Rektor: “Siz yüz illik inşaat mühəndisliyi təhsili ənənəsi olan fakültənin tələbələrisiniz”

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova yüz illik təhsil ənənəsini özündə əks etdirən İnşaat fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşüb. Görüşdə prorektorlar, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyətinin üzvləri və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.

 

Rektor G.Məmmədova əvvəlcə I kurs tələbələrini universitetə qəbul olmaları münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb.

 

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq davam edən rektor gəncləri hər şeydən öncə vətənpərvər olmağa, şəhidlərimizin canı bahasına qoruduğu müstəqilliyimizi bilik və savadları ilə möhkəmləndirməyə çağırıb. 

 

Professor G.Məmmədova daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarixinə nəzər salaraq universitetin 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və bu günə qədər minlərlə mütəxəssis hazırladığını tələbələrin diqqətinə çatdırıb.
       

AzMİU-nun dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrindən, ikili diplom layihələrindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə universitetdə yaradılan şəraitdən danışan rektor tələbələri təhsillə yanaşı, ictimai işlərdə də aktiv olmağa çağırıb.

 

Sonra AzMİU-nun prorektorları, professor Akif Qasımov və Orxan Naqdiyev çıxış edərək universitetdə tədrisin təşkili və şəfaf imtahan sistemi, nizam-intizam qaydaları və sosial məsələlərlə bağlı ətraflı məlumat veriblər. 

 

Sonda tələbələrin sualları cavablandırılıb.
 



02.11.2022 | 11:18