Professor Martin Rainer BDU-da mühazirə deyib

Türkiyənin Orta Doğu Texniki Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin professoru, kosmologiya sahəsində tanınmış alim Martin Rainer Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin professor-müəllim və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib.

 

Martin Rainer “Dolaşıq konform zərrəcik domenlərindən Dirac-Milne kainatına doğru” (“From entangled conformal particle domain to a Dirac-Milne universe”) adlı mühazirədə kosmologiyanın bir sıra aktual məsələlərinə toxunub.

 

Alim, ilk növbədə asılı olmayan dəyişənlərdən ibarət sistemlərdə səbəbiyyət mexanizmini izah etmək üçün konseptual modellərdən bəhs edib. O, dinləyicilərə Minkovski dörd ölçülü fəza – zaman, işıq konusu və ikili konuslar fəzaları barədə məlumat verib. Belə sistemlərdə elementar zərrəcikləri təsvir edərkən kvant mexanikası qarşısında yaranan problemləri vurğulayıb.

 

Martin Rainer daha sonra “kvant dolaşıqlığı” barədə danışıb. Bildirib ki, Alain Aspect, John Clauser, Anton Zeilinger foton cütündə kvant dolaşıqlığını təsdiq edən eksperimentlərin nəticələrinə görə 2022-ci ildə Nobel mükafatına layıq görülüblər. “Quantum entanglement”, yəni, kvant dolaşıqlı hadisəsinin mahiyyəti odur ki, iki və daha çox hissəcikdən ibarət sistemdə zərrəciklərdən birinin kvant halının dəyişməsi digər zərrəciyə ani olaraq təsir edir. Bu konseptdən çıxış edərək maddə, anti-maddə sisteminin, yəni kainatın bir sıra məsələlərini Dirac-Milne modeli çərçivəsində izah etmək mümkündür. Bu model anti-maddənin mənfi qravitasiya kütləsinə malik olduğunu göstərir, maddə-anti-maddə qarşılıqlı təsirinin təbiətini isə itələmə xarakterli təsvir edir. Beləliklə, “quantum entanglement” anlayışı çərçivəsində anti-maddə və maddənin bir-birindən ayrılıqda öyrənilməsi mümkün hesab edilir. Kosmoloji baxımdan bu model standart ΛCDM modelindən fərqli olaraq kainatı kosmoloji sabitsiz (“qaranlıq (gizli) enerjisiz”) və itələyici anti-maddəsiz (“qaranlıq (gizli) maddə”siz) təsvir etməyə imkan verir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, model çərçivəsində kainatın yaşını onun genişlənməsi faktını nəzərə almaqla əvvəlki modellərə nəzərən daha dəqiq hesablamaq mümkündür.

 

Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 



03.11.2022 | 10:12