BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti əməkdaşlığa başlayıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İsrailin Yerusəlim İbrani Universitetinin vitse-prezidenti Oron Şaqririn rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Rektor Azərbaycanın ən böyük və qədim universiteti olan BDU-nun fəaliyyəti, strukturu, burada elm və tədris prosesi barədə qonaqlara məlumat verib. Qeyd edib ki, BDU-da elmin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Universitetin 16 fakültəsi, 25 minə yaxın tələbəsi, 2 elmi-tədqiqat institutu, bir filialı, kolleci və liseyi var. Son illər ali məktəbdə ən müasir tələbələrə cavab verən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir laboratoriyalar yaradılıb. E.Babayev BDU-nun beynəlxalq əlaqələrinin də genişləndiyini, dünyanın tanınmış universitetləri ilə ikili diplom və mübadilə proqramlarının həyata keçirildiyini qeyd edib. O, İsrailin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafının BDU-nun beynəlxalq əlaqələrində əsas prioritetlərdən olduğunu vurğulayıb.

 

Yerusəlim İbrani Universitetinin vitse-prezidenti Oron Şaqrir isə qeyd edib ki, təmsil etdiyi universitetdə 90 ölkədən 23000 tələbə təhsil alır. “QS World University Rankings” beynəlxalq reytinqində 222-ci yerdə qərarlaşan universitet əsasən biologiya, biotexnologiya, aqrar sahə, aqrar texnologiyalar üzrə kadr hazırlığı həyata keçirir.

 

Daha sonra BDU ilə Yerusəlim İbrani Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Yerusəlim İbrani Universitetinin vitse-prezidenti Oron Şaqrir imzalayıb.

 

Memoranduma əsasən, biotexnologiya ixtisası üzrə bakalavr, magistr və doktorantura səviyyələrində tədris prosesinə hər iki universitetdən professorlar cəlb olunacaq. BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramlarının həyata keçirilməsi, ortaq elmi tədqiqatların aparılması, birgə seminar, konfrans, sərgi və simpoziumların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

 

 



31.10.2022 | 20:00