seçim mərhələsini uğurla keçmiş 6 tələbə hazırladığı açıq dərs təqdimatlarını nümayiş etdirib  və dərslər professor-müəllim heyəti tərəfindən qiymətləndirilib.

 

Layihədə fakültə üzrə ən çox bal toplayan tələbə Limunət Cəfərova diplomla mükafatlandırılıb.

 



31.10.2022 | 15:09